ABŞ Ukrayna prezidenti Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərdiyini açıqlayıb.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ istehsalı olan 4 Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilərdə qoruyucu şəbəkə yaratmaq üçün Ukraynaya göndərildiyini açıqlayıb.
Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.
Humvee avtomobilinə quraşdırılmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir.
Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.
M-1097 Avenger hava sistemi 2001-ci ildə bütün dünyanı şoka salan 11 sentyabr hücumlarından sonra Vaşinqtonda Pentaqonun müdafiəsi üçün istifadə edilib.
“Washington Post”un yazdığına görə, Ukraynaya bu yardım Amerikanın hava hücumundan müdafiə imkanlarının azalması ilə bağlı narahatlıqlarını ifadə edən ABŞ müdafiə ekspertləri arasında müəyyən mübahisələrə səbəb olub.
Rusiya hava hücumları indiyədək Ukrayna üçün həyati əhəmiyyət kəsb edən obyektlərin üçdə birini məhv edib.
Ukrayna infrastrukturunun bir aydan çoxdur ki, ağır hücumlara məruz qaldığını bildirən prezident Volodomir Zelenski hər fürsətdə Qərb müttəfiqlərindən hava hücumundan müdafiə sistemi tələb edir.
Pentaqonun sözçüsü Sabrina Sinq, Avenger sistemlərinin çatdırılması ilə bağlı verdiyi açıqlamada, "Hava hücumundan müdafiə sistemi Ukraynaya kritik infrastrukturu qorumaq imkanı verəcək" deyib.
ABŞ-ın 400 milyon dollarlıq paketinə daxil olan hərbi yardımlar belədir;
-HAWK hava hücumundan müdafiə sistemləri üçün raketlər
-4 Avenger hava hücumundan müdafiə sistemi
-192 Stinger raketləri
-Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat
-21 min 155 mm-lik artilleriya mərmisi
-500 dəqiq idarə olunan 155 mm-lik artilleriya mərmisi
-10 min 120 mm minaatan mərmiləri
-100 Yüksək Hərəkətli Çox Məqsədli Təkərli Avtomobil (HMMWV)
-400 qumbaraatan
-Kiçik silahlar, durbin və 20 milyon atıcı silah sursatı
- Söküntü avadanlığı və soyuq hava üçün geyim