Türkiyədə cümhuriyyət tarixində tikilmiş ilk kilsə açılır

11:05 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Mor Efrem Süryani Qədim Ortodoks Kilsəsi, Türkiyə Cümhuriyyətinin qurulduğu gündən bu yana tikilən və qapılarını açacaq ilk kilsədir. Buna görə çox xoşbəxtik".

Hafta.az-ın "Euronews"a istinadən yazdığına görə, bunu açılışdan əvvəl mətbuata danışan İstanbul Süryani Vəqfinin sədri Sait Susin deyib. O bildirib ki, Türkiyədə Süryani xristianlarının əksəriyyətinin məskunlaşdığı Avropa hissəsində Yeşilköy rayonunda yerləşən Mor Efrem Kilsəsi 17 min nəfərlik icma tərəfindən maliyyələşdirilir.

2019-cu ildə Asuri icmasının tələbi ilə torpaq sahəsi ayrıldıqdan sonra prezident Ərdoğanın iştirakı ilə təməli qoyulan bina 750 nəfər üçün nəzərdə tutulub.

Susin, "Fevralın 19-da açacaqdıq, amma fevralın 6-da baş verən zəlzələ bizi dayandırdı. Ölkə üçün böyük bir ağrı idi. Belə bir mühitdə açılış etməyimiz yersiz görünərdi. Sonra Ramazan və digər bayramlar oldu. İnşallah açılışı da prezidentimizin iştirakı ilə edəcəyik. Təbii ki, çox həyəcanlıyıq, həm də çox xoşbəxtik" deyib.

Pravoslav Assuriyalılar İsaya aid olduğuna inanılan qədim aramey dilində dua edirlər.

1932-ci ilə qədər Mardində olan kilsəsinin qərargahı hazırda Suriyanın Dəməşq şəhərindədir.

Türkiyədə dini təriqətlərlə bağlı statistika aparılmır. Lakin indiki hesablamalara görə, xristian azlığı əhalinin 0,2 faizini təşkil edir.

Rəsmi açılışdan sonra kilsədə ilk ayin oktyabrın 15-də keçiriləcək.