Trampla Harrisin şansları bərabərdir - Ərəstun Oruclu

18:49 22.09.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün budəfəki söhbətimizdə ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harrisin qələbə şansları, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbərinin və Böyük Britaniyanın “Mİ 6” kəşfiyyat xidməti direktorunun ardıcıl olaraq Bakıya gəlmələri, Ukraynaya ABŞ və Böyük Britaniya silahlarının Rusiyanın ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verilməməsinin səbəbləri və s. haqda danışdıq.

- Prezidentliyə namizədlər Donald Trampla Kamala Harrisin debatına Amerika cəmiyyətinin reaksiyalarından sonra hansı nəticəyə gəldiniz? Deyəsən, Harrisin qalib gəlmək şansları daha çoxdur?

- Donald Trampla Kamala Harris arasında Pensilvaniya ştatında keçirilmiş debat əslində heç nəyi müəyyənləşdirmədi. Əgər biz məsələyə bir az dərindən baxsaq, onun ictimai rəyə təsir, şou tərəfini kənara qoysaq, bu gün birmənalı şəkildə demək olar ki, güclər bərabərdir. Baxmayaraq ki, Trampa qarşı çox ciddi ittihamlar var. Özü də həmin ittihamlar yalnız demokratlar, onlara bağlı güclü media resursları tərəfindən deyil, elə Respublikaçılar Partiyasının özündən olan tanınmış şəxslər tərəfindən də səslənir. Onların arasında son 20 ildə prezidentliyə namizəd olmuş, iki keçmiş vitse-prezident də var; bunlardan  biri oğul Buş dönəmində vitse-prezident olmuş Dik Çeynidir, digəri isə Tramp dönəmində vitse-prezident olmuş Mayk Pensdir. Onlar açıq şəkildə əks düşərgənin namizədinə, yəni Kamala Harrisə dəstək verib. Belə tanınmış respublikaçıların sayı nə az, nə çox, düz 20 nəfərdir. Bu, çox ciddi göstəricidir...

 Bütün bunlar belə bir görüntü yaradır ki, Trampın seçkilərdə məğlub olmaq şansı kifayət qədər yüksəkdir. Debat haqqında da ictimai rəy belədir ki, üstünlük Harrisin tərəfində olub. Amma məsələ burasındadır ki, rəy sorğuları bir qədər fərqli nəticələr ortaya qoyur. Müxtəlif sosioloji araşdırma mərkəzlərinin, media vasitələrinin keçirdiyi rəy sorğuları şansların aşağı-yuxarı bərabər olduğunu göstərir.  Digər bir maraqlı fakt da ondan ibarətdir ki, Respublikaçılar Partiyasından olan yuxarıda qeyd etdiyim 20 nəfər tanınmış aparıcı siyasətçinin mövqeyinə rəğmən sorğular göstərir ki, respublikaçıların 95-97 faizi Trampı dəstəkləyir. Həlledici amil də, əlbəttə ki, seçicilərin səsidir...

 Bilirsiniz ki, ictimai rəyə təqdim olunan ekspert dəyərləndirmələri və yaxud sosioloji sorğular bir çox hallarda elə ictimai rəyə təsir məqsədi güdür və təsir vasitəsi olur. Ona görə də burada namizədlərin şansları haqda nəsə söyləmək hələ çox çətindir. Ancaq bir maraqlı rəy var. Mən həmin rəyin hansı tərəfdən, kim tərəfindən səsləndirildiyini xatırlamıram. O şəxs dedi ki, Harris debatı uddu, lakin seçkinin taleyi hələ qeyri-müəyyəndir. 2016-cı il prezident seçkilərində ABŞ-də aparılmış  bütün rəy sorğuları, bütün sosioloji araşdırmalar birmənalı şəkildə göstərirdi ki, Hillari Klinton qalib gələcək, amma sonda seçici üstünlüyü Trampa verdi. Ona görə də ABŞ-dəki seçkilərin nəticələri haqda bu gün hansısa qəti bir rəy söyləmək, hesab edirəm ki, qeyri-mümkündür. Dediyim kimi, Amerika mediasında da bu barədə fikir söyləyənlərin, proqnoz verənlərin çoxu əsasən ictimai rəyə təsir məqsədi güdür...

