Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. Görüşdə rayon rəhbəri Süleyman Mikayılov, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri, ümumilikdə 100-dən çox qəsəbə sakini iştirak edib.
Hafta.az yazır ki, İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının qaldırdığı problemlərin, sakinləri narahat edən sosial məsələlərin həlli diqqətdə saxlanılır, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır. Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları cavablandıran İcra Hakimiyyətinin başçısı, məcburi köçkünlərin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu bildirib.

Görüşə gəlmiş ağsaqqallar qəsəbə ərazisində görülən işlərə, xüsusilə də məscid yoluna yeni salınan asfalt örtüyünə görə təşəkkürlərini bildiriblər.
Sakinlərdən 16 nəfəri fərdi qaydada dinlənilib, bəzi müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərə baxılması üçün aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.
Görüşün yekununda Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Qaradağ rayonun əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən tələbatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn tələbatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
Daha sonra qəsəbə sakinlərinə prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.