Vətəndaşlar "yüksək rütbəli" dələduzlara niyə tez inanırlar? - PROBLEM

13:24 24.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı  (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb. Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

Bəs nəyə görə cəmiyyətdə "yüksək rütbəli" şəxslərə belə inam var, insanlar araşdırmadan bu kimi şəxslərə öz pullarını etibar edirlər?

Psixoloq İlahə Dəmirbəy hafta.az-a çıqlamasında dedi ki, yüksək rütbələrdən sui-istifadə etmək insanların sevgisinin, inamını qazanıb onlardan yararlanmaq hər bir sahədə mövcuddur:

“Son dövrlərdə isə bu daha çox vüsət alıb. Bank sahəsini bitirmiş, daha prestijli sahə üzrə çalışan insanlar belə öz sahəsi üzrə normal çalışmayacaqlar. Əgər çalışdıqları sahədən bir az fərqli maddi gözlənti gördükləri halda ona meyl edəcəklər. Bu insani nəfs prosesdirir. Hətta hansı sahədəsə idarəçi ola bilər, insanları o sahədə idarə edə bilərlərsə o sahəyə yönəlirlər. Dələduz olan insanlar isə bu cür vasitələrə daha çox meyl edirlər. Bu bir yetərsizlik, özgüvənsizlikdir. Başqa bir insanı öz yerinə qoyma halı da bir psixoloji problemdir. Bunun birmənalı səbəbi insanlara yararlı olma yox, dələduzluq vasitəsi ilə onların inamından istifadə edib öz xeyirlərinə istifadə etməkdir. Cəmiyyətdə isə bu rütbələrə daha çox inam var”.

Keçmiş polis rəisi Mahmud Hacıyev isə dedi ki, bu cür hallar tarixdə hər zaman olub, bunun bir adı var: dələduzluq:

“Keçmiş illərdə də, Sovet hökuməti dövründə də, hətta ondan əvvəl də olub. İnsan psixologiyasından asılı olan bir şeydir. Bəzən vəzifəli şəxs adından, bəzən belə rütbələrdən istifadə edirlər.  Dırnaqarası desək bunu “fitri istedad” lıq adlandıra bilərik. Dələduzluq odur ki, başqasının inamını qazana biləsən. Günah vətəndaşdadır. Gərək ayıq olasan.  Bu kimi halların baş verməməsi üçün, vətəndaşlar ayıq-sayıq olmalı, hər kəsə inanmalı deyillər. Araşdırıb qərar verməlidirlər”.