Suraxanı Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
“Həftə içi”nin verdiyi məlumata görə, görüşdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları, təhsil işçiləri, ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən 200-dən çox rayon məzunu, ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucaldılmış abidəsini ziyarət etdilər, sonra Suraxanı Rayon Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Rayon İcra İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, hər il məzunlarla görüşün keçirilməsi, artıq bir ənənə halı alıb. Bu görüşüdə Azərbaycan Milli Elmlər Akademiyası Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik, Vaqif Abbasov da iştirak edirdi. Bu heç də təsadüfi deyil. AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə razılaşmaya əsasən, Suraxanı Rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin sentyabr ayından institutun alimləri I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən, aztəminatlı və məcburi köçkün ailələrindən olan 15 şagirdə ali məktəbə qəbul proqramına uyğun olaraq kimya fənnindən məşğələlər keçmişdir. Həmin məzunların əksəriyyəti tələbə adını qazanmışdır. İcra başçısı institutun alimlərinə həm öz adından, həm də valideynlər və şagirdlər adından təşəkkürünü bildirdi.
Rayon rəhbəri daha sonra vurğuladı ki, dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun “yol xəritəsi” olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2019-cu illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir.
Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməmişdir. Belə ki, Suraxanı rayonunda son 16 ildə 5 920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7 340 şagird yerlik 17 əlavə tədris korpusu tikilmiş, 26 372 şagird yerlik 24 məktəb binası əsaslı təmir olunmuşdur. Bu gün Suraxanı məktəblilərinin əksəriyyəti yeni, təmirli, müasir avadanlıqlarla təchiz olunmuş məktəblərdə oxuyur, müəllimlər isə işləyirlər.
2019-cu ildə isə Bülbülə qəsəbəsində 208 nömrəli məktəbin mövcud binası sökülərək yerində 360 şagird yerlik məktəb binası, Əmircan qəsəbəsi, 97 nömrəli məktəbin binası sökülərək yerində 264 şagird yerlik korpus, yeməkxana, idman və akt zalı, Yeni Suraxanı qəsəbəsi, 101 nömrəli məktəbin binası sökülərək yerində 360 şagird yerlik korpus, yeməkxana və akt zalı, Əmircan qəsəbəsi, 154 nömrəli məktəbin binası sökülərək yerində 960 şagird yerlik məktəb binasının tikintisi işləri davam etdirilir.
Bütün bunlar milli təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Burada bir vacib məsələni də vurğulamaq istəyirəm. Dövlət başçısının cari ilin birinci yarısında böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır.
İlqar Abbasov qeyd etmişdir ki, dövlət başçısının sosial müdafiə sahəsində atdığı mühüm addımlar müəllimləri də əhatə etmişdir. Ölkə prezidentinin digər sərəncamına əsasən, eyni zamanda dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur.
Rayon rəhbəri daha sonra bildirmişdir ki, hər olduğu kimi bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirtdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərmişlər. 2018-2019-cu tədris ilində 1919 nəfər məzun olmuşdur. Onlardan 1679 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1263 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 75,2 faizini təşkil edir. Rayon məzunlarının 59 nəfəri 600-dən yuxarı, o cümlədən 10 nəfəri 650-dən yuxarı bal toplamışdır.
Tələbə adını qazanan məzunları 87 nömrəli məktəbinin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiya ilə təbrik etdilər.