Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında deyilib:
"İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib. Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir".