2022-ci ili geridə qoymağa hazırlaşırıq. Bu il həm Azərbaycanda, həm də dünyada bir çox hadisələrə şahidlik etdik. Bəs, başa vurmağa hazırlaşdığımız 2022-ci il təhsil sahəsində hansı hadisələrlə yadda qalacaq?
Bu il tələbə adı qazananların sayı artıb
Qeyd edə ki, statistik məlumatlara görə, 2022-2023-cü tədris ilində 48 780 nəfər tələbə adını qazanıb. Bu ötən tədris ili ilə müqayisədə 11,3 faiz çoxdur. Ötən tədris ilində bu rəqəm 43 828 nəfər təşkil edib. Eyni zamanda, 2022-ci ildə peşə təhsilinə tələbə qəbulu üçün 93 500 müraciət daxil olub, 19 043 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 14 faiz artıb. Ötən il 16 594 nəfər tələbə adını qazanıb.
2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində 17 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb. Hazırda respublika üzrə 1 466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır. 2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20 faiz, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103 faiz artım deməkdir.
Xaricdə təhsillə bağlı yeni Dövlət Proqramı qüvvəyə minib
Bu il təhsil sahəsində baş verən ən önəmli hadisələrdən biri də “2022-2026-cı illər üçün Dövlət Proqramı"na ilk qəbulun aparılması oldu. Qeyd edək ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri daxildir. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.
Bundan başqa 2022-2023-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində ümumilikdə 211 tələbə dünyanın 7 müxtəlif ölkəsinə aid 44 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. 2021-2022-ci tədris ilində isə ümumilikdə 200 nəfərə yaxın tələbə dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində xaricdə təhsil almaq hüququ qazanmışdı.
Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyinə çevrildi
Qeyd edək ki, Azərbaycanda elm və təhsil sahəsinin vahid qurum tərəfindən koordinasiya edilməsi vaxtaşırı müzakirə olunan mövzulardan biri idi. Bu məsələ nəhayət ki, 2022-ci ildə öz həllini tapdı. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək, Elm və Təhsil Nazirliyinə çevrildi. Nəticədə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər bu nazirliyə həvalə edildi. Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaradılması nəzərdə tutulur ki, bu da gözlənilən idi. Yadda qalan ən əsas hadisələrdən biri də zamanın tələblərindən biri olan Regional Təhsil İdarələrinin yaradılması idi.
Müəllimlərin sertifikasiyasına başlanıldı
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq məhz bu ildən orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya imtahanına başlanıldı. Bu sınaqda uğurla çıxanların maaşlarına müvafiq olaraq 35 faiz və 10 faiz əlavələr edildi. Prosesin növbəti ildə də davam etdirilməsi gözlənilir.
29 ildən sonra azad Ağalıda ilk zəng
Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri uğurla reallaşdırılmaqdadır. Bu layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. O cümlədən təhsil infrastrukturu da müvəffəqiyyətlə qurulur, yeni məktəblərin təməli qoyulur. Ərazilərimizi işğal altında saxladığı 30 il müddətində vandal düşmən təhsil müəssisələrini də tamamilə dağıdıb. Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 müəssisə fəaliyyət göstərib.
Azərbaycan güclü iqtisadiyyatının hesabına Böyük qayıdış prosesinə start verib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində məhz bu ilin sentyabrında yeni məktəb binası istifadəyə verilib. Məktəbdə 29 ildən sonra ilk zəng çalınıb.
Ağalı məktəbi yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlət tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 65 şagird qeydiyyatdan keçib. 2022-2023-cü tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 14 müəllim məşğul olur.
İnnovativ tikinti materiallarından istifadə olunmaqla tikilən məktəb geniş ərazini əhatə edir. Məktəbin birinci mərtəbəsinin sahəsi 1619,5 kvadratmetr, ikinci mərtəbəsinin sahəsi isə 1044,1 kvadratmetr, texniki döşəməaltı mərtəbənin sahəsi 1017,4 kvadratmetr olmaqla, ümumi sahəsi 3681 kvadratmetr təşkil edir. Məktəbin birinci mərtəbəsində direktor, müəllimlər, müavin otaqları, tibb məntəqəsi, 2 texniki, 2 texnologiya, ibtidai siniflər üçün 4 sinif otağı, geniş, təmiz və işıqlı yemək zalı və bufet, qapalı idman zalı, oğlanlar və qızlar üçün ayrı olmaqla soyunub-geyinmə və duş otaqları, məşqçi otağı, hərbi hazırlıq otağı düzəldilib. İkinci mərtəbədə isə 9 sinif otağı, informatika otağı, biologiya, kimya laboratoriyaları, kitabxana və oxu zalı, geniş və işıqlı akt zalı və digər otaqlar yerləşir. Məktəbin həyətində geniş və müasir tələblərə cavab verən idman meydançası yaradılıb. Bütün sinif otaqları və akt zalı "ağıllı lövhə"lər və akustik səs sistemi ilə təchiz olunub. Siniflərdə, akt zalında və dəhlizdə kameralar quraşdırılıb.