Telekanallarda intellektual verilişlər niyə azdır? - Sorğu

15:52 06.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xarici telekanallarda yayımlanan intellektual yarışlar azərbaycanlı izləyicilərin də marağını çəkməkdədir. Yerli kanallarda bu kimi verilişlərin olmaması, bəzi kanallarda isə istənilən effekti verməməsi izləyicilərdə maraq yarada bilmir. Bəs dövlət hesabına maliyyələşən tv-lərdə, sayı çoxalan özəl kanallarımızda milli, mədəni dəyərlərimizi, tariximizi əks etdirən intelektual verlişlərin yayımı ilə bağlı nə düşünürlər?

İTV-nin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqizi hafta.az-a açıqlamasında dedi ki, İTV-də bir ildir ki, intellektual oyunlar yayımlanmağa başlayıb:

“Bunlar “61!”, “Əlaçı”, “Breyn Rinq”, “Nə? Harada? Nə zaman?” proqramlarıdır. Hər birində də milli, tarixi, mədəni dəyərləri əks etdirən suallar olur, qatılan yarışmaçılar da kifayət qədər aktivdir bu istiqamətdə”.

AzTv-nin mətbuat xidmətinin rəhbəri Mübariz Aslanov dedi ki, AzTV-də artıq daha da yenilənmiş formada “Mən Azərbaycanlıyam”. “Xəmsə” kimi intellektual yarışlara əsaslanan verilişlər efirdədir:

“Ümumiyyətlə milli, tarixi, mədəni dəyərlərimizi əks etdirən verilişlər, o cümlədən filmlərin çəkilişləri gedir. “Tarixin izi ilə”, “Azərbaycan tarixi” kimi verilişlərimiz, Nəsimi ili ilə bağlı tezliklə ekranlara çıxcacaq “Son gecə” filmi buna misaldır. Hazırda telekanalda yeni mövsümlə əlaqədər xeyli layihələr nəzərdə tutulub ki, burada da tarixi, milli, mədəni mövzular çoxluq təşkil edir”.

Space tv-dən isə bildirdilər ki, bu kimi verlişlər Azərbaycanda alınmır: “Özəl kanallar reklamla dolanır. Belə intelektual verlişlər tamaşaçılar tərəfində qəbul edilmir. Şou xarakterli verlişlərin aiditoriyası daha çoxdur. Reytinq olmayan halda o verlişi davam etdirmək çətin olur. Həmin saatlar boş yerə xərclənmiş olur. Tv-yə baxanlar açıb başqa kanalda şouya baxır. Biz də çox istərdik ki, Space tv-də belə verlişlər olsun, maraqlı oyunçularla, maraqlı formatda yayımlayaq. Özəl kanallarda bu çox çətindir, dövlət kanallarında ola bilsin bunu etmək mümkün olsun”.

Teletənqidçi, professor Qulu Məhərrəmli hesab edir ki, intellektual, maarifçi verilişlər istənilən televiziyanın həm də intelekt göstəricisidir:

“İstənilən universal televiziyada bu cür verilişlər gedir. Televiziya siyasətində isə bu bir elementdir. Ona görə bu tip verilişlər olmalıdır. Əvvəllər olub. İndi dünya təcrübəsində çox maraqlı layihələr var. Türkiyə, Rusiya, Avropa televiziyalarında çox maraqla qarşılanan intelekt yarışları təşkil olunur. Bizdə də “Milyonçu”, “Zəif bənd” kimi yarışların təşkil olunmasına cəhdlər olub. AzTV, İTV –də indi var, ancaq onlar populyarlıq qazana bilmir. Bu cür verlişlər televiziyaların rəngini dəyişir.  Hər televiziyanın, hər televiziya proqramının öz formatı, öz aiditoriyası olur. Bu cür verlişləri yenidən etmək mümkündür. Ancaq bir az maliyyə, bir az düşüncəli prodüsser tələb edir. Bu kimi əskiklik olanda televiziyalar belə verlişlərdən qaçırlar. Büdcəddən maliyələşən telekanallarımız bu cür verlişləri etməlidir. Belə verlişlər televiziya yalnız hörmət gətirə bilər, nüfuzunu artırar”.