ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Ukraynadakı müharibənin “dönüş nöqtəsinə yaxınlaşdığını”, Rusiya ilə Ukrayna arasında Çinin vasitəçiliyi ilə danışıqların bu ilin sonunda başlayacağını bildirib.
Hafta.az-ın yazdığına görə, 99 yaşlı Kissinger, "Çin danışıqlara girdiyi üçün, ilin sonuna qədər bir nəticəyə gəlinəcəyini düşünürəm. Danışıq proseslərindən, hətta faktiki danışıqlardan danışacağıq” deyib.
Kissincer Çinin son 50 ildə dünya gücünə çevrildiyinə diqqət çəkərək, “Çinin beynəlxalq sistemə yenidən daxil olması reallaşacaq. Siz onu beynəlxalq sistemdən kənarda qoya bilməzsiniz”, - deyə bildirib.
Çinlə Tayvan arasında münaqişə ehtimalı ilə bağlı Kissincer, “Bizim bununla bağlı problemimiz var. Bu, iki yüksək texnologiyalı ölkə arasında ümumi müharibəyə çevrilə bilər. Bu, təcili diqqət tələb edən məsələdir" deyib.
Süni intellektin silahlanma yarışına toxunan Kissenger deyib: “Bəli, amma bu fərqli olacaq. Çünki əvvəlki silahlanma yarışlarında necə qalib gəlmək barədə ağlabatan nəzəriyyələr irəli sürə bilərdiniz. Bu isə intellektual baxımdan tamamilə yeni problemdir”.
Kissincer, "AI-nin hərəkət sürəti böhran vəziyyətlərində onu problemli edəcək. Məsələn, süni intellekt müharibə vəziyyətində prezident və müşavirlərinin tamamilə ağılsız hesab etdiyi bir fəaliyyət planı təklif edə bilər. Amma biz onu bir daha yoxlaya bilmərik, çünki maşının əldə etdiyi bütün məlumatları nəzərdən keçirə bilmirik”, - o əlavə edib.