27 sentyabr 2020-ci il. İşğala son qoymaq üçün Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatından 4 il ötür. Azərbaycan əsgərinin qəhrəmanlığı, qanı-canı bahasına başa gələn, qızıl hərflərlə tarixə yazılan o böyük Zəfər Azərbaycan dövlətinin, xalqının istiqbalına yönəlik yeni yol xəritəsinin cızılması ilə nəticələndi. Artıq 4 ildir ki, dövlət, xalq həmin yolla irəliləyir. Bu, həmin yoldur ki, orada canını torpaq uğrunda qurban verən Şəhidlərimizin əbədi xatirəsinin hörmətlə anılması, qazilərimizin diqqət, qayğı ilə əhatə olunması, gələcək nəsllərə örnək bir nümunə kimi təqdim olunması ilə bağlıdır. Müsahibimiz “Zəfər yolu” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadədir:
- 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi Azərbaycan xalqının inamını, mübarizlik ruhunu, milli kimliyini yenidən özünə qaytardı. Azərbaycan xalqı 30 il ərzində işğal faktına qarşı apardığı mübarizəni qələbə əzmi ilə sona çatdırdı. Xalqımız məğlubiyyət sindromundan qurtardı. Torpaqlarımız öz övladlarının ayaq səsini eşitdikcə yenidən canlandı…
– Azərbaycan xalqı düşmən üzərində qazandığı Zəfərlə bərabər torpaqlarımızın işğal altında qaldığı illər ərzində alnında hiss etdiyi ləkəni təmizlədi, keçmişinə, soykökünə olan bağlılığını bərpa etdi. Azərbaycan xalqı işğal altında olan torpaqlarını bir gün belə unutmadı və hər zaman öz yurduna zəfərlə qayıdacağına inandı. Öz həyatını, gələcəyini Qarabağsız təsəvvür etmədi. Hər birimiz "Qarabağ azad olunandan sonra bayramlarımızı daha ürəklə qeyd edəcəyik", - deyə düşündük, niyyət etdik. Şükürlər olsun ki, qəhrəman Şəhidlər o günləri bizlərə nəsib etdi. Azərbaycan dövləti, Ali Baş Komandan, xalq birliyi düşmən üzərində qətiyyətli qələbə üçün dəmir yumruq timsalında düşmənin başını əzdi.
Azərbaycan dövləti bu gün beynəlxalq müstəvidə inamla çıxış edir və öz haqlı mövqeyini qətiyyətlə qoruyur. Azərbaycanı qalib bir dövlət kimi tanıyır, sayırlar. Bu gün Azərbaycan Qərblə Şərq arasında bir körpü, logistik mərkəz rolunda çıxış etməklə, beynəlxalq səviyyədə keçirilən tədbirlərin məkanına çevrilib. Azərbaycan haqq savaşından qalib çıxandan sonra ona dost olan, yaxud əks mövqedə dayanan dövlətlər ərazi bütövlüyümüzü, suverenliyimizi, haqq savaşımızı, qalibiyyətimizi tanımağa məcburdurlar. Bu elə bir müqəddəs zirvədir ki, o, Azərbaycan xalqının igid oğularının qanı ilə yazıldı. Xalqımız Ali Baş Komandanın ətrafında birləşərək, vahid bir güc kimi çıxış etdi. Dünya qalib xalq və dövlət olaraq Azərbaycana hörmətlə yanaşır və hər kəsdə bu inam formalaşıb. Son 200 ildə Azərbaycana qarşı aparılan parçalama, soyqırım siyasəti, xalqımıza verilən zülmlərin sonu gəldi. Xalq öz sözünü dedi. Tarix 44 günlük müharibədə əldə olunan bu zəfəri unutmayacaq. Vətən Müharibəsi hər zaman qürurla anılacaq və bu tarix Azərbaycan insanının gələcəyə daha əzmlə baxması üçün bir tramplin rolunda çıxış edəcək.
27 sentyabrda başlanan savaşımız üç mindən çox qəhrəmanı Şəhidlik zirvəsinə apardı. Ən yüksək məqam onların məqamıdır. Qarabağı görməyən oğullarımız Vətən üçün döyüşdülər, ən şirin nemət olan canlarından keçdilər. Allah hər birimizə o zirvələrdə dayanmağı nəsib etsin.
- Bu gün 27 sentyabr tarixi və o tarixi qanı ilə yazan Şəhidlərimiz necə anılır?
- 27 sentyabr tarixi xalqın oyanışının pik nöqtəsi, öz ərazi bütövlüyü uğrunda apardığı mübarizənin qızıl mərhələsidir. 44 günlük müharibə Şuşa qalasının alınması ilə yekunlaşdı. Bu yolda şəhidlər verdik, yaralananlar oldu. Bu müharibədə gözlərini, əl-ayaqlarını itirənlər oldu. Yanında əsgər yoldaşının şəhid olduğunu görən o oğullar ağrılarını, yaralarını unudaraq “Vətən sağ olsun” deyib ölümdən qorxmadan düşmənin üzərinə getdilər. Bu, böyük bir mənəvi zənginliyin, milli ideologiyanın əsasıdır. Biz bu gün o əsgərlərin keçdiyi döyüş yolunu filmlərdə, əsərlərdə, göstərə bilsək, çox böyük qəhrəmanlıq hekayələri üzə çıxacaq, gələcək nəslin ikişafına böyük təsir göstərəcək.
