Şuşada həlak olmuş 147 şəhidimizin yerini bilirəm - Azay Kərimov

12:56 22.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış Qarabağ qazisi, sabiq könüllü tabor komandiri Azay Kərimovla hafta.az üçün budəfəki söhbətimizdə Azərbaycan Ordusunun 2023-cü il sentyabrın19-20-də cəmi birsutkalıq lokal əməliyyatından sonra azad edilmiş Xocalı, Qaradağlı, Malıbəyli  və s. kimi 1990-cı illərdə qətliamlar yaşanmış yurdlarımızın azaqlığından sonra yaşanan əhval-ruhiyyədən, Qarabağa ermənilərin geridönmə ehtimalından, Ermənistanla sərhəddəki son silahlı toqquşmalardan danışdıq.

–   Bu günlərdə 2023-cü ilin fevralın 12-də, yəni doğma Malıbəyli kəndinin işğal günündə vaxtilə dərc olunmuş “ Əlacsızlıq... Həyatda ən qorxduğum şey budur...” başlıqlı bir kövrək yazınız rastıma çıxdı..Yazırsınız ki, “Fevral ayı mənim ücün cəhənnəm ayıdır. Bu gün Malıbəylinin işğal günüdur, həmin ayın 17-si Qaradaglı kəndinin işğalı (170 nəfər itki), 26-sı Xocalının işğalı (700 nəfər itki), bunun da üstünə gəldi Türkiyədəki zəlzələ...”. Amma artıq yəqin, fevral sizin üçün də yavaş-yavaş cənnətləşir?  Xocalı da, Qaradağlı da, doğma Malıbəyliniz də azad edilib.

-       O günlər rəhmətlik həyat yoldaşım da əlacsız xəstəliklə mübarizə aparırdı. Malıbəyli də, Qaradağlı da, Xocalı da, həmçinin keçmiş Dağlıq Qarabağın xeyli hissəsi də hələ faktiki olaraq separatçı-terrorçu erməni rejiminin nəzarətində olduğundan, doğrudan da çox əlacsız duruma düşmüşdüm. 1992-ci ilin fevralında doğma Malıbəylinin mühasirədə qaldığı günlərdəki əlacsız durumumuzu xatırlayıb, daha da bədbinləşirdim...

Bəli, bu gün şükür Allaha, Ordumuzun igid oğulları özümün də bir döyüşçü zabit kimi bilavasitə iştirakımla Malıbəylini düşmən işğalından tam azad etdi. Bu barədə sizinlə də ötən söhbətimizdə ətraflı danışmışıq. Düşmənlərimizin bizə 1988-1994-cü illərdə vurduğu yaralar qaysaq bağlasa da, tam sağalan deyil. O da taleyin qəribə bir zarafatıdır-nəyidir, bilmirəm, mənim özüm də, əkiz oğlum, qızım da məhz fevralın 12-də, yəni Malıbəylinin rus-erməni birləşmələri tərəfindən işğal edildiyi gündə anadan olmuşuq. Odur ki, hər doğum günüm gələndə, sanki eyni ağrıları təkrar yaşayıram, eyni əzab-əziyyəti təkrar çəkirəm.

...Doğum günümü 32 ildir qeyd etmirəm. Fəqət, builki doğum günümdə elə bilirdim, artıq unudulmuşam, amma “Facebook” səhifəmdə məni 300-dən çox soydaşım, dostum təbrik edəndən sonra bu xalqın, Vətənin uğrunda çəkdiyim zəhmətlərə görə qürur duydum. Məni həm doğum günüm, həm də Malıbəylinin azadlığı münasibətilə təbrik edənlərin hamısına təşəkkür edirəm... 

O da var ki, 2023-cü ilin fevralın 12-dək  Bakının Ramanı qəsəbəsində yanaşı yaşadığımız malıbəylili qohum və qonşularımızın evlərindən ağlaşma səsi gəlir, hansısa şəhidin ruhu xatirinə halvalar çalınıb paylanırdı. Yəni bu 32 ildə heç kəs nə Malıbəylini, nə də onun uğrunda şəhid olan oğulları unutmadı. Allaha bir daha şükürlər olsun, bu dəfə 2024-cü ilin fevralın 12-də həmin ağlaşma səslərini eşitmədik.

Mən 1992-ci ildən Şuşa, Malıbəyli, Xocalı azad edilənədək doğma torpaq, yurd yanğısını, düşmənə qarşı qisas, intiqam hissini unuda, bəzi başqaları kimi hamıya qarışıb ürəkdən şənlənib öz həyatımı yaşaya bilmədim.

Bu gün Dövlətimizin, Ordumuzun, Xalqımızın, şəhid və qazilərimizin sayəsində Malıbəyli kimi, Quşçular da, Qaradağlı da, Xocalı da və s. azad edilib. Məni bir döyüşçü zabit, qazi kimi narahat edən bəzi məsələlər var. Məsələn, Malıbəyli mühasirədən çıxan zaman dinc əhali, demək olar ki, heç bir fiziki zərər görməsə də, bizim könüllü batalyon 18 şəhid verib. Ermənilər onların meyitlərini  götürməyimizə imkan vermədiyindən heç biri dəfn olunmayıb.  Heç biri... Hamısı döyüş meydanında, səngərdə qalıb.

