İki paracüdoçumuz Tokio-2020-nin finalında - FOTO

09:35 27.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan paracüdoçuları Vüqar Şirinli və Şəhanə Hacıyeva "Tokio-2020" Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazanıblar.

Hafta.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda rumıniyalı rəqibi Aleks Boloqanı məğlub edən V.Şirinli "Tokio-2020"nin finalına yüksəlib.

Təmsilçimizin finaldakı rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva da "Tokio-2020" Yay Paralimpiya Oyunlarında finalda iştirak etmək hüququ qazanıb.

O, yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Sandrine Martinet olacaq.

Digər qadın paracüdoçumuz Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.