Bu gün türk millətinin böyük oğlu, Kipr türklərinin azadlığı və təhlükəsizliyi uğrunda bütün həyatımı mübarizəyə həsr etmiş, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC, qısa adıyla Kıprıs) qurucu prezidenti mərhum Rauf Denktaşın vəfatının 9-cu ili tamam olur. Kıprıs rəhbərliyi, mərhumun ailə üzvləri, ölkənin öndəgələn insanları Rauf Denktaşın abidəsini ziyarət edib, onun vətənə və millətə həsr etdiyi ömür yolunu xatırlayıblar.
Rauf Denktaşın cismən aramızda olmadığı bu 9 il ərzində “Yavru vətən”də neçə dəfə yeni prezident seçilib, yeni parlamentlər formalaşıb, amma nə siyasi müstəvidə, nə də ümumi ictimai düzəndə 9 il öncələr yaşanan mübarizlik, vətənçilik və azadlıq eşqi əvvəlki kimi hiss olunmur. Məhz Rauf Denktaşsız illərdə adanın sadəcə Avropa İttifaqına inteqrasiya həvəsilə yunan kəsimi ilə birləşmək, şəhid qanı bahasına əldə edilən azadlığı güzəştə getmək, hətta ana vətən Türkiyəyə qarşı çıxıb, onu qaralayanlar ortaya çıxdı. Onlar biznes nümayəndələri, Avropanın mentalitetə uymayan ənginliklərində ərimək hissi ilə alovlanan rahat yaşamaq arzusunda olanlar, çox təəssüf ki, hətta prezident kürsüsündə əyləşən biri idi…

Kıprıs xalqı nə qədər qada-bəla görmüş olsa da, xoşbəxt toplumdur. Çünki burada hər zaman ölkənin milli maraqlarını daha rahat yaşamaq istəklərinə qurban vermək istəyənlər kütlənin “yox” nidası altında əriyib kölgəyə çəkilməyə məcbur qalıb. Məhz Kıprıs xalqı bir parçası olduğu türk dünyasından qopmağı heç cür təsəvvür etmir, əksinə, hər zaman türk əlaəmi ilə bütünləşməyə, inteqrasiyaya çalışır. Necə ki, xristianlar və türk-islam düşmənləri Avropa İttifaqı bayrağı altında birləşib, yunanların (rumların) maraqları xatirinə adanın türk xalqını didib-parçalamağa fürsət gözləyirlər. Hansı ki, bunu ötən əsrin 60-70-ci illərində mərhum Denktaş görür və qarşısını almağa səy gös göstərirdi. Nəhayət ki, türklərin toplu məzarlarda basdırılmasının qarşısını almaq və kıprıslı türkləri hürriyyətə qovuşdurmaq üçün 1974-cü ildə Türkiyə ordusunun mühafizəsinə sığındı.
Rauf Denktaş ancaq siyasətçi, yaxud da ixtisası üzrə hüquqşünas deyildi, o, böyüklə böyük, kiçiklə kiçik kimi davranan humanist şəxsiyyət idi. Türk dünyasına ürəkdən bağlıydı, Azərbaycana isə xüsusi sevgisi vardı. Nəhayət, ömrünü başa vurmadan Bakıya gəlmək kimi uzun illər içində bəslədiyi arzusunu yerinə yetirə bildi.

Şəxsən mən Rauf Denktaşla iki dəfə görüşmək imkanım olub. 2000-ci ildə Kıprısda olarkən prezident Denktaş mənim də aralarında olduğum azsaylı journalist qrupu ilə ayrıca görüşdü. İki qatlı Prezident Sarayının birinci qatındakı otaqda, şirniyyat süfrəsi arxasında qəbul etdi, hər birimizlə ayrıca söhbətləşdi. Hə, sonar bizə hədiyyə bağlaması, Kıprıs dükanlarından ürəyimizdən keçən daha nələrisə almaq üçün əlavə pul da verdi.
Rauf Denktaşla ikinci görüşüm 2004-cü ildə olub. Kıprısın Xarici İşlər Nazirliyində görüşdük onunla. O vaxt dövlət başçısı deyildi, amma əlbəttə, milli lider kimi şöhrətin zirvəsində taxtı vardı. Heç yadımdan çıxmaz, hava aşırı isti olsa da, Azərbaycan nümayəndə heyətinin tərkibində olan iş adamları rəsmi olsun deyə kostyum-qalstuk geyinmişdilər. Allah sənə rəhmət eləsin Rauf bəy, kürsqüdən hamımızı süzdü, alnından tər axan iş adamlarına baxdıqda, “Çıxarın bu qalstukları, pencəkləri, sərbəst olun, niyə özünüzü boğursunuz” dedi. Rauf bəy də daxil, hamımızı, elə tər-suyun içində pörtən iş adamlarını da dəli bir gülmək tutdu və əlbəttə, bir himə bəndmişlər kimi, pencəklərini çıxarıb, qalstuklarını açdılar. Bax belə adam idi Rauf bəy – heç vaxt əvəzi dünyaya gəlməyəcək şəxsiyyət idi…

