Zibilin daşınması üçün pul ödəməyənlərin işığı kəsiləcək

11:07 08.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bərk məişət məişət tullantılarının daşınmasına görə borcu olan Özbəkistan vətəndaşları elektrik enerjisi haqqını ödəyə, habelə daşınmaz əmlak və nəqliyyat vasitələri ilə notariat hərəkətləri edə bilməyəcəklər. Elektrik haqqını ödəmədikləri üçün isə qaranlıqda oturmalı olacaqlar

Hafta.az-ın yazdığına görə, bu məhdudiyyətlər Özbəkistan Prezidentinin “Tullantıların idarə olunmasının təkmilləşdirilməsi və onların ekoloji vəziyyətə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında” 4 yanvar 2024-cü il tarixli fərmanında nəzərdə tutulub.

Sənədə əsasən, sistem mərhələli şəkildə həyata keçiriləcək. 2024-cü il iyunun 1-dən etibarən paytaxtda və digər şəhərlərdə zibil yığılmasına görə 6 aylıq borc olduqda yeni prosedur qüvvəyə minəcək. 2024-cü il noyabrın 1-dən isə tullantıların utilizasiyası xidmətlərinə görə 3 aylıq borc yarandığı halda bütün respublika üzrə elektrik enerjisinin ödənişinə məhdudiyyətlər tətbiq ediləcək.

2025-ci il yanvarın 1-dən bütün Özbəkistanda zibil yığımı üçün borcun müddəti 1 aya qədər məhdudlaşdırılacaq, bundan sonra istehlakçılar elektrik enerjisi haqqını ödəyə bilməyəcək və nəticədə qaranlıqda oturmalı olacaqlar.

Özbəkistan Energetika Nazirliyinin mətbuat katibi Xasan Toşxujayev kommunal ödənişlərin yeni sistemi haqqında “Zibil üçün pul verməyənlər qaranlıqda oturacaqlar” deyib.

Fərmanda qeyd olunub ki, aprelin 1-dən zibillərin daşınması üçün borclar yaranarsa, Özbəkistan vətəndaşları daşınmaz əmlak və nəqliyyat vasitələri ilə bağlı əməliyyatları notarial qaydada təsdiq edə bilməyəcəklər. Notariuslar borcların mövcudluğunu Vahid Elektron Sistem vasitəsilə onlayn şəkildə yoxlayacaqlar.