Yeni reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti hər gün artır və Prezidentin bu məsələni yenidən Aşqabad Zirvəsində dilə gətirməsi heç də təsadüfi deyil.
Bu fikirləri hafta.az-a politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Prezident bu məqamı müxtəlif ali qurumların tribunasından səsləndirməklə dəhlizin tək Azərbaycan üçün deyil, region üçün əhəmiyyətə malik olduğunu önə çəkib.
Politoloq bildirib ki, Zirvədə qəbul olunan Aşqabad Bəyannaməsi Azərbaycanın üstün mövqeyini ortaya qoyur. Bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı bildirilib.
Politoloq bunun çox mühüm məqam olduğunu deyib. Onun fikrincə, Azərbaycanı təbrik etmək, eyni zamanda bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyi reallığının qəbul edildiyini göstərir.
Azərbaycanı təbrik edən ölkələr bununla həm də rəsmi Bakının 44 günlük müharibədəki mövqeyini dəstəkləmiş olduqlarını açıqca elan etmiş oldu. Digər tərəfdən, Azərbaycanı təbrik edən ölkələr içərisində KTMT üzvü olan ölkələrin olması da digər bir nüansdır. Bu da ondan xəbər verir ki, Ermənistanla bir təşkilatda yer alan ölkələr özləri də bu ölkəni işğalçı hesab edir və bu məsələdə rəsmi Bakını dəstəkləyir.