Rauf bəyin aramızda olmadığı bu illər yalnız dövlət müstəvisində, sadə xalqın düşüncələrində boşluğa çevrilməyib, ən çox yoxluğuna yanıb-göynəyən ailəsidir. Oğlu Sərdar Denktaş, qızı Endər Vangöl Denktaş atalarının xatirəsini geridə buraxdığımız 9 il ərzində həm özləri, həm də xalq üçün yaşadıblar. Təbii ki, xalqına ata olmağı bacaran bir insan öz qanından olan övladlarını həm sevib, həm də cəmiyyətə yararlı şəxsiyyət kimi yetişdirib.
Sərdar Denktaşla ilk dəfə Kıprısa səfərim zamanı tanış olmuşdum. O vaxt Xarici işlər naziri idi, qəbul etdi, yaxşı bir müsahibə də götürdüm. Eynən atası idi – həm zahiri görünüşü bənzərdi, həm də xasiyyəti. Müsahibə zamanı atasını sormuşdum, demişdi ki, əladır, türk milləti var olduqca, o da yaşayacaq. Düz deyirdi, əgər bu gün xatirəsini anırıqsa, deməli, o, yaşayır...

Sərdar Denktaşın atası üçün dediklərindən: “Atamdan ayrı qaldığım bu 9 il həyatımda boşluq yaradıb və hər ötən il bu boşluq bir az da dərinləşir, genişlənir. Yalnız övladlarının deyil, ümumilikdə xalqımızın çətin zamanlarda sığına bilcəyi o liman artıq yoxdur. Atam hər cür vəziyyətdə gülümsəməyi və ətrafındakılara ilham verməyi bacarırdı. Məhz bunun sayəsində onillərlə mübarizə apara bildi, vaxt oldu vətənindən sürgün edildi, amma yenə qayıtdı və xalqına dövlət, azadlıq bəxş edə bildi”.
Sərdar bəy deyir ki, mərhum atasının əleyhdarları da az olmayıb, amma o, hər kəsə anlayışla yanaşıb. Bu səbəbdən də, o, onu sevənin də, sevməyənin də, fikirlərinə və mövqeyinə sayğı göstərənin də, göstərməyənin də – hər kəsin məhəbbətini qazanıb. “Atam qaranlığın içində tək qalmışdı. Amma o, zülmətdə işığı, acılar içində sevgini necə qazanacağını yaxşı bilirdi deyə, hər zaman ayaq üstə dimdik dururdu. O, çox mehriban, hazırcavab, çətin durumlarda vəziyyəti yaxşıya doğru dəyişən, hamının etimadını qazanmış, parlaq zəka sahibi idi. Allah ona bütün müsbət keyfiyyətləri vermişdi, sənətçi ruhlu, vətənsevər, Atatürkçü, yüksək inanclıydı. Əsas odur ki, atam hamının atası idi...”, - deyir Sərdar Denktaş.
Rauf Denktaşın qızı Endərlə (Endər Vangöl Denktaş) də söhbətim olub, xatirələrindən bəzi nüansları bölüşmək istərdim. Endər xanım deyir ki, atası öz övladlarını xalqın övladlarından ayırmayıb, hər kəsə eyni sevgini verib. Üstəlik, qəlbinin dərinliklərində vaxtsız itirdiyi övladının heç vaxt sönməyən acıları onu insanlara daha da yaxınlaşdırıb.

“Kıprısı sevdiyi qədər, Azərbaycanı da sevərdi. İş o qədər çox idi ki, ailə olaraq ancaq bazar günləri bir yerə yığışa bilirdik. Ona görə də ailə üzvləri elə edirdi ki, bazar günü mütləq evdə olaq. Hər dəfə siyasətdən söz düşəndə, danışırdı, xatırladırdı türk dövlətləri və xalqları barədə bizlərə. Azərbaycanlı dostları vardı, mütəmadi əlaqə saxlayardı” deyən Endər xanım atası ilə son görüşünü göz yaşları içində yada salır: “Son gecəsini onunla keçirən tək insanam. Səhərə qədər “Sevəməz kimsə səni, mənim sevdiyim qədər” mahnısını birlikdə zümzümə elədik. Səhər üzü qəfil yunan dilində nəsə deyib qışqırdı. Xristoftasın adından başqa heç nə baş düşmədim, türkcə, ya da heç olmaya ingiliscə söylə dedim. Əvvəlcə ingiliscə, sonra da türkcə - get onlara de ki, bura müstəqil türk cümhuriyyətidir, -dedi”...
Beləcə, danışmaqla bitməyən bir həyat romanına çevrilib Rauf Denktaş. Bu gün andığımız 9 il nədir ki, 9 nəsil dəyişsə də, bu azadlıq aşiqi ürəklərdə yaşayacaq.