Yeni ilə yeni qanunlarla - AKTUAL

14:10 28.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni ilin başlamasına sayılı günlər qalır. Bu o deməkdir ki, 2024-cü ilin yanvar ayından ölkədə həm də müxtəlif sahələri əhatə edəcək yeni qanunlar qüvvəyə minəcək.

Qafqazın ən böyük büdcəsi

2024-cü ilin yanvarın 1-dən Azərbaycan Respublikasının yeni dövlət büdcəsi qüvvəyə minəcək. Bu sənəd Qafqazın ən böyük büdcə sənədi də adlandırılır. Belə ki, Azərbaycanın 2024-cü il büdcəsi Ermənistanla müqayisədə 3,5 dəfə, hərbi büdcəsi 2,1 dəfə, sosial xərcləri 1,5 dəfə artıqdır. Azərbaycanın dövlət büdcəsi Gürcüstanın əsas maliyyə sənədindən 2,1 dəfə, hərbi büdcəsindən 7,2 dəfə yüksəkdir. Gələn il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib. Gələn il yaşayış minimumu da dəyişir. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdi. 2024-cü il üçün isə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən ediləcək.

Hərbçilərin pensiya yaşı dəyişir

Digər vacib qanun layihələrindən biri isə Azərbaycanda hərbçilərin pensiya yaşı ilə bağlıdır. Yanvarın 1-dən etibarən hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə dəyişdirilir. Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılacaq. Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Satınalmalarla bağlı yeni qaydalar

Azərbaycanda "Dövlət satınalmaları haqqında" qanun da 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək. Qanunun 2023-cü ilin iyulun 14-də imzalanmasına baxmayaraq tətbiqi 2024-cü il yanvarın 1-nə nəzərdə tutulub. Bu müddət ərzində iki əsas məqama diqqət yetirilib. Birinci məsələ kimi qanuna müvafiq olaraq normativ aktların hazırlanması vacib idi. Burda söhbət 20 ədəd normativ aktın qəbul edilməsindən gedir. İkinci məsələ isə bu müddət ərzində bazarın qanunun tətbiqinə hazırlanması idi. Bu qanunun əsasında BMT-nin və Avropa Birliyinin satınalmalar üzrə prinsipləri durur.

Bəzi avtomobillərin idxalına qadağa qoyulacaq

Avtomobil almaq istəyənlər üçün də yeni xəbər var. Hökumətin qərarına əsasən, 2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunmuş avtomobillərin idxalına məhdudiyyət qoyulacaq. Yeni ildən sərnişindaşıma fəaliyyəti ilə bağlı qanunvericilik mexanizmi də sərtləşdirilir. “Avtomobil nəqliyyatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik yanvarın 1-dən qüvvəyə minir. Qanuna edilən dəyişiklik ölkə ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Həmçinin bu sahədə dövlət orqanları (qurumları), daşıyıcılar və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmətlərin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir. Dəyişiklə qanuna taksometr, analoq taxoqraf, rəqəmsal taxoqraf, rəqəmsal taxoqraf kartı,  sürücünün taxoqraf kartı, operatorun taxoqraf kartı, emalatxana taxoqraf kartı,  nəzarətçi taxoqraf kartı, formulyar, taksi sifarişi operatoru, buraxılış vəsiqəsi, buraxılış kartı kimi yeni anlayışlar əlavə edilib. Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları aid edilib. Qanuna edilən dəyişikliyə müvafiq olaraq, qanunun tələblərinə riayət etməyən fiziki, vəzifəli və hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət müəyyən edilib. İnzibati məsuliyyətə görə qanun normaları 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Vergilərlə bağlı yeniliklər qüvvəyə minəcək

2024-cü ilin yanvarın 1-dən “Vergi Məcəlləsi”nə də dəyişiklik ediləcək. Qanun layihəsinə əsasən, ən çox dəyişiklik də məhz bu məcəlləyə aiddir. “Nağdsız hesablaşmalar haqqında”, “Aksiz” vergiləri və digər maddələr üzrə dəyişikliklər nəzərdə tutulur. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, 2024-cü ildə sahibkarlıq sektoru üçün həm, iqtisadi, həm də sosial xarakterli vergi güzəştləri siyasəti davam etdiriləcək. Güzəşt və azadolmalar həm sosial, həm də iqtisadi xarakterli olacaq. Sosial xarakterli güzəştlər sırasında fiziki şəxslərin gəlirlərinə düşən vergi  yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı şəxslərə verilən güzəştlərin  həcminin artırılması, eyni zamanda bir sıra gəlirlərin vergiyə cəlb olunan gəlir bazasından çıxarılmasıdır. Bu o deməkdir ki, bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcəkdir. Həmçinin sosial məqsədlər  üçün  ödənilən mənfəət vergisinin azad olunan hissəsinin bir qədər də artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi də hədəflər sırasındadır. Belə ki, vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə,  idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən  azad  olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir. Bundan başqa, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Həkimlər reseptləri yeni qaydada yazacaq

Həkim reseptlərinin yeni qayda ilə yazılması üçün sistem tam hazırdır və 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək. Belə ki, dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir. Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərə əsasən, yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar.