Kubanın Azərbaycandakı, eyni zamanda, Türkmənistanda akkreditə olunmuş səfiri Alfredo Nieves Portuondo bu günlərdə Türkmənistanda səfərdə olub.
Hafta.az yazır ki, kubalı diplomat səfər çərçivəsində Aşqabadda yerləşən Türkmənistan Dövlət Universitetinə baş çəkib, rektor Bayramgül Orazdurdiyeva ilə görüşərək ikitərəfli əlaqələrin inkişafı yollarını müzakirə edib.
Görüş zamanı Nieves Portuondo, 1728-ci il yanvarın 5-də təsis olunmuş Havana Universitetinin az qala 300 il ərzində topladığı elmi-pedoqoji təcrübəsindən söz açıb, bu ali məktəbin Amerika qitəsində birinci olduğunu vurğulayıb. O, Kuba universitetlərində və elmi tədqiqat mərkəzlərində hazırlanan tədqiqat layihələri və doktorluq proqramları haqqında da türkmənistanlı rektora məlumat verib.

Qeyd edək ki, bu ali təhsil müəssisə Kubada açılmış ilk universitet olmaqla, eyni zamanda bütün Latın Amerikası ölkələrində yaradılan ilk universitetlərdəndir. İlkin olaraq dini tədris müəssisəsi kimi fəaliyyətə başlayan universitetin 15 fakültəsində hazırda 60 min tələbə təhsil alır. Bu məktəbin üstün keyfiyyətlərindən biri də orada uzqdan təhsil verən fakültənin olmasıdır. Yəni Kubanın istənilən bölgəsində yaşayan vətəndaş Havanaya gəlmədən təhsil ala bilir. Universitetin rektoru professor Qustavo Kobreyro Suaresdir.
Türkmənistan Dövlət Universitetinin rektoru da öz növbəsində, hər iki ölkəni birləşdirən emosional əlaqələri diqqətə çatdırıb, rəhbəri olduğu universitetin elmi tədqiqat və aspirantura sahəsində bölgədəki digər universitetlərlə əlaqələrindən danışıb.
Bayramgül Orazdurdiyeva deyib ki, Kuba və Türkmənistan universitetləri arasında əməkdaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcək.
Məlumat üçün bildirək ki, Türkmənistan Dövlət Universiteti 14 İyul 1950-ci ildə qurulub. 1989-cu ildən Avrasiya Universitetlər Birliyinin üzvüdür və hazırda dahi Türkmənistan şairi Məhtumqulu Fəraqinin adını daşıyır. Universitetin 8 fakültəsində 5 mindən çox tələbə təhsil almaqdadır. Bu ali təhsil ocağı, Moskva Dövlət, Bakı Dövlət, Belarus Dövlət, İrəvan Dövlət və Rumıniya Dövlət universitetləri kimi elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etməkdədir.