“Tehrandakı nüvə reaktorunu elə Amerika tikib” - İran səfiri

10:24 04.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Xeyli vaxtdır, ABŞ–İsrail cütlüyü ilə İran arasında nisbi atəşkəs razılaşması mövcud olsa da, ara-sıra tərəflərin bir-birinə hava hücumu etdiyini eşidirik; məsələn, elə dünən xəbər yayıldı ki, İran Küveyt və Bəhreyn ərazilərinə zərbələr endirib. Amerika da eynilə İranı bombalayır. Üstəlik, hansısa məsələlərə görə çıxmaza girən danışıqların aqibəti necə olacaq? Ölkədə ictimai-sosial vəziyyət necədir? Bütün bu məsələlərə aydınlıq gətirmək üçün İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə söhbətləşdik.

- Bu məsələdən söz açarkən problemin keçmişini xatırlamaq lazımdır. Amerika uzun illərdir, İran əleyhinə siyasət yürüdür və bunun davamı olaraq son bir ildə iki dəfə İrana hava hücumu edib. Özü də təəssüflər olsun, hər iki hücum tərəflər arasında danışıqların getdiyi bir vaxtda baş verib. Sonuncu hava hücumundan sonra özləri atəşkəs istədilər və İran da buna bir neçə şərt qoymaqla razılaşdı. İran müzakirələrə şərt olaraq Amerikaya 10 maddədən ibarət tələblərini təqdim etdi. Bura atəşkəsin Livanı da əhatə etməsi, İranın bloklanmış vəsaitinin bir hissəsinin azad edilməsi və sair daxildir. Nəticə olaraq artıq 39 gündür atəşkəs var və danışıqlar davam edir.

Amma görürsünüz, özləri vaxtaşırı atəşkəsi pozurlar. Onlar düşünürdülər ki, İranın əleyhinə apardıqları təzyiq siyasətini davam etdirə biləcəklər. Əvvəl müharibə dövründə diqtələrini İrana hərbi güc yolu ilə qəbul etdirmək istədilər, gördülər ki, bacarmırlar, indi buna müzakirə masasında nail olmaq istəyirlər. Fikrimcə, danışıqlarda ortaq məxrəcə gələ bilməməyin başlıca səbəbi qarşı tərəfin məhz bu mövqeyidir və onu dəyişməlidirlər. Yalnız beynəlxalq hüquq əsasında razılaşma yolu ilə məsələ həll oluna bilər. 

- Atəşkəs davam etsə də, elə dünən xəbər yayıldı ki, İran Küveytə raket hücumu edib. Niyə İsrailə yox, məhz Küveytə? Və yaxud da BƏƏ ərazisinə, Bəhreynə? Bu ölkələrin ərazisindən İrana hər hansı hava hücumu edilir?

- Bilirsiniz, hamı gözləyirdi ki, atəşkəs var, daha müharibə olmayacaq, amma beynəlxalq hüquqa əsasən, blokadanın özü də müharibə aktı sayılır. Amerika İrana qarşı blokada siyasətini davam etdirir. Dünən gecə İran limanlarına səmt almış yük gəmisi Amerikanın hücumuna məruz qalaraq böyük miqyasda zərər görüb. İş təkcə bununla bitmir, Amerika İran limanlarına hücum edir, açıq sularda üzən bir neçə İran gəmisini ələ keçirib, hətta gəmidələrki heyət üzvləri ciddi problemlərlə üzləşiblər. Təbii ki, İran əvvəllər də olduğu kimi, beynəlxalq hüquqa söykənərək özünü müdafiə edib və edəcək. Hansı məntəqələrdən ki, İrana qarşı hava hücumları olur, məhz həmin yerlər İran ordusu tərəfindən hədəf götürülür, o cümlədən Bəhreyn və Küveyt ərazilərindəki bazalara zərbə endirilib.

Bilirsiniz ki, Amerikanın 5-ci donanmasının bazası Bəhreyndə yerləşir. Amerika İrana qarşı blokadada istifadə etdiyi raket və dronları məhz bu bazalardan təmin edir.

Ümumiyyətlə, körfəzdəki kiçik dövlətlər öz ərazilərində fərqli səbəblərdən xarici ölkələrin, o cümlədən, ABŞ-nin hərbi baza qurmasına icazə verib. Çox vaxt bu ölkələr ərazilərindəki hərbi bazalara nəzarət etmək imkanına malik də deyillər. Hətta onların məlumatı da yoxdur ki, həmin bazalarda nə var, nə edirlər.

