Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 105 saylı Körpələr Evi, təxminən, 3 ilə yaxındır, Heydər Əliyev Fondu tərəfindən müasir tələblərə uyğun olaraq təmir edilib.
Eyni zamanda, sözügedən müəssisənin ətraf yollarında əsaslı təmir işləri aparılıb. Təəssüflər olsun ki, Körpələr Evinin həyətinin yan tərəfindən bayıra, yəni asfalt yola açılan qapısının çıxış tərəfində kiçik bir sahə tamamilə qazılıb, tamet daşlar dağıdılıb, bir neçə yerdən ağlay üzlüklər qoparılaraq yolun kənarına atılıb. Ərazi şumlandığından, yaşıl qazon və kolllara ziyan dəyib. Qazılmış yer bərpa olunmayıb.
Sakinlər dedilər ki, neçə vaxtdır ərazi bu gündədir: “Heç olmasa gəlib torpağı yaymırlar, içindəki zibili təmizləmirlər”.
Sözügedən Körpələr Evinin qarşı tərəfində Sabunçu RMKTB 47 saylı Mənzil Kommunal İstismar Sahəsi yerləşir. MKİS-dən “Həftə içi”nə bildirdilər ki, Qaz İstismar Sahəsinin işçiləri hava ilə gedən qaz xəttini çəkən zaman ərazini xarabalığa çevirib gediblər: “Özlərinə sərf edən işləri görüblər, qazıb-şumladıqları ərazini isə bərpa etməyiblər, necə var, elə də qoyib gediblər. Biz təmir, abadlıq işləri aparırıq, qaz işçiləri və digər qurumun işçiləri isə dağıdıb, sındırıb gedirlər”.