Türkmənistan ŞƏT ölkələrinə qaz tədarükünü artırmağa hazırdır

11:42 02.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Biz enerji sektorunda daha sıx əməkdaşlığın tərəfdarıyıq. Türkmənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrə təbii qaz nəqlinin həcmini artırmağa hazırdır”.

Hafta.az-ın yazdığına görə, bu barədə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Türkmənistan elektrik enerjisinin inkişafına diqqət yetirir. “Biz elektrik enerjisi təchizatının praktiki aspektlərinin müzakirəsinə, istiqamətlərin və həcmlərin genişləndirilməsinə açığıq. Ümumiyyətlə, biz elektrik enerjisi sənayesini ŞƏT ilə əməkdaşlığın prioritetlərindən biri hesab edirik”, - Sərdar Berdiməhəmmədov əlavə edib.

Mümkün əməkdaşlığın digər sahəsi sənaye kooperasiyasıdır. “Hesab edirəm ki, ölkələrimizə xas olan iqtisadi artımın müsbət dinamikası, yeni sənaye obyektlərinin sayının artması, istehsal olunan məhsul və xidmətlərin çeşidinin genişləndirilməsi - bütün bunlar iqtisadi tərəfdaşlıq prosesində təcəssüm olunmalıdır. Biz sənaye əməkdaşlığı strategiyasında iştirak etməyə hazırıq”, - prezident Sərdar Berdiməhəmmədov əlavə edib.