“ “Artsax Milli Assambleyası” adlanan bir qurum mövcud deyil”.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistin dünən ləğv edilmiş separatçı-terrorçu rejimin “artsax milli assambleyası” adlanan qondarma “parlamenti”nin Qarabağdan köçmüş ermənilər adından ATƏT-in iştirakçı dövlətlərinə müraciət etməsi ilə bağlı sualına cavab verərkən deyib.
“Ermənistan Respublikası münaqişəyə xidmət edə bilməz və Ermənistan Respublikasının məqsədi bu dövlətin davamlılığı və bu torpaqda davamlı sülhdür. Biz Ermənistanı münaqişələrdən çıxaracağıq və onu münaqişələrdən çıxarmışıq. Burada bir daha müharibə olmayacaq, Ermənistan artıq münaqişələrin tərəfi olmayacaq, sülh olacaq, yollar açılacaq, iqtisadi inkişaf olacaq, mühacirət olmayacaq. Biz bununla barışmalıyıq ki, müharibə olmayacaq, sülh olacaq, xalqımızı və dövlətimizi müxtəlif növ müharibələrə sürükləməyə heç kim nail ola bilməyəcək”, -deyə erməni nazir vurğulayıb.