- Böyük Britaniyanın “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Londonda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnslə görüşündən bir həftə sonra sentyabrın 14-də Bakıya gəldi, ADA Universitetində mühazirə oxudu. Bundan bir neçə gün öncə isə sentyabrın 10-da ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Azərbaycanda olmuşdu. Sizcə, dünyanın iki qüdrətli dövlətinin yüksəkçinli kəşfiyyatçılarının ölkəmizə bu səfərlərinin arxasında nələr dayanır?

- ABŞ hərbi kəşfiyyatının rəhbərlərindən biri olan Patrik Priorun və onun ardınca Britaniyanın “Mİ 6” kəşfiyyat xidmətinin rəhbəri Riçard Murun Azərbaycana səfəri heç də təsadüfi deyil və biz görürük ki, geosiyasi məsələlərdə Londonla Vaşqinqton arasında olduqca intensiv məsləhətləşmələr gedir. Bu məsləhətləşmələrin mərkəzi mövzularından biri də, heç şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyətdir. Unutmayaq ki, elə bu günlərdə, yəni qeyd edilən səfərlərin ardınca ABŞ Dövlət Katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib, ondan iki gün əvvəl isə Ermənistan baş naziri Nikol Paşinyanla danışıb. Bütün bunların ümumi təhlili onu göstərir ki, Cənubi Qafqaz bu gün böyük, qlobal maraqların toqquşduğu mərkəz olmaqla yanaşı, həm də həmin toqquşmanın intensivliyi artmaqdadır. Düşünürəm ki, Bakıya edilən bu səfərlər Azərbaycan rəhbərliyini mümkün risklər, Azərbaycan üçün, bölgə üçün riskli dinamika haqqında həm məlumatlandırmaq, həm də bu barədə məsləhətləşmələr aparmaq məqsədi güdür. Qərb ölkəmizi hələ də potensial partnyor kimi nəzərdən keçirir. O cümlədən, Cənubi Qafqaz və Yaxın Şərq məsələlərində... Əks təqdirdə aparıcı Qərb dövlətləri tərəfindən belə səfərlərə ehtiyac olmazdı, hansısa açıq bəyanatlar verilərdi, Azərbaycanın ünvanına hansısa ittihamlar səsləndirilərdi. Deməli, Qərbdə məsələlərə praqmatik yanaşırlar və düşünürlər ki, əlbəttə, o qarşılıqlı ritorika öz yerində, amma maraqlar tələb edir ki, əməkdaşlıq davam etdirilsin. Bu əməkdaşlığın da əsas təməl məsələlərindən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsinin gecikdirilməsi, iki ölkə arasında bu gün sülh müqaviləsi anlamında kompromisin olmaması bölgədə riskləri artırır və müdaxilə imkanlarını genişləndirir. Düşünürəm ki, səfərlərin başlıca məqsədi bu idi. Təbii ki, biz bu gün hansı danışıqların olması, hansı nəticələrin əldə edilməsi haqda yalnız ehtimal edə bilərik. Hər bir halda müəyyən dinamikanı izləyərək ilkin nəticələrə gələ bilərik. Məsələn, Rusiyanın ən müxtəlif istiqamətlərdə Azərbaycan təzyiqlərinin artması müşahidə olunur. Rusiyadakı Azərbaycan vətəndaşlarının zorla Ukraynadakı işğalçı müharibəyə cəlb edilməsindən tutmuş İran-Rusiya cütlüyünün Xəzərdə hərbi təlimlərə başlamasınadək... Bütün bu məsələləri nəzərdən keçirəndə belə nəticəyə gəlirik ki, sözügedən səfərlər təsadüfən olmayıb. Çox güman ki, bu səfərlər, öncə dediyim kimi, bölgədə eskalasiyadan yayınma yollarının axtarışına həsr olunub. Hələlik bu qədər demək mümkündür...

- ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında aparılan danışıqlardan sonra da Birləşmiş Ştatlar öz silahları ilə Rusiya ərazisini vurmağa icazə vermədi. Bəziləri bunu Qərbin Putinin nüvə zərbəsi hədələrindən qorxması kimi dəyərləndirir. Siz necə düşünürsüz?

