ABŞ prezidenti Donald Trampın qlobal yardımı kəsməsi 5 il ərzində 14 milyon insanın ölümünə səbəb ola bilər.
Hafta.az-ın yazdığına görə, “The Lancet” jurnalında yayımlanan araşdırmada 133 ölkədən məlumatlar araşdırılır. Bildirilir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in ayırdığı vəsait 2001-2021-ci illər arasında inkişaf etməkdə olan ölkələrdə 91 milyon insanın ölümünün qarşısını alıb.
ABŞ Dövlət Katibi Marko Rubio martda USAİD-ə bağlı proqramların 80 faizinin bağlandığını açıqlamışdı.
Tədqiqat bu böyüklükdə kəsilmənin 2030-cu ilə qədər 14 milyon insanın ölümünə səbəb ola biləcəyinə diqqət çəkir.
Dünyanın ən böyük humanitar yardım təminatçısı olan USAİD sisteminə edilən kəsintilər səbəbindən 5 yaşdan kiçik 4,5 milyon uşağın ölə biləcəyi də vurğulanır. Qurumun 2001-2021-ci illər arasında 30 milyon uşağın ölümünün qarşısını aldığı deyilir. Tədqiqat həmçinin qeyd edir ki, maliyyə kəsilməsi geri qaytarılsaydı, bu ölümlərin qarşısı alına bilərdi.
"Bir çox aşağı və orta gəlirli ölkələr üçün şok qlobal pandemiya və ya böyük silahlı münaqişə ilə müqayisə edilə bilər" deyib tədqiqatın müəlliflərindən David Rasella.
Alim əlavə edib ki, maliyyələşmənin azaldılması yoxsul ölkələrdə səhiyyədə "20 illik inkişafın qəfil dayandırılması və ya hətta geri qaytarılması riski" ilə nəticələnir.
Vaşinqton keçən il təxminən 61 milyard dollar xarici yardım göstərib ki, bunun da yarısı USAİD vasitəsilə paylanıb.
Tramp administrasiyası iddia edir ki, USAID yeni model altında daha səmərəli fəaliyyət göstərəcək. Bununla belə, BMT rəsmisi keçən ay BBC-yə bildirib ki, Keniyadakı qaçqın düşərgələrində yüz minlərlə insan maliyyə kəsilməsindən sonra “yavaş-yavaş aclıqdan ölür”.