Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Astanada keçirilən Zirvə toplantısında iştirak etməsi və bu çərçivədə keçirdiyi görüşlər gündəmin əsas mövzuzu olaraq diqqətlə izlənir. ŞƏT sammitinin əhəmiyəti, Azərbaycan dövlət başçısının keçirdiyi görüşlər və müzakirə olunan məsələlərlə bağlı suallarımızı siyasi şərhçi Aydın Quliyev cavablandırır.
- Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, sözsüz ki, dünya hadisəsidir. Söhbət dünya əhalisinin, təxminən, yarısını və dünyanın ümumdaxili məhsulunun, az qala, yarıdan çoxunu birləşdirən ölkələrin Zirvəsindən gedir. Şübhə etmirəm, dünyanın bütün ölkələrində Şanxay Əməkdaşlıq Təşkilatının qəbul edəcəyi qərarları izləyirlər. Təbii ki, Azərbaycan Prezidentinin bu Zirvəyə ikinci dəfə qonaq qismində dəvət olunması əhəmiyyətli hadisədir. Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Azərbaycansız bu qurumun perspektivini o qədər də güclü görmürlər. Azərbaycan Prezidentinin ŞƏT sammitinə dəvət olunması Azərbaycan–ŞƏT əməkdaşlığının gələcək perspektivlərinin böyük olmasından xəbər verir. Bu onun ifadəsidir ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr həm Azərbaycanın malik olduğu infrastruktur, nəqliyyat və logistika imkanlarına bələddirlər, həm də bu imkanların ŞƏT-in inkişafına, genişlənməsinə və potensiallarının tam üzə çıxmasına verəcəyi töhfələri bəribaşdan görə bilirlər. Ona görə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının böyük gələcəyi var.
– Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə sammitində Astana Bəyannaməsi qəbul olunub...
– Astana Bəyannaməsinin qəbulu gözlənilən sənəddir. Bu sənəd Şanxay təşkilatının üzvü və tərəfdaşı olan ölkələrin ümumi iradəsini ifadə edir. Təşkilat, əsasən, iqtisadi, investitsiya, ticarət, əməkdaşlıq, bir-birinin mənafelərinin regional və beynəlxalq müstəvidə müdafiə olunması məsələlərinin zərurətini önə çəkir. Sözügedən Bəyannamə ŞƏT-in bundansonrakı fəaliyyətinin yol xəritəsi kimi də qəbul oluna bilər. Təbii ki, bu Bəyannaməyə uyğun olaraq dövlətlər arasında bundansonrakı dövrdə müəyyən konkret addımların atılacağı da şəksizdir. Sənədin ayrı-ayrı müddəaları əsasında Şanxay təşkilatının üzvü və tərəfdaşı olan ölkələr həm birlikdə, həm də üçlükdə gələcək fəaliyyətlərini müəyyənləşdirəcəklər.
– Astanada Azərbaycan və Çin dövlət başçılarının strateji tərəfdaşlıq haqqında imzaladığı Bəyannamənin ölkəmiz üçün əhəmiyyəti nədir?
– Çin Avrasiya regionunun, Şərq-Qərb marşrutunun, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının aparıcı ölkələrindən biri sayılır. Buna görə də belə bir ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq qurması olduqca vacib və əhəmiyyətlidir. Bu Bəyannamədə iki ölkənin regional və beynəlxalq məsələlərə, eləcə də investisiya, iqtisadi-ticari əlaqələrə baxışlarını və ümumi iradələrini ifadə edir. Eyni zamanda, çox əhəmiyyətlidir ki, bu Bəyannamə Azərbaycanla Çinin strateji tərəfdaşlığının çoxlu sayda istiqamətlər üzrə əsaslarını müəyyənləşdirir. O da vacibdir ki, Çin müharibədən sonra və Azərbaycanın gündəmə gətirdiyi sülh təşəbbüsləri əsasında regionda dayanıqlı sabitliyin yaradılmasını açıq şəkildə və birmənalı dəstəklədi. Çinin Azərbaycanın təşəbbüsü olan sülh prosesinə birmənalı dəstəyi, fikrimcə, Bəyannamənin incilərindən biri sayıla bilər. Biz xüsusilə də müharibədən sonra Çinin bu bölgədə sülh və təhlükəsizliyin, dayanıqlı sabitliyin bərqərar olunmasında nə qədər maraqlı olduğunu ilk dəfə bu sənəddə görə bilirik. Çin müxtəlif geosiyasi risklər üzündən Avropaya və dünyanın müxtəlif yerlərinə mal ixracında müəyyən çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycandan keçən Orta Dəhlizdə maraqlı olduğunu gizlətmir. Avropa ilə ən qısa və səmərəli əməkdaşlıq yolu, variantı olan Orta Dəhlizin tam potensialı ilə işləməsi üçün bölgəmizdə dayanıqlı sülh olmalıdır. Bu baxımdan, Bəyannamənin imzalanmasından sonra Ermənistanla sülh sazişinin bağlanması üçün Çinin Ermənistana, yumşaq desək, təsirləri artacaq. Ona görə ki, Çinin Orta Dəhlizdə böyük marağı var və bu mənafeyin gerçəkləşməsi üçün Ermənistan Azərbaycanla sülh sazişini mütləq şəkildə imzalamalıdır. Bəyannamədən sonra Ermənistanla sülh sazişinin imzalanması daha çox mənada Azərbaycanla Ermənistanın işidirsə, həm də az bir qisim Çinin məsələsidir. Bundan başqa bir sıra məsələlərdə, xüsusilə də insan haqlarına münasibətdə dövlətlərin üzləşdiyi ikili standartlarla mübarizədə iki ölkənin imkanlarını və baxışlarını birləşdirməsi sənəddə ifadə olunur. Bu da çox əhəmiyyətlidir. İlk dəfə olaraq bu Bəyannamə insan haqlarına yanaşmanın dövlətlərin, xalqların suverenlik prinsipi ilə əlaqələndirilməsi orijinal yanaşmalardan biridir. Demək olar ki, ilk dəfədir elə bir sənəd ortaya çıxır ki, insan haqlarına münasibət dövlətlərin, xalqların suverenlik prinsipinin vacib şərtlərindən biri kimi nəzərdən keçirilir. Bu da dünya ölkələrinin insan haqları adı altında bir-birinin daxili işlərinə müdaxiləsi, o cümlədən Azərbaycanın və Çinin daxili işlərinə müdaxiləsi cəhdlərinin qarşısını almaqda çox əhəmiyyətli rol oynaya bilər.
– Azərbaycan və Çin dövlət başçıları yeni strateji əməkdaşlıq çərçivəsində hansı mesajları verdilər?
– Çinin və Azərbaycanın mesajlarında bu iki ölkənin birgə səylərinin regional, qlobal müstəvidə sülhə, əməkdaşlığa, ticarətə, inkişafa, investisiyaya və nəqliyyat əlaqələrinin inkişafına yönəldiyi bilmənalı ifadə olunur. Hər fikirdən, hər cümlədən tutmaq mümkündür ki, Çin–Azərbaycan əməkdaşlığı hər hansı bir başqa ölkəyə qarşı çevrilmir. İki ölkənin mesajları onların hər ikisinin beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşdığını ifadə edir. Xüsusilə də dövlətlərin ərazi bütövlüyünə birgə baxış dövlətlərin daxili işlərinin toxunulmazlığına birgə baxış, separatizmə qarşı yönəlmiş fikirlərin üst-üstə düşməsi olduqca təqdirəlayiqdir.
– Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı perspektivdə nələr var? Bu, baş verərsə, dövlətimiz, region üçün hansı gözləntilərdən danışmaq olar?
– Astana Zirvəsi Azərbaycanın da Şanxay Əməkdaşlıq Təşkilatına və bu təşkilata doğru yolunu xeyli dərəcədə genişləndirdi. Əlbəttə, indidən söyləmək çətindir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının həqiqi üzvlüyü barədə qərar verəcək, ya verməyəcək. Şəxsən mənim düşüncəmə görə, belə potensiallara malik təşkilatın tam hüquqlu üzvü olmaq Azərbaycan üçün pis deyil. Yenə deyirəm: bununla bağlı qərar vermək ölkə Prezidentinin səlahiyyətlərində olan məsələlərdir. Bütün məsələləri dövlətçilik nöqteyi-nəzərdən tam və dəqiq şəkildə görmək, qiymətləndirmək onun səlahiyyətləri və imkanları çərçivəsindədir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın yaxınlaşması bu təşkilatın inkişafına böyük yeniliklər gətirib. Əlbəttə, orada iştirak edən bəzi dövlət rəhbərləri Azərbaycanın bu platformaya tam hüquqlu üzv olmasını istədiklərini bildirdilər, bu, yaxşı haldır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına yük olacaq bir ölkə kimi daxil olmayacaq. Əksinə, Azərbaycanın özünün malik olduğu infrastruktur imkanları bu təşkilatın gələcək inkişafında böyük rol oynaya bilər. Orta Dəhliz Azərbaycanın dəhlizidir. Dəhliz Şanxay Əməkdaşlıq Təşkilatının Avropaya və qlobal miqyasa çıxışıdır, demək olar ki, ən geniş və ən səmərəli bir pəncərədir. Bu mənada Şanxay Əməkdaşlıq Təşkilatının özünün də Azərbaycana ehtiyacı var. Bunu açıq demək və danmamaq lazımdır. 2015-ci ildə Azərbaycan tərəfdaş statusu ilə bu platformaya qəbul olunandan bir il sonra dialoq tərəfdaşına çevrildi. Yalnız Azərbaycanın addımlarından sonra Şanxay Əməkdaşlıq Təşkilatı genişləndi. O vaxta qədər Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə necə yaranmışdısa elə idi, yəni altı dövlətdən ibarət idi. Azərbaycan bu təşkilata yaxınlaşandan sonra onu tərkibində müəyyən genişlənmə oldu. O cümlədən İran, Pakistan, Hindistan ŞƏT üzvü oldu və üzvlərin sayı 9-a çatdı. Daha konkret desək, Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsi müəyyən qədər Azərbaycanın bu quruma təqdim etdiyi imkanların təsirindəndir. Ona görə də Azərbaycanın təşkilata üzv qəbul olunması yolunda ciddi maneələr görmürəm. Sadəcə, bunun dövlət mənafelərinə, dövlətin perspektiv maraqlarına hansı dərəcədə – iqtisadi, siyasi, təhlükəsizlik nöqteyi-nəzərindən nə qədər uyğun olub-olmadığı barədə dövlət başçısı qərar verməlidir. Yəqin ki, gələcəkdə bununla bağlı müzakirələr aparılacaq, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı daha konkret mövqeyini ortaya qoyacaq. Bu, geniş bir platformadır. Onun Azərbaycana faydası olduğu qədər Azərbaycanın da Şanxay Əməkdaşlıq Təşkilatına qiymətli töhfələri var və olacaq. Azərbaycanın həmin təşkilatın üzvlüyündən asılı olmayaraq, onsuz da həmin qurumun üzvü olan əsas aparıcı ölkələrlə ikitərəfli müstəvidə, demək olar ki, əlaqələrimiz çox yaxşıdır.