Yeni ekologiya və təbii sərvətlər naziri kimdir? – DOSYE

15:49 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Hafta.az yeni ekologiya və təbii sərvətlər nazirinin dosyesini təqdim edir:

Rəşad İsmayılov 1979-cu il avqustun 27-də anadan olub. Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə "Zəhmət" kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə "Star LTD" MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında hüquqşünas-mütəxəssis işləyib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi və böyük hüquq məsləhətçisi vəzifələrində çalışıb. 2009-cu ildə həmin xidmətin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olub.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə həmin qurumun Hüquq və təşkilati təminat şöbəsinin Hüquqi ekspertiza sektorunda baş məsləhətçi vəzifəsində işləyib.

2013-2016-cı illərdə Hüquq və təşkilati təminat şöbəsinin Hüquqi ekspertiza sektorunun müdiri olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsində müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb.

2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə isə həmin komitədə Aparat rəhbəri vəzifələrində işləyib.

Rəşad İsmayılov 15 avqust 2024-cü ildən etibarən bu günədək Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində fəaliyyət göstərib.