"Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırdı" - Mehdi Səlimzadə

18:30 06.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Göyçay Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümü ilə əlaqədar videokonfrans keçirilib.
Hafta.az-ın yazdığına görə, “Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin ən böyük şah əsəridir” mövzusunda keçirilən videokonfransda rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, videokonfransın mövzusu Heydər Əliyev və Azərbaycan dövlətçiliyidir. "Heydər Əliyev sözün əsl mənasında bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr etdi. Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü. 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. Məhz Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdə, vətəndaş müharibəsinin fəsadlarından ləyaqətlə çıxa bilsin və belə də oldu, - deyən S.Şükürov bildirib ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova qeyd edib ki, Azərbaycan tarixində silinməz izlər qoymuş Heydər Əliyevi artıq torpaqları işğaldan azad olunmuş bütöv bir Azərbaycan olaraq xatırlayır və ehtiramla yad edirik. "Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi, bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Ulu öndər hakimiyyətdə olarkən hələ müstəqilliyimizin çətin yollarında qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd olduğundan bu zərif həmdə çox güclü zümrənin dövlətçilik və müstəqilliyimizin böyük dayağı olacağına inanırdı. Bu sarsılmaz inamla qadınlar YAP-ın sıralarında böyük bir orduya çevrildilər", - deyib Z.Zeynalova.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdırdı, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı. "Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək böyük xilaskar rolunu oynayıb, bizim üçün bugünkü müstəqil Azərbaycanımızı yaradıb. Ulu öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq prinsipial, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq Azərbaycan tarixi Qələbə qazandı", - başçı bildirib.
Oxunma sayı 1382