““Tramp Marşrutu” bütün bölgənin iqtisadi xəritəsini cızdı” - Əlisahib Hüseynov

15:20 11.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş və Birgə Bəyannamənin imzalanmasını yekun sülh sazişinə gedən yolun sonuncu - həlledici mərhələsi hesab etmək olar. Çünki uzun illər davam edən danışıqlarda Azərbaycanın mövqeyi prinsipial olaraq qorunduğu kimi, Vaşinqton görüşlərinin nəticəsində əldə olunan razılaşmalar da tam olaraq milli-strateji maraqlarımıza uyğundur”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib.

Ə.Hüseynov qeyd edib ki, Azərbaycan və Ermənistan bu mərhələyə çatmaq, Vaşinqton anlaşmasına imza atmaq üçün son 5 ildə çox uzun, riskli yol keçib:

“Bu yolun əsas bələdçisi, lokomotivi, aparıcı qüvvəsi də məhz Prezidenti İlham Əliyev oldu. O, Zəfərimizi masadakı Qələbə ilə uzlaşdırmağı və yekun Sülh üçün etibarlı zəmin yaratmağı bacardı. Məhz İlham Əliyevin qətiyyətli iradəsinin, titanik səylərinin nəticəsində sülh prosesi bu nöqtəyə gəlib yetişdi və həm tez-tez mövqeyini dəyişən, müxtəlif qlobal güc mərkəzlərinin himayəsinə sığınaraq sülh prosesini süni surətdə ləngidən Ermənistan rəhbərliyini sonda reallıqla hesablaşmağa, bizim diktə etdiyimiz sülh gündəliyini qəbul etməyə məcbur etdi”.

Komitə sədri hesab edir ki, faktiki olaraq bu anlaşma ilə Azərbaycan əslində bütün strateji hədəflərinə çatmış oldu. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bu sənəd - “Sülh və Əməkdaşlıq üzrə Vaşinqton Bəyannaməsi” həm Cənubi Qafqaz regionunda yeni geosiyasi arxitekturanın formalaşmasına, həm də bölgədə yeni dövrün başlanğıcına rəvac verəcək nəticələr baxımından mühüm əhəmiyyət daşıyır:

 

“ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvinin razılaşdırılması, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” - TRIPP adlandırılan Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəlişin təmin ediləcəyinə zəmanət verilməsi, ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi kimi olduqca mühüm razılaşmalar Vaşinqtonda imzalanan Birgə Bəyannamədə öz əksini tapmaqla Azərbaycanın qazandığı əsas uğurlar hesab olunur. Bütün bu razılaşmalar onu göstərir ki, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsinə birmənalı surətdə nail oldu. Eyni zamanda yekun sülh sazişinin imzalanmasına gedən yolun kənar güclərin, maraqlı tərəflərin süni maneəçiliklərinin qarşısının alınması, neytrallaşdırdı”.

Ə.Hüseynov hesab edir ki, lap yaxın gələcəkdə iki dövlət arasında yekun sülh sazişinin bağlanmasına gətirib çıxaracaq Birgə Bəyannamənin müddəalarının icrası Rusiyanın və İranın pozuculuq fəaliyyətlərini minimallaşdırmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunun sürətli iqtisadi inkişafına səbəb olacaq:

“Ermənistan ərazisindən keçərək Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Tramp Marşrutu”nun açılması həm nəqliyyat-kommunikasiya əlaqələrini bərpa edəcək, həm də bütövlükdə regionun ticarət və iqtisadi yüksəlişinə mühüm töhfə verəcək. Bu mənada “Tramp Marşrutu” sadəcə nəqliyyat dəhlizi deyil. Bu dəhliz bütün bölgənin iqtisadi xəritəsini dəyişdirəcək həyat arteriyasıdır. Bu yolun işlək hala gəlməsi Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqla yanaşı, 100 ildən çoxdur ki, parçalanmış vəziyətdə olan Türk dünyasının quru yolla birləşdirilməsinə imkan yaradacaq. Eyni zamanda, bu dəhliz vasitəsilə Çin və Türküstan, digər Mərkəzi Asiyamallarının Avropa bazarlarına daha sürətli və sərfəli çatdırılması təmin olunacaq. Nəticədə ölkəmiz dünyanın əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Bir sözlə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun yaradılması Azərbaycanın həm tranzit imkanlarını, həm də geoiqtisadi rolunu əhəmiyyətli dərəcədə artıracaq, Azərbaycanın mövqeyini regionda daha da gücləndirəcək.