2023-cü ilin sentyabrından, yəni Malıbəyli və ətraf ərazilər işğaldan azad ediləndən bəri müvafiq qurumlara dəfələrlə müraciət etsəm də, həmin şəhidlərimizin cəsədlərinin  axtarılıb-tapılması üçün heç bir konkret tədbir görülməyib. Həmkəndlilərim də laqeydlik göstərirlər. Malıbəyli azad edildikdən sonra gedirlər kənd məscidinin xarabalığının, bulağının yanında şəkil, video çəkdirirlər, müsahibələr verirlər, amma heç biri xatırlatmır ki, bu kəndin şəhidlərinin cəsədləri aşkar edilməyib. Şəhidlərimizin haralarda həlak olduğunu da çoxları bilmir, ancaq mən bilirəm.  Həmin 18 şəhidimizin  adını bir-bir bilirəm – hansı harada şəhid olub. Sadəcə, onların axtarıb-tapılması üçün müvafiq qurumlar göstəriş verməlidir. Mən də daim bu işdə də bələdçilik etməyə hazıram.  Yeri gəlmişkən, 1992-ci ilin mayında Şuşanın işğalı zamanı həlak olmuş 147 şəhidimizin də cəsədləri tapılmayıb... Onların da yerini bilirəm. Şuşanın aşağı hissəsində bir əhəng quyusu vardı; ermənilər şəhidlərimizin cəsədlərini həmin quyuya doldurub üstünü də torpaqlayıblar. Həmin yerdə qazıntı aparıb həmin şəhidlərin qalıqlarını tapmaq  çətin deyil.

Üç ildən çoxdur Şuşa azad olunub, amma mən getmirəm oraya... Nəyə görə? Ona görə ki, həmin cəsədlər müsəlman qaydası ilə torpağa tapşırılmamışdır və mənimlə bərabər döyüşüb, canını fəda etmiş şəhidlərin ruhundan çəkinirəm, utanıram. Gedim çıxım Qalanın yanına, Cıdır düzünə, onlara nə deyim, nə cavab verim? Deyim ki, xoş gəlmişəm? Siz şəhidə layiq olmayan bir şəkildə torpağın altındasınız, itirib-axtaran, yerinizi bilən yoxdur – mən də gəlmişəm burada təbiəti, gözəl mənzərələri sey edib feyziyab olmağa?..

Bundan əlavə, Şuşanın Turşsu qəsəbəsindən olan 7  igid oğlan Böyük Kirsdə şəhid olub. Turşsu sakinlərindən biri maraqlanmır ki, hökumətdən icazə alaq, gedək axtaraq o dağları, bəlkə tapdıq... Bax, mənim bir döyüşçü, bir qazi kimi belə narazılıqlarım, narahatlıqlarım  var...

–   Bir qazi, döyüşçü zabit kimi necə düşünürsünüz? Tam ürəklə deyə bilərikmi ki, Xocalının, Qaradağlının, Malıbəylinin...  qisası alınıb?

–   Öncə qeyd etdiyiniz kimi, bir daha Allaha min şükürlər olsun ki, böyük soyqırımı, qətliamların baş verdiyi Meşəli, Malıbəyli, Qaradağlı, Ağdaban və s. kimi Xocalı da düşməndən azad edilib. Təəssüf ki, həmin qırğınları təşkil etmiş, icra etmiş Vaqif Xaçaturyan kimi bir neçə terrorçu həbs edilib məhkəmə qarşısında cavab verərək zindana atılsa da, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan kimi keçmiş separatçıbaşıları,  Ruben Vardanyan kimi milyarder tutulub Bakıya gətirilsə də, əsas təşkilatçı və icraçılar qaçıb canlarını qurtara biliblər. Məsələn, Xocalı, Malıbəyli, Qaradağlı qətliamları dövründə Qarabağda əsas komandirlərdən, bilavasitə işğal, soyqırımı planlarının icraçılarından olan və hazırda general rütbələri daşıyan Vitali Balasanyan və Samvel Babayan... Ordumuzun 19-20 sentyabr lokal əməliyyatları bitdikdən və Xankəndidəki erməni liderlər arasında qaçhaqaç başladıqdan sonra, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etdim ki, mən 1990-cı illərdə Qarabağda Azərbaycana qarşı vuruşmuş əsas komandirlərin hamısını üzdən yaxşı tanıyıram. Mənə icazə verin, şərait yaradın, gedim Laçındakı sərhəd-keçid məntəqəsində durum və  Ermənistana keçən erməniləri bir-bir müşahidə edim. Axı orada dayanan əksəriyyəti cavan sərhədçilərimiz, polislərimiz həmin erməni komandirləri mənim qədər tanıya bilməz. Mən bilirdim ki, Vitali Balasanyan, Samvel Babayan kimilər qaçacaqlar. Onlar həm hiyləgərdirlər, maskalanmağı, saxta sənəd düzəltdirməyi yaxşı bacarırlar, bundan əlavə, həm də sərhəddən keçən bütün gizli yol-cığırlara yaxşı bələddirlər. Sözsüz ki, onlar əvvəlcədən Qarabağdan qaçmaq üçün lazımi hazırlıqlar görmüşdülər. Son nəticədə Balasanyan da, Babayan da aradan çıxa bildilər. Hər ikisi erməni mediasına müsahibə verir ki, gəldik gülə-gülə Azərbaycan sərhədçilərinə salam verdik, keçdik...

