Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi, eləcə də Turizm Nazirliyi tərəfindən “Rəhmanların qonaqlarına xidmət” proqramını ehtiva edən Ümrə strategiyası hazırlanıb. Bu strategiya Ümrənin bir çox mərhələsində işləyəcək, lakin bu strategiyanın təfərrüatları hələ açıqlanmayıb.
Hafta.az-ın yazdığına görə, mənbə Səudiyyə Ərəbistanının Həcc və Ümrə mövsümləri üçün xidmətlərdə böyük addımlar atdığını bildirib. Ötən ilin sonunda Həcc Nazirliyi ilk dəfə olaraq bütün təsdiqlənmiş Həcc missiyalarına kvota, yerlər və tədbirlərlə bağlı sənədləri təqdim edib. Bu sənədlər adətən Ramazan ayından əvvəl və ya sonra təqdim edildiyi üçün əvvəlki Həcc mövsümlərində olmayan bir təcrübə idi. Bu tətbiqin missiyaların işlərini tez yerinə yetirmələrinə töhfə verəcəyi düşünülür.
Mənbə bildirib ki, 42-dən çox dövlət qurumu Həcc işləri ilə məşğuldur və ötən ilin sonundan etibarən Həcc planlarını qısa zamanda təqdim ediblər. Bu planlara cari mövsümdə həyata keçiriləcək müasir texnologiyaların tətbiqi də daxildir və bu planların əvvəlki illərə nisbətən daha uzun müddətə hazırlandığı bildirilir. Proqram həmçinin ötən mövsümdə Həcc işlərində qarşılaşılan bütün çətinlikləri araşdırır.
Səudiyyə Ərəbistanı hökuməti daha əvvəl bildirmişdi ki, qonaqlara xidmətləri daim təkmilləşdirmək üçün ən yaxşı texnoloji və insan resurslarından istifadəyə davam edəcək. Kral Salman bin Əbdüləzizin göstərişi və vəliəhd şahzadə Məhəmməd bin Salmanın nəzarəti altında qonaqlara xidmət keyfiyyətinin yüksəldilməsi üçün daha keyfiyyətli xidmət və innovativ həllərin təqdiminə diqqət yetirəcəklərini vurğulayıb.
Səudiyyə Ərəbistanı “Rəhmanların qonaqları”na xidmət edən bir sıra layihələr həyata keçirib. Buların arasında tarixin ən böyük tikintisi olan Məkkədə 200 milyard rial (53 milyard dollar) dəyərində olan Haram-əş-Şərifin genişləndirilməsi və 60 milyard rial (16 milyard dollar) dəyərində qonaqların səfərlərini asanlaşdırmaq üçün Məkkə ilə Mədinə arasındakı məsafənin təxminən iki saata düşürülməsi proqramı da var. Bura nəqliyyat üçün yaradılmış “Harameyn Qatarının” tikintisi, Ciddə Kral Əbdüləziz Beynəlxalq Hava Limanının inkişafı, həmçinin 64 milyard rial dəyərində (17 milyard dollar) tarixi məscidlərin və İslamın tarixi yerlərinin inkişafı proqramları da daxildir. Bu layihələr müxtəlif ölkələrdən olan “Rəhmanın qonaqları” üçün zəngin dini təcrübə yaratmaq məqsədi daşıyır.
Bundan əlavə, Həcc və Ümrə Nazirliyi dünyanın hər yerindən gələn müsəlmanların dini öhdəliklərini yerinə yetirmələri və iman təcrübələrini zənginləşdirmələri üçün müxtəlif təşəbbüslər və qaydalar irəli sürüb. Bu proqramlar arasında Həcc xidmətləri təklif edən şirkətlər arasında rəqabətin təşviqi zəvvarlar üçün xərclərin azaldılmasına və təklif olunan xidmətin keyfiyyətinin artırılmasına kömək edib. Bundan əlavə, Ümrə zəvvarlarının sığortahaqqı 63 faiz, Hacılar üçün isə 73 faiz azaldılıb, yüksəkkeyfiyyətli səhiyyə xidmətlərinin davamlılığı təmin edilib. “Məkkəyə gedən yol” təşəbbüsü həmçinin zəvvarların hava limanlarında gözləmə müddətini 15 dəqiqəyə qədər azaltmağı hədəfləyir. Bir çox ölkə artıq bu təşəbbüsə qoşulub, daha çox ölkəni əhatə etməyi planlaşdırır.
İndoneziyanın Səudiyyə Ərəbistanındakı Həcc işləri üzrə konsulu Dr. Nəsrullah Cessam ölkəsinin ilk dəfə olaraq Həcc missiyaları ilə bağlı bütün sənədləri Həcc və Ümrə Nazirliyindən aldığını təsdiqləyib. Bu, yerləşdirmə, yemək və daxili köçürmə kimi bütün prosedurların asanlıqla həyata keçirilməsini təmin edəcək, İndoneziyadan olan zəvvarların Səudiyyə Ərəbistanının dünyanın müxtəlif ölkələrindən olan bütün zəvvarlara təqdim etdiyi hərtərəfli xidmətlərdən yararlanmasını asanlaşdıracaq.
İndoneziyanın Həcc konsulu deyib: "Bu il İndoneziyanın təxmini kvota payı 221 mindir. İndoneziyanın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə Ər-Riyadda keçirdiyi görüşdən sonra zəvvarların sayı 10 faiz artırılaraq 241 minə qaldırılıb.
Pakistan Həcc Missiyasından bir mənbə bildrib ki, Həcc və Ümrə Nazirliyi nömrələr, yerlər və mövcud xidmətlər daxil olmaqla, bütün təfərrüatları son Həcc mövsümündən sonra qısa vaxtda bütün missiyalara çatdırıb. Bununla da missiyalara səyahət tarixlərini seçmələrinə və yerləşmə yerlərini təyin etmələrinə icazə verilib. Bu da öz növbəsində zəvvarların müqəddəs yerlər arasında nəqliyyat üsullarını planlaşdırmalarına, Məkkə ilə Mədinə arasında səyahət etmələrinə imkan verəcək əhəmiyyətli addımdır.
Pakistanlı zəvvarların sayına gəlincə, növbəti mövsüm üçün kvotaya əsasən pakistanlı zəvvarların sayı təxminən 179210 olacaq. Amma ümid edilir ki, növbəti illərdə zəvvarların sayı artacaq və onlara göstərilən xidmələrimiz daha da genişlənəcək.
Hicri 1444-cü ildə 150-dən çox ölkədən gələn zəvvarların sayı 1,8 milyon nəfərdən çox olub və Səudiyyə Ərəbistanının dünyadan daha çox zəvvar qəbul etməsi üçün həyata keçirdiyi layihələrlə builki mövsümün əvvəlki illərlə müqayisədə əhəmiyyətli artıma nail olacağı gözlənilir.