Azərbaycan və ABŞ liderləri tərəfindən ayrıca olaraq iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasını formalaşdırmaq məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Bakı ilə Vaşinqton arasında münasibətlərin institusional çərçivəsini daha da genişləndirdi. Bu addımın atılması hər iki dövlətin siyasi-iqtisadi münasibətlərini yeni mərhələyə daşıyaraq enerji, təhlükəsizlik, iqtisadiyyat və kommunikasiya, terrorizmlə mübarizə, Süni İntellekt sahələrində qarşılıqlı əməkdaşlığı daha dərin və məqsədyönlü hala gətirəcək. Anlaşma Memorandumunun əsasında qarşıdakı 6 ay ərzində hazırlanacaq Strateji Tərəfdaşlıq Xartiyası ABŞ-Azərbaycan münasibətlərində sözün əsl mənasında inqilabi dönüş yaradacaq ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir”.

Ə.Hüseynov eyni zamanda deyib ki, Prezident İlham Əliyev və Donald Tramp arasında şəxsi təmaslardakı səmimilik və qarşılıqlı ehtiram da ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni, daha geniş mərhələyə keçməsində olduqca mühüm rol oynayır. Hiss olunur ki, hər iki xarizmatik lider qarşılıqlı etimada söykənən münasibətlərə ciddi önəm verir:

“Prezident İlham Əliyevin diplomatik ustalığı ilə yanaşı, səmimi münasibətlər qurmaq bacarığı iki ölkə liderlərinin gələcək böyük dostluğu üçün zəmin yaratdı. Eyni zamanda, cənab Trampın ölkəmizə qarşı tətbiq edilmiş 33 illik ədalətsiz sanksiyaları aradan qaldırması ABŞ-ın Azərbaycanla əməkdaşlıqda yeni və qarşılıqlı faydaya əsaslanan kursa keçdiyini göstərir. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin Prezident Donald Trampın qərarı ilə dayandırılması onun həm İlham Əliyevə və Azərbaycana qarşı nümayiş etdirdiyi yüksək hörmətin göstəricisidir”.

Ə.Hüseynov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi istiqamətində prosesin irəlilədilməsi artıq geridönməz xarakter alıb. Bu isə öz növbəsində həm bölgədə, həm də dünyada yeni prosesin başlanğıcı deməkdir:

“Ona görə də Vaşinqtonda imzalanan Birgə Bəyannaməni "İkinci Kemp-Devid sazişi" və ya "İkinci Deyton sazişi" adlandıran siyasi müşahidəçilər əsla yanılmırlar. Çünki adları çəkilən hər iki tarixi saziş vaxtilə Yaxın Şərqdə və keçmiş Yuqoslaviya məkanında bu regionların taleyini dəyişdirən və onilliklər boyu davam edən münaqişələri dayandıran sülhün təmin edilməsində həqiqətən də həlledici rol oynayıb. Məhz bu sazişlər bir çoxları üçün mümkün görünməyən sülhü reallığa çevirdi və ABŞ diplomatiyasının ən böyük nailiyyətlərindən biri kimi tarixə düşdü. Ümid edirik ki, Trampın iştirakilə Ağ Evdə imzalanan Birgə Bəyannamə də tezliklə Cənubi Qafqaza böyük Sülhün gətirilməsində önəmli rol oynayacaq. Ermənilər də artıq revanşizm hisslərindən tamamilə əl çəkməli və Vaşinqton görüşünün nəticələrini düzgün dəyərləndirməlidirlər. Çünki Vaşinqton Bəyannaməsi təkcə Azərbaycanın Zəfərinin təsdiqi deyil, bu, həm də Ermənistan üçün tarixi fürsətdir”.

Ə.Hüseynov vurğulayıb ki, bu gün Azərbaycan və Ermənistan liderlərinin bölgəyə sülh gətirmək təşəbbüslərinə hər kəs dəstək verməlidir:

“Azərbaycan lideri Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını kökündən dəyişən addımlar atır. Həmçinin ABŞ Prezidenti də Cənubi Qafqazla bağlı sülh prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana dəstək verəcəyini bildirir. ABŞ liderinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarının paraflanması həqiqətən də mühüm hadisədir. ABŞ kimi güclü dövlətin zəmanəti ilə Azərbaycan-Ermənistan sülh gündəliyi tezliklə real sülhə çevrilə bilər”.