27 sentyabr, həm də xalqımız üçün əbədiyaşar insanlarının şəhadətə qovuşmasının ilk günləridir. Müharibənin başladığı ilk günlərdə əsgərlərimiz əzmlə, düşmən həmləsindən qorxmadan düşmənin alınmaz səddini yardılar. Ən ağır döyüşlər Füzuli, Murovdağ istiqamətində olmuşdu. İgidlərimizin əks-hücumu itkilər versək də qələbə ilə tamamlandı.
Bu gün bizim üzərimizə düşən əsas iş onların adını qəhrəmanlıqlarına layiq şəkildə yaşatmaqdır.
Məni narahat edən məsələlər var. Artıq 4-cü ilini qeyd etdiyimiz Vətən müharibəsi qəhrəmanlarının qəhrəmanlığını göstərə biləcək ssenarilər, kinolar, möhtəşəm ədəbi əsərlər yoxdur. Bunun olmasını istəyirik və gözləyirik. Biz bu gün ədəbiyyatçımızdan tutmuş, bəstəkarımıza qədər Şuşaya, Xankəndinə gedir, bu Zəfərimizdən ilhamlanırıq. Bu Zəfər yolunu bizə bəxş edən Şəhidləri anladacaq əsərlər hələ də yaratmamışıq. İnanıram ki, onlara layiq əsərlər yazılacaq, ərsəyə gələcək.
- Necə hesab edirsiniz, Şəhid ailələrinə diqqət və qayğı hansı səviyyədədir?
- Azərbaycan dövləti Vətən müharibəsindən sonra sosial proqram elan etdi. Qarabağda yenidən bərpa-quruculuq işləri davam edir. Belə bir şəraitdə dövlət öz imkanları daxilində Şəhid ailələrinə və qazilərimizə olan sosial dəstəyini və qayğısını əsirgəmir. Ən böyük problem dövlət siyasətini həyata keçirməli olan məmurlarımızla bağlıdır. Şəhid ailələrinə dəstəklə, qazilərimizlə bağlı nəzərdə tutulan sosial proqramların həyata keçirilməsi haradasa ilişib qalırsa, bu məmur laqeydliyindən yaranır. Bu problem aradan qaldırılmalıdır. Əgər hər kəs öz işinə məsuliyyətlə yanaşarsa, bu probem aradan qaldırılar və dövlərin sosial siyasəti öz müsbət nəticəsini verər.
- Məlumdur ki, artıq yeni dərs ili baslayıb. Bu yeni tədris ilində Şəhid ailələrinin ali, orta təhsilinə dəstəklə bağlı hansı yeniliklər var?
- Bəli, yeni dərs ili başlandı. Bu il birinci sinifə gedən Şəhid övladlarımız çoxdur və onlar diqqətdə saxlanır. Belə ki, "Paşa Holdinq" tərəfindən bütün Şəhid övladlarına məktəb ləvazimətları paylanıldı. Eyni zamanda, YAŞAT Fondu da belə bir aksiyanı reallaşdırdı. Naxçıvandan tutmuş, Azərbaycanın hər bir bölgəsində olan şəhid övladları dərs ləvazimatları ilə təmin olundular. Bu böyük dəstəkdir. Məlumdur ki, orta təhsil üzrə dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərdə də təhsil alan Şəhid övladlarımız var. Özəl məktəblərdə oxuyan şəhid övladlarının təhsilhaqqı YAŞAT Fondunun dəstəyi ilə qarşılanır. Təhsilhaqlarının ödənilməsi üçün hər il Fonddan müəyyən məbləğdə pul ayrılır. Mən çox istərdim ki, insanlarımız, xalqımız Şəhid övladlarına dəstək versin. Biz Şəhidlərimizin əmanətlərinə sahib çıxıb, onlara dəstək durmaq istəyiriksə, ilk növbədə, onların təhsilinə diqqət göstərməliyik. Ona görə də bu istiqamətdə problem yaşanmasın deyə onların təhsil haqqının ödənilməsi üçün YAŞAT Fonduna olan ianələr, ödəmələr artırılmalıdır. Həmin ianələrin hesabına övladlarımız oxuyur. Hər birimiz bunu düşünməli, dəstək olmalıyıq.
