Son zamanlar uşaq qidalarının tərkibi ilə bağlı həyəcanlı xəbərlər yayılır. Qeyd olunur ki, ölkəyə xaricdən gətirilən bu qidaların tərkibi çox vaxt qeyri-müəyyən olaraq qalır. Səhiyyə Nazirliyi isə vətəndaşlara xəbərdarlıq edir ki, körpələrinizi süni qidalardan uzaq tutun.
Ölkəyə gətirilən məhsullar doğrudanmı təhlükə mənbəyinə çevrilib?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərdik. Qurumdan hafta.az-a verilən açıqlamada qeyd olundu ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir. Həmçinin digər qida məhsulları kimi uşaq qidaları da Agentlik tərəfindən risk əsaslı nəzarətə cəlb edilir: “Nəzarət tədbirləri çərçivəsində belə məhsulların istehsalı ilə məşğul olan müəssisələr qida təhlükəsizliyi qeydiyyatına alınır, idxal olunan məhsullara ekspertizadan keçirildikdən sonra qida təhlükəsizliyi sertifikatı verilir”.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda o da qeyd olunur ki, ölkəyə idxal edilən uşaq qidaları gömrük ərazisinə daxil olunduqdan sonra Agentliyin müfəttişləri tərəfindən məhsulların hər partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər: “Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan süni uşaq qidaları ilə bağlı şübhələri olarsa, bu barədə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.