Hindistanın ana müxalifət partiyası olan Milli Konqres Partiyasının sədri, mərhum baş nazir İndra Qandinin nəvəsi, millət vəkili Rahul Qandi Biharda mitinq zamanı baş nazir Narendra Modini Trampın göstərişi ilə Pakistan ərazisindəki silahlı qruplara qarşı hərbi əməliyyatları dayandırmaqda ittiham edib.
Hafta.az-ın yazdığına görə, bu günki çıxışı zamanı Rahul Qandi deyib ki, baş nazir Modi məhz ABŞ prezidenti Donald Trampın göstərişləri əsasında Hindistanın Pakistandakı “terror düşərgələrinə” qarşı əməliyyatları dayandırıb.
Rahul Qandinin “Seçici Adhikar Yatra”nın bir hissəsi olaraq Biharda keçirilən Mazaffarpur mitinqində verdiyi bəyanatda bildirib ki, Donald Trump may ayında baş verən hərbi münaqişədən sonra Hindistanla Pakistan arasında barışıqda aradüzəldən rolunu oynayıb. O xatırladıb ki, ABŞ prezidenti daha sonra özü də nüvə silahına malik iki qonşu arasında yaranmış münaqişəni dayandırmaq üçün şəxsən müdaxilə edib və baş nazir Narendra Modini İslamabadla atəşkəsə razılaşmağa məcbur etmək üçün ticarət və tarif təhdidlərindən istifadə edib.
“Tramp deyib ki, Hindistanla Pakistan arasında müharibə gedəndə mən telefonu götürüb Narendra Modinə zəng vurub dedim ki, nə edirsən et, 24 saat ərzində əməliyyatları dayandır. Narendra Modi isə hər şeyi 24 saat deyil, beş saat ərzində dayandırdı”, - Lok Sabhadakı mitinqdə müxalifət lideri deyib.