Amerika Karnegi İnstitutu Hind okeanı sahillərini İran üzərindən Rusiyaya birləşdirən Şimal-Cənub dəhlizi sayəsində Rusiyanın sanksiyalara baxmayaraq ehtiyac duyduğu məhsullara çıxışını davam etdirə biləcəyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, instituta bağlı analitiklər qeyd edirlər ki, dəhliz perspektivli olsa da, Rusiyanı logistika baxımından İrandakı siyasi vəziyyətdən və infrastrukturdan asılı vəziyyətə salır.
Rusiya baş nazirinin müavini Marat Husnullin deyib ki, İran yeni nəqliyyat infrastrukturunun inkişafına ən azı 3,5 milyard dollar sərmayə qoymalıdır.
Mövzu ilə bağlı xəbər verən “Noviye İzvestiya” portalı Rusiyanı İranla dəmir yolu ilə birləşdirəcək Rəşt-Astara xəttinin 2027-ci ildə açılacağını yazır. Xəttin tikinti xərclərini Rusiya ödəyəcək.
Digər tərəfdən portal yazır ki, Rusiya ilə İran arasında sabit logistika dəhlizinin yaradılması üçün Azərbaycanın mövqeyi önəmli olacaq. Rusiyanın hər iki ölkə ilə nisbətən yaxşı münasibətləri olsa da, Azərbaycanla İran arasında bir sıra məsələlərdə ciddi fikir ayrılıqları yaşanır.