Vardanyan tamamilə nüfuzdan düşüb - Teymur Qasımlı

16:14 26.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün növbəti söhbətimizdə 2023-cü ildə dünyada gözlənilən dəyişikliklər, Azərbaycan ekofəallarının Laçın-Şuşa-Xankəndi yolundakı məlum etiraz aksiyasının 44-cü günü ərzində əldə olunmuş nəticələr, Türkiyədə gözlənilən prezident və parlament seçkilərinin nəticələrinin Qarabağ və Ukraynada baş verənlərə mümkün təsirləri və s. haqda danışdıq.

-  Yeni  2023-cü ilin ilk bir ayını başa vurmaq üzrəyik. Üzdə görünən əsas hadisələr dünyamızı, bəşəriyyəti nələrə doğru aparır, görəsən?

- Təəssüf ki, 2023-cü ilə Rusiya-Ukrayna müharibəsi ilə daxil olduq. Savaş daha da şiddətlənib. Hərbi əməliyyatlar, ağır insan itkiləri davam edir. Ukraynanın daxili işlər naziri belə həlak oldu, yenə də hər gün dinc sakinlər, qadınlar, uşaqlar həyatlarını itirir... Bir çox ölkələrdə ciddi hadisələr baş verir. Məsələn, Braziliyada dövlət çevrilişinə cəhd olundu. Azərbaycan ictimai və ekofəalları isə Laçın yolundakı məlum etiraz aksiyasının artıq 47-ci gününü də tamamladı...

Azərbaycan kimi, bütövlükdə dünyada da ciddi iqtisadi problemlər qalmaqdadır. Davos İqtisadi Forumu keçirildi. Ciddi uğurlu addımlar atılmasa da, bu tədbir müəyyən dərəcədə planetimizin iqtisadi təhlükəsizliyinin təminatında yer aldı. Bununla belə, bir sıra Avropa ölkələrində də iqtisadi, sosial problemlərlə bağlı  kütləvi etiraz aksiyaları baş qaldırdı. Bütün bu baş verənlər fonunda, təəssüf ki, 2023-cü il üçün hər hansı optimist proqnoz vermək çox çətindir...

- Azərbaycan ekofəallarının Laçın-Şuşa-Xankəndi yolundakı məlum etiraz aksiyasının 47-ci günü də tamamlandı. 2020-ci ildəki silahlı savaşımızın 44-cü günündə keçmiş Dağlıq Qarabağ ərazisinin və Laçın rayonunun bir hissəsi istisna olmaqla qalan torpaqlarımızı birbaşa Azərbaycan dövlətinin nəzarətinə qaytardıq. Bəs indiki 44 günlük “hibrid savaş”la, yaxud “yumşaq güc” nümayişi ilə nələrə nail ola bilmişik?

- Azərbaycan ekofəallarının apardığı bu mübarizəni dəstəkləyirəm. Düzgündür, haqlıdır, ədalətlidir və yerindədir. Həmin aksiya ötən – 2022-ci ilin sonundan həm Azərbaycanın, həm də bütövlükdə dünyanın siyasi gündəmini dəyişən mövzulardan biri olub. Düzdür, bu günlər ərzində, hələ ki, “sülhməramlı”ların nəzarəti altındakı bəhs edilən qızıl və mis-molibden yataqlarında monitorunq keçirməyə nail olmamışıq. Düşünürəm ki, inşallah, buna da nail olacağıq. Bununla belə, Laçın-Xankəndi yolundakı aksiya sayəsində biz bir çox separatçı və revanşistlərin Qarabağdakı ermənilərin sosial həyatını dirçəldəcəyinə böyük ümid bəslədiyi Rusiya milyarderi Ruben Vardanyanın və onun arxasında duranların oyununu pozduq, onun tamamilə nüfuzdan düşməsinə nail olduq. Ermənistanın mərkəzi hakimiyyəti isə çaş-baş vəziyyətdə qalıb. Eyni zamanda Vardanyanın və bütövlükdə Xankəndindəki separatçı rejimin arxasında dayanan Kremli pat vəziyyətinə salmışıq. İstədiklərini diqtə edə bilmir…

Düzdür, ermənilər bu aksiyanı bəhanə edərək dünya ictimaiyyətində Azərbaycan barəsində guya “Qarabağdakı 100 mindən çox haykı blokadada saxlayan  dövlət” imici yaratmağa çalışırlar. Bununla belə, sadaladığımız qazanclar göz qabağındadır. Amma tam olaraq istədiklərimizə nail olmamışıq.