- Ukraynaya ABŞ və Böyük Britaniya silahlarının Rusiyanın ərazisini vurmaq üçün istifadə edilməsinə icazə verilməməsi, rəsmi Vaşinqtonun bu məsələdə müəyyən mənada ehtiyatlı mövqe tutması, hesab edirəm ki, heç də Putinin nüvə hədələrindən irəli gəlmir. Putin administrasiyası Ukraynada düşdüyü vəziyyətdən çıxmaq üçün gah artıq dəfələrlə keçilmiş, heç kəsin əhəmiyyət vermədiyi çoxsaylı “qırmızı xətlər” çəkir, gah da Qərbə, ABŞ-yə nüvə təhdidləri edir. Hətta bu günlərdə Rusiyanın baş diplomatı Sergey Lavrov  özü də istəmədən etiraf etdi ki, artıq “qırmızı xətlər” məsələsi xaricdə məsxərə kimi qəbul olunur... Rusiya hökuməti çətin vəziyyətə düşüb. II Cahan savaşından bəri ilk dəfədir ki, Rusiya ərazisinə xarici dövlət müdaxilə edir.  Bu da Rusiyanın Ukraynadakı işğalçı siyasətinə olan cavabdır. Mən Ukrayna ordusunun Kursk vilayətinin müəyyən ərazisini nəzarətə götürməsindən bəhs edirəm...

Bir sözlə, Ukraynaya dediyimiz məsələdə icazə verilməməsinin arxasında başqa səbəblər dayanır. Düşünmürəm ki, ABŞ Putinin nüvə təhdidlərindən çəkinir. Rusiyanın adi silahlı qüvvələri hansı vəziyyətdədirsə, bunu artıq bütün dünya gördü, - nüvə arsenalı da elə həmin durumdadır. Nəzərə alsaq ki, son 30-35 ildə o sahədə, ümumiyyətlə, heç bir inkişaf olmayıb. Təsəvvür edin, Rusiyanın tərifli hipersonik raketləri, hansısa əlçatmaz kontinental raketləri haqqında nağıllar son nəticədə onunla yekunlaşır ki, bütün bu texnologiyalar üzərində işləyən 12 rusiyalı alim “FSB” tərəfindən dövlətə xəyanətdə ittiham olunaraq həbs edilir, uzunmüddətli mühakimə olunur və onlardan 3-ü də həyatını həbsxanada başa vurur. Bu, Rusiyanın uğurlarının hansı səviyyədə olmasının bir əlamətidir.  Odur ki, bir daha deyirəm, Qərbin Putinin nüvə hədələrindən qorxmasından danışmağa dəyməz. Sadəcə olaraq Rusiyanı daha da aqressivləşdirmək, onun müharibə coğrafiyasını genişləndirmək istəmirlər. Kreml elə bir vəziyyətdədir ki, o bu gün istənilən düşünülməmiş addım ata bilər. Qərbdə isə gözəl anlayırlar ki, bu, güclərin səpələnməsi, dünyanın daha böyük ərazilərinin münaqişə bölgəsinə çevrilməsi demək olar. Ona görə də Vaşinqton bu məsələdə ehtiyatlı davranır.

- İki ay əvvəl Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qulağından yaralanan ABŞ prezidentliyinə namizəd D.Tramp yenidən Florida qolf klubu yaxınlığında silahlı atışma zamanı sui-qəsd cəhdinə məruz qaldı. Sizcə, bunların Trampın seçkiqabağı reytinqini qaldırmaq üçün Rusiya kəşfiyyatı tərəfindən təşkil edilməsi mümkündürmü? Trampın özünün Rusiya kəşfiyyatı  ilə bağlı olması haqda ABŞ siyasi və təhlükəsizlik dairələrində yetərincə şübhələr mövcuddur. Hələ 2017-ci ildə “Vaşinqton-post” bu haqda məqalə dərc etmişdi. 2021-ci ildə “KQB”nin keçmiş casusu, Putinin tələbə yoldaşı Yuri Şvets Trampın 40 il öncədən “KQB” tərəfindən ələ alındığını söyləmişdi, bu günlərdə isə ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktor müavini Endryu Makkeyb bildirdi ki, Donald Tramp Putinlə qarşılıqlı əlaqələrə görə "de-fakto Rusiya agenti" hesab edilə bilər...

