Dünyanı cənginə alan koronavirus pandemiyasının Azərbaycanda da yayılması bir çox sahələrə öz təsirini göstərməyə başladı. Pandemiya o cümlədən, çap mediası üçün də müəyyən əngəllər yaratmaqdadır. Bəzi ənənəvi çap mediasının fəaliyyətlərində müəyyən fasilələr yaradıb. Çünki yayım şirkətləri tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq fəaliyyət göstərmirdilər. Eyni zamanda, əhalinin evdən bayıra çıxa bilməməsi də ənənəvi medianın işini çətinləşdirib. Artıq onların bir çoxu ya fəaliyyət göstərmir ya da abunələrinin sayı qədər tirajları olur.
Hafta.az-ın əməkdaşı ölkənin aparıcı çap media orqanlarının rəhbərləri, redaksiyaları ilə əlaqə saxlayıb. Mövcud durumu öyrənib.

Sevinc Seyidova, "Həftə içi" qəzetinin təsisçisi və baş redaktoru:
"Qəzetimiz aprelin 6-dan etibarən fəaliyyətini bərpa edib. Tətil günlərində onlayn qaydada fəaliyyət göstərsək də, həftənin əvvəlindən etibarən "Həftə içi" qəzeti əvvəlki kimi çap olunur. Təbii ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində satış məntəqələrinin fəaliyyətini dayandırması tirajımıza təsirsiz ötüşməyib. Hazırda qəzetimiz abunəçilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün onların sayına uyğun tirajda çap olunur.
Bizim üçün əməkdaşlarımızın sağlığını qorumaqda önəmlidir. Ona görə də, redaksiyada məhdud işçi sayı ilə maksimim iş görməyə çalışırıq. Digər əməkdaşlarımız isə onlayn qaydada redaksiyadan kənar fəaliyyət göstərirlər. Məqsədimiz bu çətin dövrdə işçilərimizin sağlığını qorumaqla qəzetimizin çapını davam etdirmək, həm onlayn qaydada, həm də çap formasında oxucularımızın informasiya tələbatını yüksək səviyyədə təmin etməkdir.

Aydın Quliyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru:
"Qəzetimiz karantin rejimi dövründə fəaliyyət göstərəcək. Aprelin 6-dan artıq hər gün çap edilir. Tiraj dəyişməyib. Yayım firmaları bütün öhdəliklərini icra edəcəklərini deyiblər. Çapımız dayanmayacaq. Fövqəladə ağır şərait olsa da işləyirik”.

İlham Quliyev, “Kaspi”nin baş redaktoru:
“Biz karantinin ilk günlərində işimizi evdən – saytımız vasitəsilə aparırdıq, çap versiyamızı hazırlamırdıq. Amma aprelin 7-dən etibarən “Kaspi”nin çapını bərpa edib. Baxmayaraq ki, çap üçün münbit şərait yoxdur, satışı aparan köşklər qapalıdır, biz çapa başlamaq qərarı verdik. Çünki qəzetimizin xeyli sayda abunəçisi var. Bu günlərdə qəzeti sırf onlar üçün çap edirik. Təbii ki, satış üçün nəzərdə tutulan nüsxələrimiz tirajdan çıxılıb. Bununla əlaqədar tirajımızda təxminən 600 nüsxəyə yaxın azalma var.
Bu günlərdə əməkdaşlarımızın sağlamlıq qayğılarını da nəzərə alırıq. Əsasən redaktorlar və texniki heyət redaksiyaya işə gəlir, müxbirlər isə evdən işləyir, harasa getmək lazımdırsa elə evdən çıxıb gedirlər. Səhər planlaşdırmalarımızı da virtual formada edirik”.

Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktoru:
"Qəzetimiz aprelin 6-na qədər onlayn rejimdə fəaliyyətini davam etdirib. Artıq işçilərimizin müəyyən hissəsi işə çıxır. Xanımlara icazə vermişik. Onlar işə gəlmirlər. Evdən işləyirlər. Qəzetimizi çıxarırıq. Qəzetimiz həftədə 3 dəfə işıq üzü görür. Abunəçilərimiz var. Abunəçilərimizin sayına uyğun qəzetimiz çap olunacaq. Qəzetimizin onlayn versiyası da 24 saat fəaliyyətdədir. Biz çap ənənələrini, qəzetçiliyi yaşatmaq, qoruyub saxlamaq üçün karantin rejimindən əvvəl də fədakarlıq göstərirdik. Bizim əsas məqsədlərimizdən biri ənənəvi medianın üzərində yeni medianın inkişafını müəyyənləşdirməkdir. Ənənələrin üzərində qurulmayan heç bir şeyin gələcəyi yoxdur”.

Bəhruz Quliyev, “Səs” qəzetinin baş redaktoru:
"Hal-hazırda qəzetimiz fəaliyyətini davam etdirir. Həftədə 5 dəfə “Səs” qəzeti oxucularının görüşünə gəlir. Karantin rejimi ilə əlaqədar olaraq media yayım şirkətləri fəaliyyətini bərpa etməyib. Ona görə də köşklərdə qəzet satışı məhdudlaşdırılıb. Biz də abunəçilərimizin sayı qədər qəzetimizi çıxarırıq. Eyni zamanda, onlayn rejimdə də fəaliyyətimizi davam etdiririk. Əməkdaşlarımız iş başındadır. Bizim abunəçilərimizin əksəriyyəti hərbçilər, hüquq-mühafizə orqanlarında çalışanlar, eyni zamanda, həbsdə olan şəxslərdir. Onların internet resurslardan istifadə etmək imkanı yoxdur. Ona görə də qəzetlərdən ölkədə baş verən məlumatları öyrənməlidirlər. Respublikadada baş verən ictiami-siyasi proseslərdən məlumat əldə etməlidirlər. Biz də öz abunəçilərimizi ən çətin anda belə xəbərlə təmin etmək üçün fəaliyyətdəyik”.

Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas isə bildirib ki, hazırda qəzetin çap versiyası gündəlik olaraq çapa gedir: “Tirajların sayı azalıb. Amma qəzet çıxır”.

Hikmət Babaoğlu, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru:
"Qəzetimizin çap versiyası aprelin 6-dan çıxır. Nömrələrimiz ənənəvi qaydada çap olunur. Yayım şirkətləri vasitəsi ilə ünvanlara çatdırılır. Abunəçilərimizə qəzetimizin nömrələrinin çatdırılması davam edir. Qəzetimiz həftədə beş gün çıxır”.

Aqil Camal, “Türküstan” qəzetinin baş redaktoru:
"Hazırda qəzet onlayn rejimdə fəaliyyət göstərir. Qəzet variantının çıxmamasının səbəbi ciddi karantin rejimi ilə əlaqədar olaraq satış nöqtələrinin bağlanmasıdır. Karantin dövründə, yəni aprel ayı ərzində “Türküstan” qəzeti çıxmayacaq. Amma onlayn rejimdə biz turkustan.info olaraq fəaliyyətimizi davam etdiririk. KİVDF-nin layihələri ilə bağlı yazılar isə saytda yayımlanmaqdadır. Yəni, layihələrimiz davam edir. Sadəcə olaraq qəzet variantında çıxa bilməyəcəyik. Çünki hal-hazırda bütün satış nöqtələri bağlanıb. Eyni zamanda, qəzetimizin abunəçiləri də dövlət qurumlarında və özəl müəsissələrdə çalışanlardır. Onların da böyük əksəriyyəti hal-hazırda ciddi karantin rejimi ilə əlaqədar olaraq fəaliyyət göstərmirlər”.
Əldə etdiyimiz məlumata görə, “Mövqe” qəzeti də aprelin 6-dan fəaliyyətini bərpa edib. Həftədə beş gün çap olunur.
“Xalq qəzeti” də aprelin 6-dan fəaliyyətini davam etdirir.
Əlaqə saxladığımız yayım firmalarından isə bildirildi ki, hazırda ölkə üzrə qəzetlərin satış məntəqələri fəaliyyətlərini dayandırıblar. Köşklər bağlı olduğu üçün yayım firmaları dərc olunan qəzetlərin ancaq abunə yolu ilə yayımını həyata keçirir.