Bu yaxınlarda Hindistan parlamentinin hər iki palatası tərəfindən 2019-cu il Vətəndaşlıq (Dəyişiklik) Aktının (CAA) qəbul edilməsi ilə, Hindistan hökuməti 1955-ci il Vətəndaşlıq Aktına düzəliş edib.
Hindistanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən Hafta.az-a daxil olan məlumatda bildirilir ki, aktın əsas məqsədi 31 dekabr 2014-cü ilədək dini təqiblərə məruz qalaraq Hindistana qaçan və uzun müddət Hindistanda yaşayan vətəndaşlığı olmayan şəxsləri hüquq və dövlət xidmətləri ilə təmin etməkdir.
"Akta əsasən, Hindistana qonşu üç ölkənin azlıq icmalarından olan bu miqrantlar 6 il yaşayış müddəti bitdikdən sonra Hindistan vətəndaşlığını almaq hüququ qazanacaqlar. Akt başqa bir ölkədən gələn və ya hər hansı dinin ardıcılı olan əcnəbinin Hindistan vətəndaşlığına müraciət etməsinə mane olmur. Bununla belə, bu kimi şəxslər 1955-ci il Vətəndaşlıq Aktı ilə müəyyən edilmiş bütün keyfiyyətləri yerinə yetirdikləri təqdirdə, tələb olunan yaşayış müddəti 12 il qalacaq" deyilən məlumatda əlavə olunur ki, Hindistan parlamentinin qəbul etdiyi heç bir qanun, o cümlədən "Vətəndaşlıq Dəyişiklik Aktı 2019" hər hansı Hindistan vətəndaşını vətəndaşlıqdan məhrum edə bilməz. Hindistan, parlament demokratiyası olaraq, inancından və dilindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini təmin edir, ölkənin hər bir vətəndaşı Hindistan Konstitusiyasında təsbit edilən eyni əsas hüquqlardan istifadə edir. Daha sonra bildirilir ki, Vətəndaşlıq Dəyişiklik Aktının əcnəbilərin deportasiyasına səbəb olacağı barədə xəbərlər əslində düzgün deyil, çünki aktın heç bir əcnəbinin Hindistandan deportasiyası ilə əlaqəsi yoxdur. Dinindən və ya ölkəsindən asılı olmayaraq xarici vətəndaşın hər hansı bir deportasiyası Vətəndaşlıq Dəyişiklik Aktının mövcud qanunlarına uyğun və müstəqil şəkildə həyata keçiriləcək.
Milli Əhali Reyestrinin (NPR) Vətəndaşların Milli Reyestri (NRC) ideyası ilə əlaqələndirilməsinə gəldikdə, səfirliyin rəsmisi bunların tamamilə fərqli məsələlər olduğunu bildirir. "Milli Əhali Reyestri Hindistanda yaşayan bütün şəxslər, o cümlədən elan olunmuş xarici vətəndaşlar üçün məlumatlardan ibarətdir. Milli Əhali Reyestri ölkədə ilk dəfə siyahıyaalma ilə birlikdə 2010-2011-ci illərdə aparılıb, halbuki Vətəndaşların Milli Reyestri (NRC) barədə qərar qəbul edilməyib. Bununla yanaşı, yaşayış yerində miqrasiya, doğum, ölüm və bu kimi əhəmiyyətli dəyişikliklər olduğu üçün Milli Əhali Reyestri yenilənməlidir", - səfirliyin açıqlamasında deyilir.