Vətəni bütövləşdirən Zəfər

10:35 08.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin növbəti ildönümüdür. Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 8-də Şuşanın alınması, Ermənistanın kapitulyasiya aktına imza atması nəticəsində Azərbaycan dövlətinin qələbəsi ilə yekunlaşdı. Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı müddətində igid döyüşçülərimiz 44 gün dayanmadan yalnız irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.

Bu zəfər bölgədə yeni reallıqlar, yeni imkanlar yaratdı. Bölgənin geosiyasi, geoiqtisadi mənzərəsi tamamilə dəyişdi. Postsovet məkanının ən böyük və qanlı münaqişələrindən biri, 30 illik işğal faktı, separatizm meyllərinə birdəfəlik son qoyuldu.

Bu gün dünya hərb məktəblərində hələ də Azərbaycan Ordusunun peşəkar səviyyədə, ən müasir formada apardığı unikal əməliyyatlar öyrənilir, ayrı-ayrı orduların təlimlərində tətbiq edilir. Təbii ki, bu qələbənin əsas memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir. Son 20 ildə həyata keçirilən siyasi kurs yalnız bir ali məqsədə - Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasına xidmət edirdi. İqtisadi imkanların genişləndirilməsi, həyata keçirilən meqalayihələr nəticəsində əldə olunan maliyyə vəsaitləri hesabına ordu quruculuğu prosesinin sürətləndirilməsi, müasir silah və sursatın alınması, Silahlı Qüvvələrin hərtərəfli təchizatı, Vətən uğrunda canından keçməyə hazır olan gənclərin yetişdirilməsi, xalq-iqtidar birliyi və liderə olan sonsuz etimad Zəfərimizi daha da yaxınlaşdırdı. Səbirlə, ağılla hörülən siyasi gedişlər, beynəlxalq hüquqi bazada atacağımız addımları əsaslandırmaq üçün qəbul edilən çoxsaylı qərar və qətnamələr işğal faktının eyforiyasına uyaraq özünü «məğlubedilməz» sayan erməni revanşizminə sarsıdıcı zərbə vurdu. Artıq bayrağımız Xankəndidə, Şuşada, Xocalıda, Ermənistanla şərti sərhəddə, Laçında, Xudafərin körpüsündə, Ağdərədə qürurla dalğalanır.

Vətənin, torpağın əsl sahibləri öz doğma el-obalarına qayıdır, 30 illik işğalın yaraları sarılır. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi yerlə bir edilmiş, xarabaya çevrilmiş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Bu gün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi ilə əsası qoyulan Zəfər yoluyla inamla uğurlu gələcəyə doğru irəliləyir. Bu yolda onun əsas gücü, dayağı, imkanları özünün sahib olduqlarıdır. Müstəqilliyimizin bizə verdiyi qürur, xalqını qələbədən qələbəyə aparan Lider, Prezidentə, Müzəffər Ali Baş Komandana olan sonsuz sevgi və ehtiram, maliyyə imkanlarımız, ordumuz, beynəlxalq səviyyədə bizə dəyər verən dostlarımız, təbii sərvətlərimiz... Ən başlıcası isə, işğaldan azad Azərbaycan!

Bu gün istər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsində, antiterror əməliyyatlarında, keçən müddət ərzində baş vermiş təxribatların qarşısını alarkən həlak olan şəhidlərimiz, igidlərimiz qarşısında baş əyirik. Onlar bu Vətən durduqca bizim yaddaşlarımızda, xatirələrimizdə daim yaşayacaq, anılacaq, xatırlanacaq.

Bir daha Zəfərimiz mübarək!

Ləman Əliyeva