Şırnakda Qırmızı Çərşənbə bayramı qeyd olundu

10:07 17.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şırnakın İdil rayonunun Mağaraköy kəndində bu il Qırmızı Çərşənbə festivalı çərçivəsində ənənəvi şənliklər keçirilib. Türkiyə, İraq və Almaniyadan olan yezidilər müqəddəs saydıqları bu özəl gündə mədəni irslərini yaşatmaq üçün bir araya gəliblər.

Hafta.az-ın yazdığına görə, Mardinin Midyat rayonundan və xaricdən gələn iştirakçılar səhər saatlarında qəbiristanlıqları ziyarət edib, dualar oxuyub, şamlar yandırıb, diləklərini bildiriblər. Bayramın mühüm ayinlərindən biri olan yumurtanın rənglənməsi ənənəsi də kənd meydanında keçirilib.

Qadınlar əlvan yerli geyimləri ilə tədbirə rəng qatarkən, iştirakçılar meydanda halay rəqsi edərək bayram sevincini birlikdə yaşadılar.

İraqdan gələn Həyat Hameydo Qırmızı Çərşənbənin onlar üçün böyük məna daşıdığını bildirib. Uşaqlardan Dildar Hameydo hər il bayramı eyni həyəcanla qeyd etdiklərini bildirərək, "Oyunlarla əyləndik, hər kəsi bayram münasibətilə təbrik edirəm" deyib.

Gün boyu davam edən şadlıq mərasimi İdildəki şadlıq sarayında davam edib. Tədbirlər zamanı yezidi icmasının ənənəvi melodiyalarının müşayiəti ilə rəqslər və musiqi nömrələri nümayiş etdirilib.

Qırmızı Çərşənbə (Çarşema Sor) yezid inancına görə ilin başlanğıcını simvollaşdırır. Baharın gəlişi ilə təbiətin oyanması, həyatın yenilənməsi bu özəl gündə qeyd olunur. Yumurta rəngləmək, məzarları ziyarət etmək, istəklər söyləmək və qrup əyləncələri bayramın əsas elementləridir.