“Texniki baxışa görə rüsumun 50 faiz artırılması əsaslandırılmalıdır"- Ekspert baxışı

12:03 24.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son günlərin müzakirə mövzularından biri də texniki baxışa görə dövlət rüsumunun artırılmasıdır. Yəni Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır. Belə ki, bu məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Mövzu ilə bağlı hafta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki, texniki baxışla bağlı rüsumun artırılması aidiyyatı qurumlar tərəfindən əsaslandırılmalıdır.

Ekspertin sözlərinə görə, rüsumların hansı səbəbə göər 50 faiz artırılmasına dair Milli Məclis əsaslandırılmış qərar verməlidir: “İstənilən artımın əsaslı olması lazımdır. Hazırda biz o səbəbləri görmürük. Əgər bu gün 50 faiz artım keyfiyyətin yüksəlidlməsi ilə bağlıdırsa, təbii ki, bu da əsaslandırılmalıdır. Konkret o xidmətlərdən söhbət gedir ki, avtomobil texniki baxışdan keçirilir. Əlavə hansısa yoxlama elementi daxil edilməyib.  Texniki baxış üçün qanunvericilikdə bu kimi səbəblər nəzərdə tutulmayıb. Bu gün mövcud xidmət sürücülərin marağına cavab verir. Müəyyən dəyişikliklər gözlənilir. Ümümiyyətlə texniki baxışın müəyyən servislər tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir. Bir neçə ay bundan əvvəl məsələ qabardılmışdı. Aidiyyatı strukturlar da buna rəy bildirmişdilər. Yəni texniki baxışın ixtisaslaşdırılmış servislər tərəfindən həyata keçirilməsi müzakirə olunmuşdu. Düşünürəm ki, istənilən halda bu təklifi irəli sürən şəxsin əsaslandırılması olmalıdır. Ola bilsin bu əsaslandırma var, KİV-lərdə tirajlanmır, Milli Məclisdə çıxarılıb və dilə gətirilib”.

Ekspert Ərşad Hüseynov isə öz sosial hesabında bununla bağlı paylaşım edib.

O bildirib ki, Belə məlumat yayılır ki, nəqliyyat vasitələrinin texniki baxışına görə dövlət rüsumunun artırılması nəzərdə tutulur: "Lakin məsələyə belə yanaşılmasını düzgün saymıram. Çünki 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda texniki baxışla bağlı ciddi islahatları ehtiva edən 4 istiqamətdə tədbirlər görülməsi nəzərdə tutulur”.

Ekspert 2019–2023-cü illər üçün Dövlət Proqramında texniki baxışla bağlı nəzərdə tutulan 4 istiqaməti sadalayıb: 

1. Texniki baxış keçirilməsinin xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə edilməsi;

2. Texniki baxışın hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilməsi qaydasının hazırlanması və onların hüquqi məsuliyyətinin müəyyən edilməsi;

3. Texniki baxışı həyata keçirəcək mütəxəssislərin təlim və tədrisinin təşkili qaydalarının hazırlanması;

4. Bütövlükdə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi.

Qeyd olunan işlər 2021-ci ilin sonunadək bitməlidir.

Ə. Hüseynov hesab edir ki, proqramda nəzərdə tutulan tədbirlər kompleks şəkildə icra edilməli, ölkədə nəqliyyat parkının real texniki baxışını və bunun sayəsində nəqliyyatın texniki təhlükəsizliyini təmin edə biləcək sistem yaradılmalıdır: “Rüsumların az və ya çox olması məsələsinə isə yalnız bundan sonra – texniki baxışın maliyyə təminatı məsələləri çərçivəsində baxıla bilər.

Ona görə də Milli Məclis deputatlarından xahiş edirəm ki, deyilən rüsumların artırılması ilə bağlı layihəni müzakirə etməsinlər və texniki baxışla bağlı Dövlət Proqramında qeyd edilən bütün tədbirlərin hüquqi bazasını təkmilləşdirəcək qanun layihələri zərfinin hazırlanmasını və müzakirəyə təqdim edilməsini əlaqədar icra hakimiyyəti orqanlarına tövsiyə etsinlər”.