Universitetlərdə vəzifə tutan məmurlar – Qanun nə deyir?

11:14 22.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda bəzi yüksək çinli məmurlar, eləcə də millət vəkilləri paralel olaraq həm də elm və təhsil sahəsində işləyirlər. Universitetlərdə işləyən məmur və deputatların bir çoxu kafedra müdiri kimi fəaliyyət göstərirlər.

Məsələn, sabiq təhsil naziri Misir Mərdanov hələ təhsil naziri olduğu dövrdə Bakı Dövlət Universitetində (BDU) çalışırdı. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olan Misir Mərdanov bu gün də BDU-da Ali riaziyyat kafedrasının müdiridir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri, hazırda millət vəkili olan Hicran Hüseynova da BDU-da vəzifə tutanlar sırasına daxildir. O, Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiridir. Baş Nazirin müavini  Əli Əhmədov isə BDU-da Politologiya və sosiologiya kafedrasının müdiri vəzifəsində çalışır. Baş nazirin birinci müavini Yaqub Eyyubov isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat fakültəsindəki  Qruntların mexanikası, bünövrələr və özüllər, yeraltı qurğular kafedrasının müdiridir. Milli Məclisin deputatları Ziyafət Əsgərov BDU-da Konstitusiya hüququ , Nizami Cəfərov Ümumi dilçilik, Bəxtiyar Əliyev isə Psixologiya kafedralarının müdiridir.

Əslində bu siyahını uzatmaq da olar. Bəs, görəsən, qanunvericilik bu məsələdə nə deyir? Məmurların, millət vəkillərinin ali məktəblərdə vəzifə tutması qanunvericiliyə uyğundurmu?

Məsələni hafta.az-a şərh edən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali məktəblərdə vəzifə tutan məmurların əksəriyyəti əslində universitetlərdəki iş yerlərinə nadir hallarda gedirlər:

“Məlum olduğu kimi, mövcud qanunvericilikdə məmur və millət vəkillərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Onların təhsil və elm sahəsində çalışmasına isə qanunvericilikdə hansısa məhdudiyyət yoxdur. Amma faktiki olaraq reallıqda əmək qanunvericiliyinə görə, həm dövlət müəssisələrində, həm də ali məktəblərdə iş saatları üst-üstə düşdüyündən qanunvericiliyin tələbləri pozulur. Belə olan halda işin keyfiyyətindən söhbət gedə bilməz. Sadəcə olaraq məmurlar bir növ gələcəklərini düşündüklərindən ikinci iş yeri kimi ali təhsil müəssisələrində də vəzifə tutmaqda maraqlıdır. Onlar düşünürlər ki, nə vaxtsa vəzifədən uzaqlaşdırılmalı olsalar məşğuliyyətləri olsun, işsiz qalmasınlar. Əslində bu məsələdə hər iki tərəf maraqlıdır. Yəni, universitetlər də prestij baxımdan maraqlıdırlar ki, məmurlar hansısa kafedrada vəzifə tutsunlar. Lakin düşünürəm ki, bununla bağlı xüsusi olaraq istər Təhsil Nazirliyi, istərsə də müvafiq qurumlar konkret qərar verməlidir. Məsələn, bir şəxs dövlət qulluğunda çalışır və onun iş saatı səhər saat 9:00-dan 18:00-dəkdir. Bu şəxsin adı eyni zamanda, universitetlərdə gedirsə, həmin şəxs təhsil müəssisəsindən kənarlaşdırılmalıdır. Təəssüflər olsun ki, bizdə bunu etmirlər. Məmurdu deyə ehtiyat edirlər. Bu hal daha çox dövlət universitetlərində formalaşıb. Eyni zamanda, ali məktəblərdə vəzifə tutan məmurların əksəriyyəti əslində universitetlərdəki iş yerlərinə nadir hallarda gedirlər. Açığını desək, ali məktəblərdə sadəcə adları gedir, boş yerə maaş alırlar. Bu da qanunvericiliyin kobud şəkildə pozulması deməkdir”.