Bu günlərdə Şuşa şəhəri “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı kimi daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. 36 ölkədən 150-dən çox gəncin qatıldığı tədbirdə hər zaman Azərbaycanla birlik nümayiş etdirən, ən ağır günlərində Azərbaycanın yanında olan Pakistandan da nümayəndə iştirak edirdi.
Hazırda Türkiyədə təhsil alan pakistanlı gənc Məhəmməd Huzayfa Şuşa Proqramında iştirakından başlayaraq, Azərbaycanda gördüklərindən və daha bir sıra gündəm mövzularında fikirlərini Hafta.az-la bölüşdü.
- İslam Əməkdaşlıq Təşkilatının Gənclər paytaxtı Şuşada möhtəşəm bir tədbirdə iştirak etdim. Təşkilata üzv ölkələr hər birindən gənclərin nümayəndəsi gəlmişdi. Bu lazımlı tədbir idi, hər bir iştirakçı gənc öz fikirlərini səsləndirir, müzakirələr aparırdı. Çünki hər bir gənc öz cəmiyyətinin gələcəyidir. Bu səbəbdən də gəncləri inkişaf etdirmək, yüksək təhsil vermək, lider olaraq yetişdirmək istəyirlər. Bu səbəbdən də İslam Əməkdaşlıq Təşkilatının gənc nümayəndələri zaman-zaman bir araya gəlirlər.

- Proqramın mövzusu nə idi, nədən danışdınız, hansı problemlərə toxundunuz?
- Bilirsiniz, Şuşa İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Gənclik Paytaxtı seçilib. Biz bu tədbirdə bir neçə fəaliyyətimizi göstərə bildik. Məsələn, təhsil proqramları vardı, konfrans keçirildi, unudulmaz şəhər gəzintimiz oldu. Tədbirdə danışdığımız mövzulardan isə biznes fəaliyyəti, yenilik, liderlik və sair vardı ki, bütün bunları orada iştirak edən fərqli ölkələrdən gəlmiş çox parlaq gənclərlə müzakirə etdik. Qlobal istiləşmə, iqlim dəyişikliyi kimi məsələləri danışdıq, problemdən çıxış yollarını aradıq və düşüncələrimizi paylaşdıq.
- Haqqında danışdığınız Şuşa yaxın keçmişdə işğal altında idi. Yəqin ki, şəhərdən çıxıb o gözəl dağları, təbiəti gəzdiniz?..
- Qarabağ torpaqlarının işğal altında olduğunu əvvəldən bilirdim. Mən türk dünyasını yaxşı tanıdığım, türk dilində mükəmməl danışdığım üçün həmişə Qarabağ probleminin varlığından narahat olurdum. Lap əvvəldən hər dəfə “Çırpınırdı Qara dəniz” mahnısını dinlədikcə, orada bir misra var, Azərbaycan bayrağını Qarabağdan asacağıq, açığı qəlbimə toxunurdu. Təbii ki, sonradan torpqların azad olunması üçün Azərbaycan ordusu əməliyyata başladı və mən hər bir pakistanlı kimi bu prosesi diqqətlə izləyirdim. Ölkəmiz haqq işində Azərbaycana birmənalı olaraq dəstək verirdi. Çünki işğalın nə olduğunu biz yaxşı bilirik. Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi üçün Ermənistanı dövlət olaraq tanımır Pakistan. Bizim Azərbaycanla qardaşlıq bağımız çox güclüdür. Nəhayət, artıq Qarabağ və çevrəsindəki Azərbaycan torpaqları düşmənin əsarətindən qurtulub, öz azadlığına qovuşub, bu torpaqlar bu gün əsl sahibləri olan Azərbaycan xalqının nəzarətindədir. Qarabağ torpaqlarına getmək, orada Azərbaycan bayrağının dalğalandığını görmək hər zaman arzum olub. Şükürlər olsun ki, Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçildi və çoxlarının hələ gedə bilmədiyi bu gözəl şəhərə getmək bizə qismət oldu. Azərbaycan dövləti var olsun ki, bu gözəl fürsəti bizim üçün yaratdı.
