Slovakiyanın baş naziri Robert Fiko Ukraynaya hərbi yardımın və bu ölkənin NATO-da iştirakının, eləcə də Rusiyaya qarşı sanksiyaların əleyhinə olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, Slovakiyanın dövlət televiziyası RTVS-ə danışan Fiko deyib: “Ukrayna müstəqil və suveren ölkə deyil, tamamilə ABŞ-ın təsiri və nəzarəti altındadır”. Fiko bu həftə görüşəcəyi Ukraynanın baş naziri Denis Şmihala Ukraynanın NATO üzvlüyünə veto qoyacağını çatdıracağını bildirib.
Fiko, Ukraynanın NATO-da iştirakının Üçüncü Dünya Müharibəsinin təməlinin qoyulması demək olduğunu ifadə edərək, Slovakiya ordusu tərəfindən Ukraynaya heç bir silah yardımı edilməyəcəyini vurğulayıb.
Ukraynanın "dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri" olduğunu iddia edən Fiko, "Sizə göndərilən yardımın nə qədərinin hardasa itdiyini ancaq Allah bilir" deyib.
Fiko, Ukrayna-Rusiya müharibəsinin hərbi yolla həllinin olmadığını bildirərək, Ukraynanın bəzi ərazilərindən imtina etməli olduğunu və Rusiyanın geri çəkiləcəyini düşünmədiyini bildirib.
Fiko daha əvvəl “Pravda” qəzetində dərc olunmuş məqaləsində Qərb ölkələrini Rusiya-Ukrayna müharibəsinin başlanğıcında ən azı iki atəşkəs imkanını əngəlləməkdə ittihamlayıb.
Qərbin Ukraynaya silah göndərmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək strategiyasının Moskva rəhbərliyini “diz çökdürə bilmədiyini” deyən Fiko, Rusiyanın Ukraynada nəzarət etdiyi torpaqlarda hakimiyyəti əlində saxladığına, Ukraynadan isə asılı olduğuna diqqət çəkib. Qərbin köməyi ilə Kiyevin hücum müharibəsi üçün hərbi potensialının olmadığını vurğulayıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi mövqeyinin gündən-günə sarsıldığını iddia edən Fiko, Rusiya prezidenti Vladimir Putinə dəstəyin getdikcə gücləndiyini bildirib.
Fiko Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların "uğursuzluğunu" belə izah edib: "Nə Rusiya iqtisadiyyatı, nə də rus valyutası çökdü, anti-Rusiya sanksiyaları bu nəhəng ölkənin özünü təminetmə gücünü artırdı. Rusiya enerji şirkətləri ölkəyə rekord tədarüklər həyata keçirdiklərini bildirdilər".
Baş nazir Fiko Ukraynaya maliyyə yardımı paketinin əleyhinə olan macarıstanlı həmkarı Viktor Orbanı dəstəkləyən açıqlamaları ilə tez-tez gündəmə gəlsə də, yekdilliklə Ukraynaya 50 milyard avroluq maliyyə dəstəyi planına veto qoyan yeganə ölkədir.
Ukraynaya maliyyə yardımı paketi ilə bağlı hələ qərar verməyən Aİ liderləri fevralın 1-də Brüsseldə Ukraynaya maliyyə dəstəyi və Aİ-nin uzunmüddətli büdcə revizyonlarını müzakirə edəcək zirvə toplantısı keçirəcəklər.