"Bu gün Bakının marşrut sistemində kifayət qədər hazırlıqlı sürücülər var" - Ekspert

11:54 05.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakıda son illər avtobus parkının yenilənməsi, müasir avtobusların gətirilməsi təqdirə layiqdir. Bakı Nəqliyyat Agentliyi ilin sonuna qədər belə avtobusların ölkəyə gətirləcəyini bildirmişdi. Yeni avtobusların hələ ki, ən vacib olan istiqamətlər üzrə xəttə buraxılacağı deyilirdi. Bununla belə yeni avtobuslara sürücülər də cəlb olunur.  Bəzən isə şahidi oluruq ki, sürücülərlə sərnişinlər  arasında mübahisələr yaranır. Vətəndaşlar sürücülərin idarəetməsindən narazı olurlar. Maraqlıdır, bu gün sürücülər nə qədər təlimatlıdırlar, təhlükəsizlik qaydaları ilə bağlı kifayət qədər məlumatlıdırlarmı?

Hafta.az- mövzunu şərh edən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki, sürücülər kimi bu sahədə kifayət qədər məlumatı olan şəxslər cəlb olunur. Ekspert dedi ki, bir çox hallarda sual yarana bilər: "Avtobuslar yeni gətirilib, onların idarəedilməsi üçün dəvət olunan sürücülər nə tez təlimatlandırıldılar?":

“Sürücülərin hazırlanması üçün bu gün şirkətlər tərəfindən yetərincə şərait yaradılır. BNA-ə məxsus “Baku Bus” MMC-nin də təlim mərkəzi var, sürücülər burada da hazırlıq keçirlər. Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərarın 157-ci maddəsində sürücülər üçün çox ciddi tələblər var. Burada həmçinin sürücülərin peşə hazırlığı ilə bağlı məlumatlar əks olunur. Bu gün avtobus parkında kifayət qədər hazırlıqlı sürücülər vardır ki, onlar ən müasir tələblərə cavab verən avtobusların idarə olunmasına buraxılırlar. Avtobuslar yenilənirsə, o avtobusları idarəedən sürücülərin də peşə hazırlığı daim təkmilləşdirilməlidir”.