- Açığı, mən düşünmürəm ki, bu, hansısa bir kəşfiyyatın planlaşdırdığı işdir. Nəyə görə? Ona görə ki, Birləşmiş Ştatların əks-kəşfiyyat qurumu olan Federal Təhqiqatlar Bürosu (FTB), istərsə də digər qurumları kifayət qədər peşəkar təhqiqatçılara malikdir və belə bir hal olarsa, şübhəsiz, onu axtarıb ortaya çıxararlar. Bu da Rusiya üçün fəlakətli bir nəticə verər. Düşünmürəm ki, bu sui-qəsd cəhdi Rusiya, yaxud digərləri tərəfindən Trampın reytinqini qaldırmaq üçün həyata keçirilmiş bir aksiyadır. Burada ABŞ daxilində yaranmış vəziyyəti nəzərə almaq lazımdır. Vəziyyət isə belədir ki, məhz Trampın həmin o sərt, aşağılayıcı, bölücü ritorikası Amerika cəmiyyətində ifrat bir qütbləşməyə səbəb olub və bu yeni bir fenomen deyil. Tramp 2016-cı ildə prezident seçkilərinə qatılanda artıq ABŞ siyasətinə təzə bir trend gətirdi: aşağı ayarlı, sərt ritorika, bölücülük, nifrət yaratmaq... Bu gün də bir çox insanlar düşünürlər ki. Trampın, ümumiyyətlə, nəinki prezident olmaq ehtimalı, siyasi arenada olması Amerika dövləti və xalqı üçün ciddi təhdidlər yaradır. Nifrət qarşılıqlı nifrət doğurur. Bəzən insanlar da bundan belə nəticə çıxarır ki, o bir qəhrəmanlıq etməli və Trampı aradan götürməlidir.  Bu mənada hesab edirəm ki, söhbət, böyük ehtimalla daha çox şəxsi təşəbbüsdən gedir. Tramp öz yürütdüyü siyasətin, əgər buna siyasət demək mümkünsə, öz avantürizminin, öz ifrat ekstremizminin hədəfinə gəlir, qurbanına çevrilir. Düşünmürəm, burada Rusiyanın dəst-xətti var. Rusiya kəşfiyyat qurumlarının belə riskə gedəcəyinə də inanmıram. ABŞ-nin bu sahədə gücü yetərincədir ki, istənilən bir cinayətin kökünü açıb ortalığa qoysun...

Yuri Şvetsin Trampın haqqında dediklərini də ciddi qəbul etmirəm. Bir daha deyirəm ki, ortada sübut yoxdursa, ortada fakt yoxdursa, bunlar hamısı boş söhbətlərdir. Mən, ümumiyyətlə, Yuri Şvetsin bugünədək Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğunu düşünürəm. Bu fiqurun fəaliyyəti olduqca şübhəlidir. Mənə bu mənada bir şey təəccüblü gəlir ki, görəsən, Amerika xüsusi xidmət orqanlarında bunu anlamırlarmı... Yəqin ki, anlayırlar, yəqin ki, bilirlər, ancaq Şvetsin fəaliyyəti o qədər də ziyan vurmadığından hələlik ona dəyib-dolaşmırlar. Yenə deyirəm ki, mənim üçün Yuri Şvets etibarlı mənbə sayılmır...

- Sizcə, İsrail-Fələstin müharibəsi hansı halda dayana bilər?

- Netanyahunun Qəzzada Fələstin xalqına qarşı apardığı siyasət ABŞ-dəki prezident seçkilərindən sonra bitəcək.  Təbii ki, Donald Tramp qalib gəlməzsə. Tramp qalib gələcəyi halda, bu münaqişənin miqyası bir qədər də böyüyə bilər, hətta İordan çayının  Qərb sahilinə, yəni Ramallaha keçə bilər – harada ki,  Fələstin muxtariyyəti mövcuddur. Trampın bu istiqamətdə, Yaxın Şərqdəki siyasəti ifrat dərəcədə birqütblüdür. Yox, əgər seçkilərdə demokratlar, yəni Kamala Xarris qalib gələrsə, Netanyahu nəinki bunu dayandırmağa, hətta hakimiyyətdən getməyə məcbur ola bilər. İstənilən halda ABŞ-nin də bu işdə iştirakı olacaqdır. Görünən budur ki, hələ İsraildəki etirazlar Netanyahunun hakimiyyətdən getməsi üçün yetərli deyil...