Güney Azəırbaycanın mənəvi paytaxtı olan Təbriz şəhərindəki qızlar məktəbində 20 şagirdin zəhərləndiyi bildirilib.
Hafta.az-ın İSNA-ya istinadən yazdığına görə, Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri məsələ ilə bağlı mətbuata məlumat verib. Cəfəri, "Təbrizin Bağmişeh rayonundakı bir məktəbdə təhsil alan 15 yaşlı 20 şagird tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə Sina Xəstəxanasına aparılıb" deyib. O qeyd edib ki, hazırda şagirdlərin ümumi vəziyyəti yaxşıdır.
Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.
İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan məktəblərində 100-dən çox adamın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb. Kürdüstan və Rəzəvi Xorasan vilayətlərində çox sayda adamın nəzarətə alındığı bildirlir.