Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Türkiyə Mədəniyyət Yolu Festivalının son dayanacağı Antalyada keçirilən tədbirlər çərçivəsində Antalya Nekropol Muzeyinin açılışında mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy iştirak edib.
Hafta.az-ın yazdığına görə, muzeyi ilk ziyarət edən Ərsoy açıqlamasında dünyanın bir çox yerində nekropol muzeylərinin olduğunu bildirib.
İspaniya, Roma, Vatikan və Bolqarıstandakı nekropol muzeylərini misal gətirən Ərsoy, "Bu gün Antalyada Nekropol Muzeyini açdıq. Türkiyənin ilk nekropol muzeyi. Burada eramızdan əvvəl 3-4-cü əsrlərə və eramızın 5-ci əsrinə aid türbələr var” deyib.
Qazıntılara 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən başlanıldığını deyən Ərsoy, "Axtarış-qazıntı işləri zamanı 866 məzar tapıldı. Burada nekropol muzeyinin inşasına o zamankı bələdiyyə başqanımız Menderes Türel tərəfindən qərar verildi. Bu işlər 2008-ci ildə də davam etdi və ötən il işlər tamamlandı. İyul ayından etibarən isə Mədəniyyət və Turizm Nazirliyinə təhvil verildi" deyə bildirib.
Muzeydə sərgi salonlarının olduğunu deyən Ərsoy rəssamların əsərlərinin festival boyu sərgilənəcəyini qeyd edib.
Muzeyin Antalyanın mədəni zənginliyinə töhfə verəcəyini bildirən nazir, “Antalya Nekropol Muzeyində təkcə bu bölgəyə aid qəbirlər deyil, Antalya Muzeyindən gətirilən 400-dən çox əşya da sərgilənir” deyib.