Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi harada yaradılmalıdır? - SORĞU

13:23 08.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Qeyd edək ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılır.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Musa Qasımlı deyib ki, paytaxt şəhərimizdə Vətən müharibəsi xatirə kompleksinin və Zəfər muzeyinin yaradılmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır:

“Birincisi, ona görə ki, indiyədək bizdə belə bir xatirə kompleksi və Zəfər muzeyi olmayıb. Açıq demək lazımdır ki, həmişə torpaq itirə-itirə getmişdik, torpaqlarımızı azad edib düşmən üzərində qələbə qazanmamışdıq. Millətimizin təşnə olduğu, başını uca edən, qamətini düzəldən, üstündəki ləkəni silən bu zəfərin baş memarı Ali Baş Komandan, Prezident İlham Əliyevdir.Yaradılacaq xatirə kompleksi və Zəfər muzeyi Prezidentin tariximizdə yaratdığı çoxlu ilklərdən biri olacaq. Bunlar millətimizin çoxdan gözlədiyi və əldə etdiyi zəfərin əbədi daşlaşması və abidələşməsi olacaq. Fikrimcə, xatirə kompleksinin və Zəfər muzeyinin Şəhidlər xiyabanı zonasında olması bir-birini tamamlayar. Həm Şəhidlər xiyabanı, həm xatirə kompleksi, həm də Zəfər muzeyi dövlət protokoluna daxil edilər. Xatirə kompleksi və Zəfər muzeyi gənc nəslin hərbi vətənpərvərlik, müstəqil milli dövlətçilik, siyasi, dövlət milliyyətçiliyi ruhunda tərbiyə edilməsində mühüm rol oynayacaq”.

Xatirə kompleksinin və Zəfər muzeyinin Şəhidlər xiyabanı zonasında olması bir-birini tamamlayar

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması zamanı əsasən hansı detalların xüsusi vurğulanması məsələsinə gəlincə, millət vəkili bildirib ki, xatirə kompleksinin necə olması barədə hər halda yüksək səviyyəli peşəkar memarların və heykəltaraşların fikirləri daha faydalı olar:

“Məncə, xatirə kompleksinin önündə dayanan istənilən şəxs – istər xaricilər, istərsə də Azərbaycan Respublikasının vətəndaşları, ilk növbədə, onda millətimizin, dövlətimizin, hərb sənətimizin qüdrətini, əsgər, gizir və zabitlərimizin şücaətini, milli birliyimizi əks etdirən və düşmənin başını əzən Ali Baş Komandanın yumruğunu, arxa cəbhə ilə ön cəbhənin vəhdətini görməlidir. Ona baxan hər bir azərbaycanlı ölkəsi, vətəni, dövləti, milləti və millətin bağrından çıxan ordusu ilə qürur duymalıdır. Bütün millətin and yerinə çevriləcək xatirə kompleksinin önünə gələn hər bir gənc özünü istənilən an Vətənin əsgəri kimi düşmənə qarşı döyüşlərə atılmağa hazır vəziyyətdə hiss etməldir. Zəfər muzeyi isə dünyada mövcud olan müvafiq muzeylərin təcrübəsi öyrənilərək onlardan daha yaxşı, müasir texnologiyaların köməyi ilə yaradılmalıdır. Muzeydə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları, dünya KİV-lərinə müsahibələri, beynəlxalq, diplomatik fəaliyyəti, həm ön cəbhə, həm arxa cəbhənin qəhrəmanlığı, Naxçıvandan Ağstafaya, Qusardan Astaraya qədər bütün rayonlarımızın əhalisinin əməyini özündə əks etdirən foto və digər sənədlər, işğaldan azad edilən yerlərin xəritəsi, eksponatlar, təbii sərvətləri, turist potensialına dair şəkillərin olması vacibdir. Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş səhnələrinin müasir texnologiyaların köməyi ilə canlandırılması, 10 noyabrda keçiriləcək hərbi parada dair materialların, təcavüzkar Ermənistanın işğalı atlında 30 ilədək qalan ərazilərimizin işğaldan əvvəlki, işğal zamanı və işğaldan azad edildikdən sonrakı ilk bərpaya dair fotoşəkillərinin yerləşdirilməsi yaxşı olardı”.