Bu il 45-ə yaxın Şəhid övladı ali təhsil ocaqlarına qəbul olunub. Eləcə də ali təhsil almaq istəyən şəhid xanımlarımız var ki, tələbə adını qazanıblar. Xarici ölkələrin təhsil müəssisələrinə üz tutanlar var. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə Azərlotoreya Açıq Səhmdar Cəmiyyəti və Elm Təhsil Nazirliyinin birgə iştirakı ilə şəhid övladları, xanımları üçün “Əmanətə sədaqət” adlı təqaüd proqramı reallaşdırırıq. Artıq 4 ildir ki, bu proqramdan yararlanan, yeni qoşulan uşaqlar üçün görüşlər keçiririk. Bu proqramda yeni qoşulanlarla bərabər 145-ə yaxın Şəhid əmanati yararlanmaqda davam edir. Bu layihəni daha da genişləndirməklə davam etdirməyi nəzrədə tuturuq.
- Şəhid adlarının əbədiləşdirilməsi məsələsində bizdən asılı olan, yaxud asılı olmayan hansı məsələlər var? Bu istiqamətdə görülən işləri necə dəyərləndirirsiniz?
- Şəhid adının əbədiləşdirilməsi ilə bağlı köhnə qanunvericik aktı var. Düzdür, o qanuna dəyişikliklər olunur. Hələ də həm Şəhid ailələri narazıdır, eyni zamanda hər iki tərəfin - dövlət və Şəhid ailələrinin məsələyə öz baxışları var. Mən həmişə demişəm ki, Şəhid adları əbədiləşdirilməlidir. Qarabağda tikilən yollara, tunellərə Şəhid adları verilməlidir. Azad olunmuş torpaqlarda şəhidlərimizin adına küçələr, parklar salınmalıdır. Biz bununla, bacardığımız qədər onları yaşatmağa çalışmalıyıq. Bunu edə bilərik. Və bu istiqamətdə yazılan qanunlar da zamanın, günün nəbzinə, ictimai münasibətlərə uyyğun olmalıdır. Bu, mövcud narazılığı aradan qaldıra bilər. Hər kəsə Milli Qəhrəman adı, yaxud iki medal verilməyib. Bu məsələ Şəhid ailələrinin qarşısında böyük tələb kimi durur və həll olunmadıqca narazılıq yaradır. Onların ən böyük adı Şəhiddir və o adı əbədiləşdirmək olar. Hesab edirəm ki, bu prosesdə Türkiyə təcrübəsindən istifadə etmək mümkündür.
- Şəhid ailələrinin mənzillə təminatının tezliklə yekunlasacağı deyilir. Bu istiqamətdə gedən prosesləri necə dəyərləndirirsiniz?
- Şəhid ailələrinin mənzillə təminatında hələ də problemlər var. Hələ də növbədə gözləyən Şəhid ailələri var. Bəli, bu sahədə dövlət proqramı elan olunub, bunun yekunlaşacağını da deyirlər. Amma problemlər qalır. Bu problem daha çox bölgələrdə var. Bölgələrdə Şəhid ailələri üçün nəzərdə tutulan fərdi evlərin tikintisi ləng gedir. Məlumdur ki, paytaxtda köçkünlər üçün tikilmiş sosial evlərin əksəriyyəti şəhid ailələrinə ayrıldı. Amma bunu bölgələrlə bağlı demək olmur. Bölgələrdə evlərin tikintisi ləng getdiyi üçün narazılıq və Bakıya axın yaradır. Çünki bölgələrdə illərlə mənzil ala bilməyənlər gəlib burada qeydiyyata düşür və ev almağa çalışırlar. Biz bu axının qarşısını almalıyıq.
- Vətən uğrunda canından keçən qazilərə diqqət və əliliyin verilməsi ilə bağlı proses qaneedicidir?
- Qazilərin 5 ildən bir əlillik dərəcəsinin müəyyənləşdirilməsi, eləcə də səhhətlərinin, vəzyyətlərinin müəyyənləşdirilməsi ilə bağlı ekspert komissiyaları fəaliyyət göstərir. Bu istiqamətdə az məlumatlı olsam da, bacardığımız qədər biz də buna dəstək göstərməyə çalışırıq. Düşünürəm ki, əlilliyi olan şəxslər sosiallaşmalı, cəmiyyətə inteqrasiya olunmalıdır. Biz buna nail olsaq, qazilərin yaralarına məlhəm olmuş olarıq. O dəhşəti yaşayan qazilərimiz ciddi mənəvi-psixoloji yaralar alıblar. Məmurlarımız, hər birimiz onlara diqqətlə, səbrlə yanaşmalıyıq. Qazilərin əlilliyinin qiymətləndirilməsi, reablitasiya xidmətləri ilə bağlı bir sıra işlər görülür. Bununla yanaşı, hər kəs onların səsini eşitməli, zamanında müdaxilə etməli, həll etməyə çalışmalıdır. Həmin müharibədə döyüş yoldaşını itirib, ağır acı yaşayıb, böyük zədələr alıb. Ona görə də hər birimiz qazilərə həssaslıqla yanaşmalıyıq.