- Məsələnin mənfi tərəfi də var ki, işğalçı və separatçı, revanşist xislətli hayklar və onların havadarları sözügedən aksiyadan yenidən “çörəksiz, susuz, işıqsız, qazsız qalan” “əzabkeş erməni xalqı” obrazının gücləndirilməsi üçün istifadə edirlər ki, bununla da indi və gələcəkdə nəinki Laçın yolu ilə bağlı ümumiyyətlə, bütövlükdə Qarabağın bütün dağlıq hissəsi ilə, Şuşa və Hadrutla bağlı Azərbaycana təzyiq etsinlər, özlərinin gözlənilən separatçı, terrorçu, “partizan” hərəkatlarına “əsas” yaratsınlar. 1992-ci ildə də onlar eyni “əsas”larla bütün dünyanın gözü qarşısında Rusiyanın birbaşa dəstəyi ilə Xocalı, Şuşa və Laçını işğal etdilər...  Bunların qarşılığında Azərbaycan olaraq hansı addımları atmalıyıq?

– Sizinlə tam razıyam ki, sözügedən aksiyadan sonra ermənilər bütün dünyaya guya tam blokadada qaldıqlarını, aclıqdan, susuzluqdan öldüklərini car çəkirlər. Yanvarın 23-də Ruben Vardanyan “BBC”yə müsahibə verib ki, guya Azərbaycan Qarabağdakı hayların “işığın, qazın kəsib, soyuqdan donurlar - fəlakətdir”. Guya Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və “sülhməramlı”lar olmasa, acından öləcəklərmiş. Tamamilə yalan və absurddur. Dəfələrlə bildirmişik ki, Laçın yolunu Rusiya “sülhməramlı”ları kəsib. Biz sadəcə, öz torpağımızda aksiya keçiririk... Bütün dünya da video və fotogörüntülərdən Ermənistana və əksinə “təcili yardım” maşınları,  humanitar yük daşıyan, uşaqları aparan avtomobillərin və s. buraxıldığının şahidi olur. Azərbaycan dövlət başçısı İlham Əliyev ABŞ Dövlət Katibi Entoni Blinkenlə son danışığında da bu mövzuda onu məlumatlandırıb. Çox təəssüf ki, dünyada bir sıra dairələr hələ də bu erməni yalanlarına uymaqdadır. Bəzi beynəlxalq təşkilat və ölkə parlamentləri Azərbaycana qarşı qətnamələr qəbul edir. Görünür, burada bizim diplomatiyamızın və informasiya savaşımızın da bəzi qüsurları var ki, məlum aksiya ilə bağlı və ümumiyyətlə, son illər Qarabağ ətrafında baş verənlər haqda həqiqətləri beynəlxalq ictimaiyyətə tam və uyğun şəkildə çatdıra bilmirik. Odur ki, Xarici İşlər Nazirliyi və diplomatlarımız, eləcə də mediamız bu sahədə ciddi işləməlidir. Məlumdur ki, hayklar onsuz da öz bəlli xislətlərindən əl çəkmirlər. Bunun qarşılığında Azərbaycan diplomatiya və informasiya sayəsində düzgün və ardıcıl addımlar atmalıdır. Nə Ermənistanın, nə də onun havadarlarının əlinə “əsaslar” verməməlidir...

- Sizcə, Türkiyədə cəmi 4 aydan da az sonrakı bir vaxtda keçiriləcəyi gözlənilən prezident və parlament seçkilərinin nəticələri Qarabağ və Ukraynada baş verənlərə necə təsir göstərəcək? Yəni həm də söhbət Ərdoğanın yenidən seçilib-seçilməməsindən gedir...

