Çinin İstanbuldakı Baş konsulu Cuy Vey, İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşdə ölkəsində yayılmış koronavirus epidemiyası haqqında danışıb.
Hafta.az-ın yazdığına görə, cənab Vey deyib ki, dekabrın 31-də Haybey əyalətinin inzibati mərkəzi olan Uxan şəhərindən, paytaxta bir neçə bənzər nümunə göndərilib: "Bu nümunələrin hamısı dəniz məhsulları bazarı ilə əlaqəliydi. Ertəsi gün - yanvarın 1-də mərkəzi hökumət baş verənləri araşdırmaq üçün komissiya yaradıb. Yanvarın 8-də nümunələri araşdıran komissiya xəstəliyin yeni tip koronavirusla bağlı olduğunu təsbit edib. Həmin koronavirusun bütün genetik xüsusiyyətləri tam mənasında tapılıb üzə çıxarıldı və Ümumdünya Səhiyyə Təşkilatına məlumat verildi. Ondan sonra isə müalicə məqsədli bir sıra müdaxilələrə start verildi".
Baş konsul bildirib ki, koronavirusun Uxan şəhərindən başqa bölgələrə yayılmaması üçün yanvarın 23-də şəhərin quru, hava və dəniz yolları ilə nəqliyyatı qapadılıb. Ən yaxşı hal isə o olub ki, xalq vəziyyəti anlayışla qarşılayıb və hökumətin qabaqlayıcı tədbirlərini dəstəkləyib.
"İndiyədək bütün Çində aşkarlanmış virusa yoluxma hallarının 95 faizi məhz Uxan şəhəri də daxil olmaqla Haybey əyalətində qeydə alınıb. Qarantin tədbirlərinin vaxtında görülməsi çox müsbət nəticələr verib. Nəzarət və qabaqlayıcı tədbirlərdən sonra texniki müstəvidə, məsələn, aşı hazırlanması prosesinə başlanılıb. Bundan da vacibi, aşı hazırlanmasını gözləmədən virusa yoluxan insanların müalicəsini də davam etdirdik. Biz, SARS dönəmindəki təcrübələrimizə və üsullarımıza istinad edərək müalicə üsulu forması seçdik. Sonra da bunu Çindəki bütün əlaqəli xəstəxanalara göndərdik" deyən konsul Cuy Vey əlavə edib ki, amma virusun yoluxma gücü böyükdür.
Diplomat əlavə edib ki, bütün bunlara baxmayaraq, xalq şanslıdır, çünki ölüm faizi çox aşağıdır. "İndiyədək sözügedən koronavirusa yoluxan insanlar arasında ölüm halı 2,1 faizdən aşağıdır. Yəni ölümlə nəticələnmə təhlükəsinə görə adi qripdən də az təsirlidir. Müqayisə üçün deyim ki, 2009-cu ildə ABŞ-da yayılan H1N1 (donuz qripi) epidemiyasında ölüm həddi 17,4 faiz olub" deyib Çinin İstanbuldakı Baş konsulu Cuy Vey.