- Şuşaya avtobusla getdinizsə ermənilərin viran etdiyi, ancaq dövlətimiz tərəfindən yenidən tikilib-qurulan əraziləri gördünüz…
- Əvvəlcə Bakıdan Füzuli şəhərinə təyyarə ilə uçduq. Orda diqqətimi bir məqam çəkdi. Təbii ki, Füzulu Hava Limanı yeni tikilib, orada başqa yerə uçuş yoxdur. Bizi xüsusi reyslə apardılar, oradan da avtobusla iki saata Şuşaya çatdıq. Bu yolçuluq zamanı Füzulunun yaşıl dağlarını, quruculuq işlərini görmək həqiqətən də bizə əlavə stimul verdi. Hər yan yamyaşıl idi, bölgənin füsunkar təbii gözəlliyinə baxmaqla doymurduq.

- Şuşa Azərbaycanın qədim şəhəri olmaqla yanaşı, həm də mədəniyyətimizin, ədəbiyyatımızın beşiyi sayılır...
- Şuşada tarixi və mədəniyyət abidələri çoxdur. Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdik, Şuşa qalasını gəzdik. Yuxarı Gövhər Ağa məscidi görünüşcə sadə olsa da, əslində çox gözəldir. Mən şəxsən onu Osmanlı yadigarlarına deyil, rəng və üslubuna görə Səlcuq dövrünün məscidlərinə bənzətdim. Hansı ki, bu üslübda məscidləri günümüzdə Türkiyənin cənub-şərq bölgələrində görmək olar. Bundan başqa, işğal dövründə ermənilər Şuşa qalasını yerbəyerdən dağıtsalar da, Azərbaycan dövləti onu yenidən bərpa edib. Məni sevindirən o oldu ki, yenidənqurma işləri sırf tarixiliyi qorumaqla aparıldığından qala sanki əvvəldən necə vardısa, elə görünür. Höykəllər vardı - düşmən güllələyərək dəlik-deşik edib, hətta eşitdim ki, ermənilər bəzi heykəlləri başqa yerlərə aparıb və ya satıb, Azərbaycan dövləti sonradan onları alaraq geri qaytarıb. Bütün bunlar Azərbaycan dövləti və xalqını öz tarixinə, keçmişinə necə bağlı olduğunu göstərir. Bir kəlmə ilə demək olarsa, yenidən Şuşaya gəlmək, o gözəl şəhəri gəzmək istərdim.
- Təəssüf ki, Pakistanın da Kəşmir problemi var, mən ərazisi parça-parça olan, yarısı Hindistanda, yarısı Çində qalan Kəşmirdən danışıram. Toplantı çərçivəsində Kəşmir məsələsinə, işğal altındakı digər İslam torpaqlarından da söz açdınızmı?
- Bu konfrans müsəlman ölkələrinin gənclərini təbii ki, İslam coğrafiyasındakı ortaq problemləri çözmək üçün bir araya gətirib. Niyə, çünki gənclik gələcəkdir və sabah problem yaşamamaq üçün onları bu gündən aradan qaldırmaq lazımdır. Bu məqsədlə də bir araya gətirildik, orada bizə diplomatik yönümlü təlimlər də keçildi. Məsələn, beynəlxalq müstəvidə diplomatik problemləri necə və hansı yolla aradan qaldırmaq olar, bu yöndə də məlumatlandırıldıq.
- Hazırda İslam dünyasının bir çox ölkələrində uşaq və gənclərin təhsil almaq, universitetdə oxumaq və gələcək iş həyatında uğurlu olmaq istəklərində təəssüf ki, problemlər mövcuddur. Təəssüf ki, müharibələr və vətəndaş qarşıdurmaları İslam gənclərinin xəyallarını məhv edir. Biz bunu Kəşmirdə, Sudanda, Fələstində, Suriyada, Yəməndə, Somalidə - bir çox ölkələrdə görürük. Pakistan gənclərinin təmsilçisi olaraq, qurtuluş yolu kimi nə tövsiyə edirsiniz?

