Türkiyə müdafiə sənayesi ixracat həcmini artıraarq noyabrda da rekord qırılıb. İxrac ötən ilin noyabr ayı ilə müqayisədə 32,3 faiz artaraq 637 milyon dollara çatıb. Son 12 ayda sektorun toplam ixracatı 18 faiz artımla 6 milyard 479 milyon dollara çatıb. Sektor 2024-cü ildə 178 fərqli ölkəyə ixrac edib.
Hafta.az-ın yazdığına görə, rəqəmləri dəyərləndirən Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün, "Türkiyənin nəhənglər liqasında önəmli bir oyunçu olduğunu bütün dünyaya göstəririk" deyib.
“Müdafiə sənayemiz hər gün böyüyür, inkişaf edir və güclənir. Geniş, ixtisaslı və dinamik ekosistemimiz, sahədə özünü doğrultmuş sistemlərimiz və gündən-günə artan ixrac potensialımızla Türkiyənin indi nəhənglər liqasında önəmli bir oyunçu olduğunu dünyaya nümayiş etdiririk. Beynəlxalq aləmdəki bu artım tendensiyası arxasında prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qeyd-şərtsiz dəstəyi, türk mühəndislik gücünə və mühəndislərinə olan inamı dayanır. Bütün dünyaya ixrac edə bilən müdafiə sənayesi şirkətlərimiz 2024-cü ildə 178 fərqli ölkəyə məhsul ixrac edərək böyük rekorda imza atdılar. Qarşıdakı dövrdə prezidentliyimiz həm iri miqyaslı şirkətlərimizi, həm də KOBİ-ləri əhatə edən, ixracatçı şirkətlərin sayını artıran və ixracı bütün sektor üçün davamlılığın lövbərinə çevirən beynəlxalq fəaliyyətləri davam etdirəcək”, - Görgün deyib.