Məsələyə münasibət bildirən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova da hafta.az-a açıqlamasında deyib ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması xalqımızın şanlı tarixinin əbədiləşdirilməsi deməkdir:

“Prezidentin bununla bağlı sərəncamı xüsusi əhəmiyyət daşıyır. Burada böyük simvolik və mənəvi məqamlar var. Kompleks və muzey gələcək nəsillərə Azərbaycan xalqının, igidliyinin, birliyinin və möhtəşəm Qələbəsinin aşılanmasında mühüm rol oynayacaq. Bu kompleks və muzeydə yalnız ikinci Qarabağ savaşının tarixi deyil, həm də ən azı 100 il ərzində Azərbaycan xalqının məruz qaldığı təcavüz aktları təbliğ olunmalıdır. Bu bizim tariximizin gələcək nəsillərə çatdırılması baxımından vacib məqamdır. Digər tərəfdən kompleks və muzeyin yer seçimində də bir sıra məsələlər diqqət mərkəzində olmalıdırdə. Həm kompleks, həm də muzey elə bir ərazidə yerləşməlidir ki, həmin əraziyə vətəndaşlarımızın, eləcə də xarici ölkələrdən gələn qonaqların baş çəkməsi rahat olsun. Düzdür, bizim belə məkanlarımız var. Bu, Şəhidlər Xiyabanıdır. Çox yaxşı olardı ki, memorial kompleks elə Şəhidlər Xiyabanına yaxın ərazidə tikilsin. Ziyarətə gələnlər həm də memorial kompleksə daxil olub, Azərbaycanın apardığı mübarizə ilə daha ətraflı tanış ola biləcəklər. Nəzərə almaq lazımdır ki, Şəhidlər Xiyabanı elə bir tarixi məkandır ki, orada yüz il öncə də Azərbaycanın məruz qaldığı soyqırım zamanı şəhid olmuş insanlarımız dəfn olunublar. Eyni zamanda, Bakı uğrunda savaşda canından keçmiş Qafqaz İslam Ordusunun hərbiçilərinin şərəfinə ucaldılan xatirə kompleksi də oradadır. Bu yer tarixi bir yük daşıyan yerdir, həm də Bakının ən hündür ərazisidir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Zəfər muzeyi də bu məkanlara yaxın ərazidə yaradılmalıdır ki, insanlar sərbəst şəkildə ziyarətə gedə bilsinlər.

Çox yaxşı olardı ki, memorial kompleks elə Şəhidlər Xiyabanına yaxın ərazidə tikilsin. Ziyarətə gələnlər həm də memorial kompleksə daxil olub, Azərbaycanın apardığı mübarizə ilə daha ətraflı tanış ola biləcəklər

 O ki qaldı kompleks və muzeyin yaradılmasında hansı detalların daha çox önə çəkilməsinə, bildiyimiz kimi, Qarabağ savaşı bir neçə dalğa ilə müşayiət olunan bir proses oldu. Bu savaş özündə böyük bir məcburi köçkünlük dalğasını yaşatdı, talan, işğal, qətilam, ekoloji terror kimi hadisələr baş verdi. Ona görə də bütün bu istiqamətlərin hamısı muzeyin ekspozisiyasında əksini tapmalıdır. Bu muzey həm də müasir, modern bir muzey olacaq. Təbii ki, muzeydə monitorlar quraşdırılacaq. Hesab edirəm ki, həmin monitorlar vasitəsilə şahid ifadələri, erməni vəhşiliyini yaşayan insanların başlarına gətirilən müsibətlər ziyarətçilərə çatdırıla bilər. Eyni zamanda, bizə zəfər bəxş edən qəhrəmanlarımızın hünərini əks etdirən epizodlar da monitorlar vasitəsilə ziyarətşilərə təqdim oluna bilər. Ən önəmlisi isə Şuşanın azad olunmasını əks etdirən roliklər hazırlanmalı və muzeydə nümayiş olunmalıdır. Şuşanın işğaldan azad olunması müasir dövrün ən əzəmətli hərbi səhnəsi, mərdanə döyüşün nümunəsidir. Hesab edirəm ki, muzeyin ən dəyərli guşəsi də elə Şuşanın işğaldan azad olunması ilə bağlı canlandırılacaq səhnələrdən ibarət ekspozisiya olacaq”.