- Təəssüf edirəm ki, İslam dünyasında silahlı toqquşmalar, ictimai-siyasi qarşıdurmalar, balansızlıq mövcuddur. Məncə bütün bunlara əsas səbəb təhsilin yetərsizliyidir. Biz Qərbin texnalogiyasına qarşı duruş gətirəcək qədər güclü təhsil ala bilmirik və nəticə olaraq təhsildəki bu əskikliyi Qərbin həm texnoloji, həm elmi, həm də innovasiya sahəsində hiss edirik. Onlar məhz elmi-texnoloji üstünlüklərindən yararlanaraq zaman-zaman bizə qarşı işğalçı, radikal mövqe nümayiş etdirirlər. Bunun qarşısını almaq üçün isə islam gənclərinin mütləq elmə və təhsilə ciddi fikir yetirməsi, siyasi bilikləri, beynəlxalq əlaqələri, tarixi və sair yaxşı mənimsəmələri lazımdır. Çünki heç bir millət öz tarixini bilmədən inkişaf edə, irəli gedə bilməz. Odur ki, özümüzü, kimliyimizi dərk etməmiz lazımdır. Milli kimliyimizi, dinimizi-inancımızı dərk edərək inkişaf etsək, xalqlarımızın və ölkələrimizin gələcəyi üçün daha məqbul olar.
- Amma razılaşaq ki, heç də bütün müsəlman ölkələrində təhsilin səviyyəsi eyni deyil…
- Əlbəttə, ölkələr arasında olduğu kimi, ölkələrin daxilində də təhsil sistemində bərabərsizlik mövcuddur. Məsələn, zənginlərin övladları daha mötəbər məktəblərdə təhsil aldıqları halda, kasıb təbəqənin uşaqları bu imtiyazdan yararlana bilmir və nəticəsi onlar böyüdükdə də özünü göstərir. Zatən əvvəldən insanlar bərabər ola bilmədikləri üçün, bu, son anda cəmiyyətdə sıxıntı yaradır. Ona görə də hər kəsə eyni fürsəti yaratmağımız lazımdır. Əgər təhsildəki bu problem aradan qalxarsa, texnalogiya və elmdə mütləq uğurlar qazanacağıq. Adi bir missal çəkim: bir vaxtlar Britaniya imperiyası bizim də daxil olduğumuz Hindistanı niyə asanlıqla işğal etdilər? Çünki o vaxt babalarımız at belində, qılıncla, oxla meydana çıxırdılar. İngilislər isə uzaqdan vuran odlu silahları, tankları, döyüş gəmiləri ilə gəldilər və qısa müddətdə bütün Cənubi Asiyanı ələ keçirdilər. İndi də belədir: biz hələ də öz aramızda “sən beləsən”, “mən beləyəm” deyirik bir-birimizə, onlar da bunu fürsət bilərək üzərimizə gəlir, bizi idarə etməyə çalışırlar. Zatən çox bölünüb-parçalanmışıq. Daha yetər, birlik olmağımız lazımdır. Ümumi kimliyimiz, dinizmiz, islam ətrafında birləşib gələcəyimizi təmin etməliyik. Atatürkün bir sözü var: Yurtda sülh, cahanda sülh. Həqiqətən də, ölkələrimizdə sülh olarsa, kimsənin müdaxiləsinə imkan yaranmaz və inkişafımızı təmin edərik.
- Sizcə, Pakistan və Azərbaycan gəncləri arasında hansı sahədə əməkdaşlıq xalqlarımızın əlaqələrində daha mühüm rol oynaya bilər?