- Amerika tələb edir ki, İran nüvə proqramından imtina etməlidir və indiyədək zənginləşdirilmiş uran ehtiyatı İrandan çıxarılmalıdır. Bir ara uranın Rusiyaya göndəriləcəyinə dair xəbərlər yayıldı. Dünən Qazaxıstan prezidenti də MAQATE rəhbəri ilə görüşdə İrandan çıxarılacaq zənginləşdirilmiş uranı saxlaya biləcəyini qeyd edib. Amerikanın bitib-tükənməyən bu bəhanəlinə qarşı siz nə deyərdiniz?

- Amerika hər zaman bəhanə axtarır ki, onun əsasında təzyiq siyasətini davam etdirsin. Bir gün nüvə proqramını, başqa bir gün insan hüquqlarını, başqa bir gün regionda gedən prosesləri bəhanə gətirir.

2001-ci ildən başlayaraq bildirirlər ki, İran iki həftədən sonra nüvə bombası düzəldəcək, amma 25 il keçib, hələ o iki həftə çatmayıb. Onlar son iki ən güclü hava zərbələri ilə İranın nüvə infrastrukturunun tamamilə məhv edildiyini iddia edirdilər. Sonra bəyan etdilər ki, bombardman nəticəsində İranın yeraltı zənginləşdirilmiş uran ehtiyatları uçqunlar altında qalaraq əlçatmaz hala düşüb və İran ondan istifadə edə bilməyəcək. Bu halda yenidən “Zənginləşdirilmiş uran İran ərazisindən çıxarılmalıdır” demək, həqiqətən də Amerikanın bəhanə axtardığını isbatlayır.

Biz hazırıq, nüvə proqramı məsələsində danışıqlar aparmağa, burada heç bir gizli məsələ yoxdur. Onlar deyir ki, İran nüvə silahı əldə etməyə çalışır, İran da açıq şəkildə bildirir ki, belə bir məqsədi olmayıb və indi də yoxdur. Eyni zamanda, İran bildirir ki, nüvə sahəsində beynəlxalq nəzarət strukturları ilə əməkdaşlıq etməyə hazırdır. O cümlədən, Beynəlxalq Atom Enerjisi Agentliyi də dəfələrlə bəyan edib ki, yoxlayıblar, İran ərazisində hər hansı nüvə silahı hazırlamaq cəhdləri aşkar edilməyib.

Zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması inadına gəldikdə, Tehran dəfələrlə qəti şəkildə bildirib ki, xeyr, uran ölkədə qalacaq. Yox, əgər bundan narahatdırlarsa, İran beynəlxalq nəzarətçilərlə əməkdaşlığa hazırdırlar, gəlib İran ərazisində bu prosesə nəzarət edə bilərlər.

- Nüvə proqramının enerji məqsədli olduğunu bildirirsiniz...

- Bəli. Tehranın mərkəzində bir reaktor var ki, o nüvə yanacağı ilə çalışır və əsasən tibbi məqsədlə istifadə edilir. Ən maraqlısı odur ki, 60 ildən çox tarixi olan bu reaktoru elə amerikalılar özü tikib. İran niyə uranı zənginləşdirir, elə həmin reaktoru yanacaqla təmin etmək üçün, çünki xaricdən nüvə yanacağı verilmədi, məcburən bu addımı atdıq. 

- Ölkədaxili ictimai-sosial vəziyyət necədir? Müharibə şəraitində və sanksiyalar altında insanların dolanışığı necədir, qida məhsulların qıtlığı hiss olunurmu?

- Müharibə dövründə də İranda hər hansı qıtlıq, ərzaq çatışmazlığı yaşanmadı və indi də yoxdur. İran böyük imkanlara malik böyük dövlətdir. Bu da sirr deyil ki, müharibə zamanı hər bir ölkə çətinliklərlə qarşılaşır. Elə indi də görürsünüz ki, blokadalar idxal-ixrac prosesinin rahat həyata keçirilməsinə mane olur. Eyni zamanda, müharibədən sonra dünyada yanacaqdan tutmuş ərzaq və digər məhsulların qiyməti artıb. Əlbəttə ki, bu, İran daxilində də özünü aydın göstərir. Ümumi yanaşsaq, şükürlər olsun, İranda bu sahədə elə ciddi çətinlik hiss olunmur.

