Teymur Qasımlı: “Baxmayaraq ki, sammit çərçivəsində verilən görüntülər səmimiyyət və qarşılıqlı anlaşma görüntüsü yaratdı, reallıqda hələ də etimad mühitinin tam bərpa olunduğunu söyləmək və Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanacağı vaxtı müəyyən etmək tezdir...”
Azərbaycan prezidenti İlham Əliyev Çindəki məlum sammit çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək və Tükiyə lideri Rəcəb Tayyib Ərdoğanla birgə yetərincə mehriban görüşdü, Çin liderinə artıq iki ölkə arasında sülh yarandığını bildirdi. Bundan əlavə, Azərbaycan və Türkiyənin birinci xanımları Ermənistanın birinci xanımı ilə birgə gəzintiyə çıxdılar, xoş münasibət nümayiş etdirən görüntülər paylaşdılar. Görəsən, bu fonda Azərbaycan-Ermənistan Yekun Sülh sazişinin tezliklə imzalanacağına ümid etmək olarmı, yoxsa?..
Mövzu ilə bağlı hafta.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı bunları söyləyib:
“Çində keçirilmiş son Şanxay Əməkdaşlıq Təşkilatının sammiti təşkilata üzv və müşahidəçi statusunda olan ölkələrin iştirakı baxımından olduqca maraqlı və diqqətəlayiq oldu. Və fikrimcə, bu toplantı ŞƏT-in yaradıldığı gündən bu yana ən simvolik və əhəmiyyətli görüşlərdən biri kimi tarixdə önəmli bir iz buraxdı. Xüsusilə də Azərbaycan və Ermənistan liderlərinin bu tədbirdə iştirakı, tərəflər arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar baxımından diqqətçəkicidir. Ən çox müzakirə olunan məqamlardan biri Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən təkbətək görüş, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə üçtərəfli söhbət oldu. Bundan əlavə, hər üç ölkənin birinci xanımlarının birgə gəzintisi və verilən mehribanlıq nümayiş etdirən görüntülər, şübhəsiz ki, ictimai rəyə bir barış mesajı kimi təqdim olundu.
Bütün bunlarla belə, Yekun Sülh Sazişinin imzalanması məsələsinə gəlincə, burada əsas məsələ Ermənistanın üzərinə götürdüyü öhdəliklər, o cümlədən Konstitusiya dəyişiklikləri, ərazi iddialarından imtina və digər hüquqi-siyasi prosedurların yerinə yetirilməsidir. Əgər bu öhdəliklər tam şəkildə icra olunarsa, o zaman sülh sazişinin imzalanması mümkündür. Hazırda hər iki tərəfin təqdim etdiyi bəyanatlar və sənədlər üzərində müəyyən razılıqlar var, Vaşinqtondakı 8 avqust görüşündə Sülh Sazişi paraflanıb. Lakin Ermənistan tərəfindən bu öhdəliklərin icrasında hələ də müəyyən tərəddüdlər müşahidə olunur.
Baxmayaraq ki, sammit çərçivəsində verilən görüntülər səmimiyyət və qarşılıqlı anlaşma görüntüsü yaratdı, reallıqda hələ də etimad mühitinin tam bərpa olunduğunu söyləmək və Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanacağı vaxtı müəyyən etmək tezdir. Bu baxımdan növbəti görüşləri və prosesləri diqqətlə izləmək lazımdır”.