- Təbii ki, ölkələrimizin gəncləri arasında elm-təhsil sahəsində əməkdaşlıq genişlənsə, mübadilələr həyata keçirilsə çox yaxşı olar. Bilirəm ki, bir sıra sahələrdə, bəzi elmi ixtisaslarda Azərbaycanda təhsil daha güclüdür. Texnologiya, mühəndislik sahələrində tələbə və müəllimlərin mübadiləsi ciddi fayda verərdi. Pakistandan Azərbaycana, Azərbaycandan da Pakistana elm adamlarının, tanınmış alimlərin gediş-gəlişi hər iki ölkədə elm və təhsilin, dolayısı ilə cəmiyyətlərimizin inkişafına töhfə verər. Bundan əlavə, hər iki ölkənin gənclər nazirlikləri mütləq qarşılıqlı proqramlar icra etməlidirlər ki, gənclərimiz bir araya gələ bilsinlər. Zatən qardaş xalqlarımız arasında sevgi, bir-birinə hörmək var. Bizim üzərimizə düşən isə bu qardaşlığı daha da möhkəmləndirməkdir. Pakistan və Azərbaycan çox qədim və zəngin mədəniyyətə malikdir. İstərdim hər iki ölkənin mədəniyyət nazirlikləri bu sahədə qarşılıqlı tanıtım işləri görsünlər. Məsələn, Türkiyənin Yunus Əmrə İnstitutu kimi. Çox istərdim ki, Azərbaycan və Pakistan da belə bir mədəniyyət ocağı yaratsın və qarşılıqlı olaraq nümayəndəliyini təsis etsin. Azərbaycanın Pakistanda, Pakistanın da Azərbaycanda mədəniyyət və incəsənət, ədəbiyyat adamlarının tanınması, şair və yazarların əsərlərinin oxunması lazımdır.

- Bunun bir yolu da ölkələrimiz arasında gediş-gəlişin artmasındadır. Gediş-gəliş nə qədər çox olarsa, siz deyən əskiklikləri aradan qaldırmaq da bir o qədər asan olar…
- Əslində Pakistandan Azərbaycana gələnlər çoxdur və ümumilikdə ölkəmizdə Azərbaycanı görmək üçün böyük maraq var. Amma təəssüf ki, Azərbaycandan Pakistana səfər edənlərin sayı azdır. Səbəbi məncə Pakistanda turizm sektorunun hələlik xeyli zəif olmasındadır. Düşünürəm ki, bu sahəyə diqqət yetirməli, turizm sektorunu inkişaf etdirməliyik. Bu halda azərbaycanlı turistlər Pakistana daha çox səfər edər və onlarda ölkəmiz haqda daha geniş təəssürat yaranar.
- Azərbaycanı tərk edirsiniz, necə gördünüz ölkəmizi?
- Əvəllər heç vaxt Azərbaycanda olmamışdım. Bir Pakistan gənci olaraq hər zaman dost və qardaş Azərbaycana gəlmək istəmişəm. Çünki bi gözəl ölkə mənim üçün çox dəyərlidir. Nəsib oldu ki, ilk səfərimi gözəl Şuşadan başladım. Azərbaycan gah isti, gah soyuq, gah düz, gah dağlıq, gah yamyaşıl, gah açıq dəniz olan təbiətə malikdir. Bütün bunlara görə də ölkəniz hər zaman yaddaşımda mehriban, dinc, sakit və firavan bir yer kimi yaddaşımda qalacaq. Azərbaycan xalqında xoşbəxtlik gördüm, sanki hər kəs öz həyatından razıdır, heç bir gərginlik nəzərə çarpmırdı. İnsanlarda səmimiyyət, sevgi gördüm, pakistanlıyam deyəndə məni qucaqlayan, səmimi insanlarla rastlaşdım. Mən Azərbaycanda türk dilinin daha şirin və daha xoş ləhcəsini eşitdim. Türkiyə türkcəsinin özünəməxsus gözəlliyi var, amma Azərbaycan türkcəsi daha gözəl səslənir. Burada insanlar ümumiyyətlə şeirə, ədəbiyyata böyük önəm verirlər. Azərbaycanda insanlar çox vətənpərvərdirlər. Qarabağ bölgəsinə gedərkən vətənpərvər olmağın nəticəsini - zəfər, şəhidlərini unutmayan, dua edən, Allaha həqiqi inanan bir xalq gördüm...