- Elə məhsullar varmı ki, məsələn, bəzi dərman preparatları xaricdən idxal olunur...

- Təbii ki, bu məsələdə bəzən problemlərlə üzləşirik. İranın bir çox hava limanı Amerikanın hava hücumları zamanı ciddi ziyan görüb. Təbriz hava limanı indiyədək fəaliyyətini bərpa edə bilməyib. Üstəlik, bir çox xarici şirkət hələ də aviareysləri bərpa etməyib, bu da əsasən hava nəqliyyatı ilə daşınan dərman preparatlarının idxalında çətinlik yaradır.

İran dərmana olan ehtiyacının 96,7 faizini özü istehsal edir. Çox təəssüflər olsun, Amerikanın hava hücumları zamanı dərman zavodlarının bir hissəsi bombalanıb.

- Xaricdən humanitar yardım göndərilirmi İrana, yoxsa Amerika buna da imkan vermir? Məncə, humanitar yardımlaşma istənilən hərbi şəraitdə və ya təbii fəlakətlər zamanı çox vacibdir…

- Humanitar yardım maddi deyil, əsasən, mənəvi dəstəyi simvolizə edir. Dünyanın bir çox ölkəsindən, o cümlədən Azərbaycandan yardımlar almışıq və buna görə də hamısına təşəkkür edirik. Bu dəstək bizim üçün çox dəyərlidir. Düzdür, 90 milyonluq bir ölkə üçün göndərilən yardımın həcmi çox da nəzərə çarpmır, amma yenə deyirəm: onun mənəvi dəyəri olduqca yüksəkdir. Ən son ötən günlərdə Qazaxıstandan humanitar yük daşıyan bir Qatar İrana göndərildi. Ümumi yanaşsaq, yardım göndərilməsi davam etsə də, son vaxtlar xeyli azalıb.

- Hansı ölkələrdən yardım almısınız?

- Daha çox region ölkələrindən. Azərbaycan, Rusiya, Pakistan, Hindistan, Çin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Oman, hətta bəzi Avropa ölkələrindən yardımlar gəlib. Tacikistan müqayisə üçün, çox böyük yardım göndərib. Eləcə də Avropada fəaliyyət göstərən qeyri hökumət təşkilatları və qitədə yaşayan iranlılar da İrana yardım göstərib.

- İndiki hərbi şəraitdə İranla Azərbaycan arasında əlaqələr necə davam etdirilir? Yəni iqtisadi-ticari münasibətlər əvvəlki kimi davamlıdırmı, icrada olan layihələrin icrası davam edirmi və sair?

- Deyərdim ki, müharibənin İran–Azərbaycan ikitərəfli əlaqələrinə mənfi təsiri olmayıb. Həm nəqliyyat, həm də ticarət sahəsində əlaqələr müntəzəm şəkildə davam edir və hətta gözləyirik ki, bu müstəvidə artım da olacaq. Bizim müştərək layihələrimiz vardı, məsələn, nəqliyyat sahəsində, işlər öz axarında davam edir. Araz çayı üzərində körpünün tikintisi başa çatıb, sadəcə orada sərhəd-gömrük məntəqəsi qurulmalıdır ki, bu işlərin də yaxın vaxtlarda həll olunacağına inanıram.

- Son olaraq, indiki müharibə şəraiti sizcə nə qədər davam edəcək, vəziyyət nə vaxt normal dönəcək?

- Səmimi desək, Amerika hakimiyyətinin davranışı bir az mürəkkəbdir, nə dedikləri, nə etdikləri məlum deyil – sözlərinin üstündə durmurlar və dünyanın gözünə baxaraq yalan danışırlar. Düşünürlər ki, güclüdürlər, nə istəsələr, dünya buna baş əyməlidir. Bir gün İrana girmək istəyirlər, alınmayanda, deyirlər Kubaya girəcəyik; Qrenlandiyanı istəyirlər, sonra deyirlər, İslandiya bizimdir və sair. Təəssüf ki, bu fikirlərlə İranın üstünə gəldilər, nəticədə, ölkəmizə və xalqımıza çox böyük ziyan vurdular, insanlar həlak oldu. Bir məsəl var: bir dəli quyuya daş atdı, min ağıllı onu çıxara bilmədi. Bugünkü vəziyyət eyni bu məsəldəki kimidir.