Hələ mən demirəm ki, Serjik Sərkisyan, Robert Köçəryan kimi 1988-ci ildən bəri Qarabağda separatizmi qızışdıran, həm siyasi, həm hərbi proseslərə rəhbərlik edən caniləri Ermənistandan tutub Bakıya gətirməyə nail olmalıyıq. Bax, bütün bunlara görə, mənim qəlbim soyumur ki, Xocalının, Malıbəylınin, Qaradağlının qısası tam alınıb...

–   Rusiyasülhməramlıları hələ də Qarabağda, Xocalı hava limanı ərazisindədirlər...

–   Rusiyanın “sülhməramlı” adlanan qoşunları vaxtları çatanda oradan çıxacaqlar. Sadəcə, həmin vaxtadək, yəni 2025-ci ili gözləmək lazımdır... İnanmıram ki, onlar ondan sonra burada qalsınlar. Bir də ki, qalsalar, Qarabağda nə iş görəcəklər – erməni də qalmayıb Qarabağda. Bütün hallarda mən siyasətçi olmadığımdan, bu haqda uyğun fikir söyləyə bilmərəm...

–   Son bəyanatlardan da bəllidir: Rusiya çalışır ermənilərin, ən azı, bir qismi Qarabağa  qaytarılsın və “sülhməramlı”ların orada daha uzun müddət qalmalarına bəhanə yaransın...

–   Qarabağdan Ermənistan dediyi kimi, 120 min yox, 70 mindən çox erməni köçüb gedib. Bunların çoxu Azərbaycan vətəndaşlığının qəbul edilməsi şərtləri ilə razılaşmayıb könüllü gedib. Gözləri arxada qalıb – yəni azı, 30 il yaşadıqları evlər, bağ-bağçalar üçün yanırlar. Ona görə də necə ki, bizlər 30 ildən çox heç zaman öz doğma yurdlarımızı, evlərimizi unutmadıq, daim o ocaqlarımıza qayıtmaq üçün əlimizdən nə gəlirsə, etməyə çalışdıq, ermənilər də bütün vasitələrlə əvvəlki şəraiti bərpa edib geri qayıtmağa çalışacaqlar.

1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızı qovan kimi ermənilər onların evlərini ya  yandırdılar, ya da  özləri yığışıb yaşamağa başladılar. Gərək biz də Xankəndidəki, Ağdərədəki, Əsgərandakı evlərə mümkün qədər tez azərbaycanlıları yerləşdirək ki, ermənilər onlardan soyusun, əllərini üzsünlər...

–   Qarabağdakı ermənilərin etnopsixoloji xarakterinə bələd biri kimi, necə hesab edirsiniz: son 30-35 ildə bütün bu baş verənlərdən sonra onlar təkrar Azərbaycan ərazisinə qayıdıb yaşamağa cəhd edə bilərlər?

–   Bir yandan inanmıram ki, onlar Azərbaycana qarşı bütün bu törətdikləri vəhşiliklərdən, faciələrdən sonra bir daha Qarabağa qayıdıb yaşamağa cürət etsinlər. Sadəcə, bir hərbçi kimi açıq deyirəm: elə bir təbliğat aparmaq lazımdır ki, ermənilər Azərbaycan torpaqlarına bir də ayaq basmağı heç ağıllarına da gətirməsinlər...

–   Bəzən belə fikirlər səslənir ki, ermənilərin Qarabağa geri qayıtması Azərbaycanın xeyrinədir...

–   Bunun Azərbaycana gələcəkdə növbəti təhlükə yaratmaqdan savayı heç bir xeyiri ola bilməz. Xeyiri o zaman ola bilər ki, Qərbi Azərbaycandan qovulmuş 300 minə yaxın  soydaşımız da qayıdıb öz tarixi yurdlarında yaşasınlar...

–   Ermənistanla sərhəddə terrorçu “Yerkrapa” üzvlərinin açdığı atəş nətisəcində baş vermiş sonuncu qarşıdurma haqqında nə düşünürsünüz?

–   Bu insident məni çox narahat etdi. Düzdür, şükür Allaha, Azərbaycan tərəfdən itki olmadı, yalnız bir sərhədçi oğlumuz yaralandı – Allaha şəfasını versin. Onun da qisasını Ordumuz beşqat aldı. Biz sakit, arxayın olmamalıyıq. Ermənistanla aramızdakı belə gərginliklər yaxın 4-5 ilədək səngiməyəcək. Odur ki, bütün gücümüzlə sərhədlərimizi möhkəmləndirməli, arxadakı hərbi bazalarımızı gücləndirməliyik. Bir qarış torpaq da nəzarətsiz qalmamalıdır.

Oxunma sayı 147