- Düzdür, mayın 14-də Türkiyədə prezident və parlament seçkilərinin keçiriləcəyi bildirilib. Amma bu, rəsmən təsdiqlənməyib. Türkiyədə seçkilər baş tutacağı və Ərdoğan yenidən qalib gələcəyi təqdirdə Rusiya Ukraynadakı savaşını tutduğu eyni mövqelərdən davam etdirəcək. Bu halda Türkiyə yenə də əvvəlki kimi, Ukraynanın ərazi bütövlüyünə dəstək verərək ona müxtəlif yollarla yardım göstərəcək, Rusiya ilə  münasibətləri pozmayıb, yenə də müxtəlif sahələrdə əməkdaşlıq edəcək. Azərbaycana, Qarabağa gəldikdə, Ərdoğanın yenidən qalib olacağı təqdirdə Türkiyə Cümhuriyyəti, dövləti, ordusu və xalqı həm də öz dövlət, milli maraqları çərçivəsində Azərbaycana həm yerli, həm beynəlxalq səviyyədə açıq dəstəyini davam etdirəcək və  tam qələbəmiz istiqamətində gücləri yetdiyi yerə qədər  bizimlə bərabər gedəcəklər...

Əks halda, yəni seçkilərdə Ərdoğanın deyil, müxalif namizədin qalib gələcəyi təqdirdə, nəzərə almaq lazımdır ki, Türkiyənin həmin “6-lı masa”da olan müxalif liderləri Rusiyaya qarşı olduğundan birbaşa Ukraynanı dəstəkləyirlər. Qalib gələcəkləri təqdirdə, təbii ki, onlar ABŞ-la daha çox yaxınlıq edəcəklər, amma Rusiya ilə münasibətləri də kəsməyəcəklər. Qarabağ məsələsinə gəldikdə, Türkiyənin iqtidarı kimi müxalifəti də daim bu sahədə bizə dəstək olub. Odur ki, seçkilərdə müxalifətin qalib gələcəyi halda da Türkiyə dövlətinin Azərbaycanın yanında olacağını düşünürəm. Düzdü, Ərdoğan kimi qətiyyətli olmayacaqlar, praqmatik siyasət də yürüdə bilərlər...

- Avropa ölkələrində, xüsusən NATO üzvlüyünə namizəd olan və Türkiyə ilə məlum ziddiyyətləri olan İsveçdə islamofob dalğasının yenidən güclənməsini və Quranın yandırılmasını Rusiyanın  neft-qaz gəlirləri hesabına bütün dünyanı bürümüş təxribatçı agentura şəbəkəsi ilə əlaqələndirmək olarmı?  Bilirsiniz ki, fevralın 23-də Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bunu ABŞ-ın iki yaxın tərəfdaşı olan Türkiyə və İsveçin arasını vurmağa yönəlmiş təxribatçı cəhd kimi dəyərləndirib...

- Birincisi, son onilliklərdə zaman-zaman bir sıra Avropa ölkələrində Müqəddəs Kitabımız Qurani-Kərimin yandırılması olayları baş verib. Həmin İsveçdə də, Norveçdə də, Danimarkada da, Fransada da. Təəssüf ki, belə görünür, bu cür hallar hələ də davam edəcək...  Rusiyanın bu işin təşkilatçısı olduğunu düşünmürəm. Rusiya Pravoslav Kilsəsi də Quranın yandırılmasına qarşı bəyanat verib. Onsuz da bir sıra Qərb ölkələri kimi, İsveçdə də dini ayrı-seçkilik, islamofobiya mövcuddur. Quranın yandırılmasına görə Türkiyə ilə İsveçin arasının dəyəcəyinə də inanmıram. Düzdü, iki ölkə arasında  həll olunmamış digər məsələlər də var.  Təəssüf ki, İsveç dövləti NATO-ya üzvlüklə bağlı Türkiyədən gələn tələbləri yerinə yetirmir, öz ərazisindəki “PKK”çılara dəstək verir. Bundan başqa, İsveç qondarma “erməni soyqırımı”nı da tanıyır. Yəni sadalananlardan fərqli olaraq Quranın yandırılması İsveç dövlətinin deyil, ayrı-ayrı radikal qrupların həyata keçirdiyi aksiya olduğundan Türkiyə dövləti də ona bu prizmadan yanaşacaq...

Oxunma sayı 372