Şuşa Bəyannaməsi tarixi nailiyyətdir - Kamilə Əliyeva

14:18 15.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Tarix boyu Azərbaycan və Türk xalqları hər zaman çətin və şad günlərində də bir birinə arxa-dayaq olub. Türkiyə Cümhuriyyəti 1991- ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinə öz dəstəyini, köməyini əsirgəmədi. Türkiyə bir dövlət olaraq bütün beynəlxalq təşkilatları Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırdı”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Kamilə Əliyevə bildirib.
Deputat qeyd edib ki, vətən müharibəsində Türkiyə bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Bütün bu dostluğun, qardaşlığın ən yüksək zirvəsi olaraq 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada iki dövlət arasında "Müttəfiqlik haqqında" Şuşa Bəyannaməsi imzalandı.

“Bəyannamənin imzalanması bütün dünyaya Azərbaycan və Türkiyənin dost və qardaş dövlət olması barədə bir mesaj idi. Şuşa şəhərində iki qardaş dövlətin ay-ulduzlu bayraqlarının birgə dalğalanması birliyimizi nümayiş etdirir. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin davamlı inkişafına xidmət edəcək. Bəyannamədə Azərbaycan və Türkiyə arasında beynəlxalq aləmdə, iqtisadi, siyasi, ordu quruculuğu, təhsil, ticarət sahələrində birgə əməkdaşlıq nəzərdə tutulur. Şuşa Bəyannaməsi regionda sülhə də böyük yol açır. Bəyannamə Qarabağ və Şərqi Zəngəzur üçün iqtisadi münasibətlərin qurulmasına böyük dəstək olacaq. Şuşa şəhəri də daxil olmaqla ətraf kənd və qəsəbələrdə turizmin inkişafı üçün geniş imkanlar yaranacaq. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və digər iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artacaq”.

K.Əliyeva qeyd edib ki, Azərbaycan və Türk xalqlarının qardaş və dost kimi sıx tellərlə bir birinə bağlanmasında xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bildirib ki, XX əsrin əvvəllərində Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", əsrin sonlarında Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" kəlamları xalqlarımızın bir-birinə ürəkdən necə bağlı olduğunun sübutudur.

“Bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri aparılır. Vətən müharibəsində olduği kimi quruculuq işlərində də Azərbaycan Türkiyə ilə sıx əməkdaşlıq edir. Şəhər və kəndlərimizin yenidən qurulması və bərpasında çox saylı türk şirkətləri fəaliyyət göstərir.

Bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin ölkəmiz üçün böyük geosiyasi və iqtisadi əhəmiyyəti vardır. Zəngəzur dəhlizi Şərqdən Qərbə bütün ölkələrin də istifadə edə biləcəyi iqtisadi bir dəhlizdir. Artıq reallığa çevrilən Zəngəzur dəhlizi Azərbaycanla Türkiyəni dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək.

Şuşa Bəyannaməsində əks olunan müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələsi tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra bir birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə Sənayesi sahəsində əməkdaşlıq həm Türkiyənin, həm də Azərbaycanın hərbi qüdrətini artıracaq.

Vətən müharibəsində gələbəmizdə pilotsuz uçuş aparatlarının böyük rolu olmuşdur. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş ölkə birlikdə silahlı qüvvələri müasir formada yenidən formalaşdıracaq və müdafiə qabiliyyətlərini daha da gücləndirəcək.

Bəyannamə Ermənistandakı revanşist qüvvələrə və onlara havadarlıq edənlərə də bir mesajdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhdid yaradılarsa ordusu ilə Azərbaycanın yanında olacaq.

Şuşa Bəyannaməsində həmçinin mühüm məsələlərdən olan xaricdə yaşayan azərbaycan və türk icmaları arasında informasiya mübadiləsinin yaradılması nəzərdə tutulmuşdur. Bundan sonra xaricdəki Azərbaycan bə türk diaspor təşkilatları ikitərəfli əlaqələri gücləndirəcək, bütün məsələlərdə həmrəylik təmin ediləcək.

Şuşa Bəyannaməsi həm Azərbaycan, həm də Türkiyənin gələcəkdə daha güclü və qüdrətli dövlətlərə çevrilməsinə böyük təkan verəcək”.

Oxunma sayı 93
Siyasət rubrikasından digər xəbərlər