Türkiyə Mədəniyyət Nazirliyinin Xüsusi Mükafatlarının qalibləri açıqlandı

11:37 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 44 ildir mütəmadi olaraq verilən mükafatların builki qalibləri “Anadolu Əl Sənətlərini Yaşatma və İnkişafetdirmə Dərnəyi (Anelsander)”, “İbrahim Alimoğlu Musiqi Muzeyi” və “Sadberk Xanım Muzeyi” olub.

Hafta.az-ın yazdığına görə, mükafatları mədəniyyət və turizm naziri Məhmət Nuri Ersoy sosial media hesabında açıqlayıb. Nazir Ersoy sosial şəbəkədəki paylaşımında bu ifadələrdən istifadə edib: “Nazirliyimizin ən nüfuzlu mükafatı öz sahiblərini tapdı. Ölkəmizin mədəniyyət və incəsənət dünyasına töhfə verən qurumlarımıza dəyərli işlərinə görə təşəkkür edirik. Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il xüsusi mükafatlarına layiq görülən hər üç mədəniyyət və incəsənət qurumumuzu təbrik edirəm”.

Türkiyədə mədəniyyət və incəsənəti həm milli, həm də beynəlxalq səviyyədə uğurla təmsil edən qurumların gördüyü işləri qiymətləndirmək və təşviq etmək məqsədi ilə verilən mükafatlar bu il də münsiflər heyəti tərəfindən müəyyən edilib.

Yaşayan ustalar vasitəsilə ölkə daxilində ənənəvi əl sənətləri sahəsində qabaqcıl və ixtisaslı işləri ilə seçilən ANELSANDER fəaliyyətləri ilə yanaşı, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyasına imza atmış və Türkiyənin bu sahədə əldə etdiyi nailiyyətləri artırmış və buna görə də o, mükafata layiq görülüb.

Öz sahəsində Türkiyənin ilk və ən böyük muzeyi olan, dünyada və Avropada ilk 10-luqda yer alan İbrahim Alimoğlu Musiqi Muzeyi Türkiyədə mədəniyyət və incəsənət sahəsində şəxsi səyləri və təşəbbüsləri ilə mükafatların daha bir sahibi olub.

Türkiyənin ilk özəl muzeyi olan Sadberk Xanım Muzeyi bərpa və konservasiya emalatxanası, eləcə də geniş ərazidə diqqətlə qorunan zəngin kolleksiyası ilə müasir muzeyşünaslıq təcrübələrinin uğurlu nümunəsi olduğu üçün mükafata layiq görülüb.

1979-cu ildən Mədəniyyət və Turizm Nazirliyinin ən nüfuzlu və ən yüksək dəyərli mükafatı olaraq hər il verilən mükafatlar 2016-cı ildən etibarən “Mədəniyyət və Turizm Nazirliyinin Xüsusi Mükafatları” adı altında verilir.

Nazirlik mükafatları türk tarixi, ədəbiyyatı, dili, plastika sənəti, memarlıq, arxeologiya, musiqi və tamaşa sənəti, folklor, teatr, opera və balet, sənət tarixi, fotoqrafiya, kino, kitabxanaçılıq və muzeyçilik sahələrində verilir.

Oxunma sayı 105