"İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır" - Əli Əhmədov

15:13 28.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

Hafta.az-ın məlumatına görə, bunu mətbuat konfransında çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədovun sözlərinə görə, cəmiyətdə YAP-a böyük hörmət və diqqət olub. Parlamentin buraxılması dünyanın əksər ölkələrində tez-tez baş verən praktikadır. Buna qeyri-adi qiymət verməyə ehtiyac yoxdur:"İnanıram ki Azərbaycan cəmiyyəti YAP-ın bu qərarı hörmətlə qarşılayacaq. Ölkəmizin inkişafı üçün yeni ənənə, yeni imkanların olmasına şərait yaradacaq".

O, deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar ciddi müzakirə olunur: “İnsanlar bu islahatlarıın nəticəsini görür. Bu islahatların həyata keçirilməsinə YAP öz töhfələrin verir və bundan sonra da verəcək. Bu islahatların məqsədi Azərbaycanın daha da inkişaf etdirilməsi, insanların rifahının daha da yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir.

2019-cu il islahatların daha dinamik aparıldığı il hesab etmək olar. 2019-cu ildə hamının məmmunluğuna səbəb olan sosial paket həyata keçirilib. Digər tərəfdən kadr islahatları aparılıb və insanların məmnunluğu ilə qarşılanıb. Prezident tərəfindən həyata keçirilən islahatlar sistemli geniş əhatəli xarakter alıb.

Azərbaycanda istər stuktur sahəsində, istər kadr sahəsində islahatlar həyata keçirilir və bu xətt bundan sonra da davam edəcək. Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəlib ki, islahatlar qanunvericilik sahəsindən kənarda qalmamalıdır. Bu gün YAP-ın Siyasi Şurasında üzvlər islahatların qanunvericilik sahəsinə də gətirilməsinin məqsədə uyğun hesab ediblər. Siyasi Şuranın bütün üzvləri vahid mövqeyə gəliblər və parlamentin də islahatlara cəlb edilməsi həyata keçirilən islahatlara uğur gətirə bilər”.

Ə.Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirildi: “Deputatlar Siyasi Şuranın qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Məktub yaxın günlərdə parlamentə ünvanlanacaq və hesab edirəm ki, parlamentdə bu qərar yaxın günlərdə baxılacaq”.

Ə.Əhmədov bildirib ki, həyata keçirilən siyasətdə gəncləşmə siyasəti aydın görünür: "Azərbaycanda bütövlükdə gənclərin maraqlarının ifadə olunması böyük əhəmiyət kəsb edir. Savadlı, layiqli gənclər formalaşır. Biz bununla qürur duyuruq. Bu yanaşmadan çıxış etsək,layiqli gənclərdən vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqət mərkəzimizdə olacaq".